Türkiyə ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi üçün 2,4 milyard avro məbləğində xarici maliyyələşmə təmin olunub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
O bildirib ki, strateji əhəmiyyətə malik bu layihə Türkiyənin şərqini Asiya ilə birləşdirəcək, həmçinin regionun nəqliyyat-logistika imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
“Xəzinə və Maliyyə Nazirliyimizin apardığı uğurlu danışıqlar nəticəsində bu vacib layihə üçün 2,4 milyard avroluq xarici maliyyələşmə təmin olunub. Bu, eyni zamanda Türkiyənin həyata keçirdiyi iqtisadi proqramlara beynəlxalq səviyyədə olan etimadın göstəricisidir”, - deyə Uraloğlu vurğulayıb.
Nazir əlavə edib ki, layihə Türkiyənin logistika gücünü artıracaq, ölkəni beynəlxalq rəqabətdə daha da irəli çıxaracaq və qlobal nəqliyyat dəhlizlərində mühüm rol oynayacaq.
Xatırladaq ki, bu dəmir yolu layihəsi Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsini təmin etməklə, həm də Zəngəzur dəhlizi və regionun digər nəqliyyat təşəbbüsləri ilə strateji şəkildə uzlaşır.