24 iyun 2025-ci il tarixində Nyu-York şəhərində keçirilmiş “Bütün Əməkçi Miqrantlar və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında” Beynəlxalq Konvensiyaya tərəf dövlətlərin 12-ci iclası çərçivəsində Azərbaycan Respublikası BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2026-2029-cu illər üzrə üzvlüyünə seçilib.
XİN-dən Modern.az-a verilən xəbərə görə, rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycan ilə yanaşı 7 ölkədən olan namizədlər vakant yerlər uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası təmsilçisi səsvermənin ilk mərhələsində bütün namizədlər arasında ən yüksək səs toplayaraq Komitəyə üzv seçilib.
BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi “Bütün Əməkçi Miqrantlar və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında” Beynəlxalq Konvensiyanın icrasına nəzarət edən 14 müstəqil ekspertdən ibarətdir.
Azərbaycan Respublikası qeyd edilən Komitə ilə yanaşı BMT-nin insan hüquqları üzrə müqavilə qurumlarından olan Qadınlara Qarşı Ayrı-seçkiliyin aradan Qaldırılması və İqtisadi, Sosial və Mədəni Hüquqları üzrə Komitələrdə də təmsil olunur.