Modern.az

Azərbaycanın Baş konsulları KİMLƏRDİR... - SİYAHI

Azərbaycanın Baş konsulları KİMLƏRDİR... - SİYAHI

Ölkə

25 Avqust 2025, 16:55

Konsulluqlar dövlətlərin xaricdəki ən vacib dayaqlarından biridir. Onlar diplomatik nümayəndəlik olmaqla yanaşı, həm də vətəndaşların real problemlərinin həll olunduğu ünvan kimi çıxış edirlər.

Xaricdə pasportun itirilməsi, qəza, hüquqi və tibbi çətinliklər zamanı konsulluqlar vətəndaşların ilk müraciət ünvanıdır. Bununla yanaşı, konsulluqlar ölkələr arasında iqtisadi və mədəni əlaqələrin güclənməsinə töhfə verir. İş adamlarının maraqlarının qorunması, sərmayələrin təşviqi, milli mədəniyyətin təbliği onların əsas fəaliyyət sahələrindəndir.

Əksər hallarda paytaxtdan kənarda fəaliyyət göstərən konsulluqlar regional diplomatiyanın daşıyıcısı olur. Onlar yerli hakimiyyətlə birbaşa əməkdaşlıq qurur, bölgələr səviyyəsində əlaqələri inkişaf etdirir. Nəticə etibarilə, konsulluqlar dövlətin həm öz vətəndaşına sahib çıxmasının, həm də beynəlxalq aləmdə milli maraqlarını qorumasının ən mühüm vasitələrindən biridir. Bu səbəbdən konsulluqlara rəhbərlik edən şəxslərin reputasiyası da xüsusi önəm daşıyır. 

Modern.az xarici ölkələrdə fəaliyyət göstərən baş konsulluqlarımızın rəhbərlərinin bioqrafiyasını təqdim edir. 

Azərbaycan Respublikasının Los Ancelesdə Baş Konsulluğu

2024-cü ilin noyabr ayında Prezident İlham Əliyev Vüqar Qurbanovu Los Ancelesdəki Baş Konsul vəzifəsinə təyin edib. Onun konsulluq dairəsinə ABŞ-nin qərb bölgəsində yerləşən 13 ştat daxildir. V. Qurbanov 20 illik diplomatik karyeraya malikdir və milli təhlükəsizlik, xarici siyasət sahələrində müxtəlif vəzifələrdə çalışıb.
Təyinatından əvvəl o, Azərbaycanın ABŞ-dəki səfirliyində müşavir vəzifəsində fəaliyyət göstərib. Həmçinin Azərbaycanın NATO-dakı Nümayəndəliyində çalışaraq ölkənin hərbi və digər sahələr üzrə NATO-nun rəhbərlik etdiyi əməliyyat və missiyalara töhfələrinin əlaqələndirilməsini həyata keçirib.

Vüqar Qurbanov üç magistr dərəcəsinə malikdir. O, ABŞ Milli Müdafiə Universitetinin fərqlənmə diplomu ilə məzunu, eyni zamanda Belçikanın Brüj şəhərində yerləşən Avropa Kollecinin və Bakı Dövlət Universitetinin məzunudur.

Azərbaycan, ingilis, rus və türk dillərində sərbəst danışır.


Azərbaycan Respublikasının Dubay Şəhərindəki Baş Konsulluğu

Dubay şəhərində Baş Konsulluğa hazırda Cavidan Hüseynov rəhbərlik edir.

Cavidan Hüseynov 1972-ci il aprelin 1-də Bakı şəhərində anadan olub. O, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2007-ci ildə isə hüquq elmləri namizədi elmi dərəcəsini müdafiə edib.

Cavidan Hüseynovun diplomatik karyerası 1994-cü ildə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində referent kimi başlayıb. Daha sonra o, müxtəlif illərdə XİN-in Konsulluq İdarəsində attaşe, üçüncü katib, ikinci katib, şöbə müdiri kimi çalışıb. 2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində şöbə müdiri-birinci katib vəzifəsini icra edib. Elə həmin ildən etibarən XİN-in Konsulluq İdarəsində müşavir, 2010–2018-ci illərdə isə idarə rəisinin müavini olub. 2018-ci ildə ona ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib. Həmin ildən etibarən isə Dubay şəhərində Azərbaycan Respublikasının Baş konsulu kimi fəaliyyət göstərir.

Cavidan Hüseynov ailəlidir və üç övladı var.


Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu

Azərbaycan Respublikasının Batumi şəhərində Baş Konsulluğa Fuad Əzizov rəhbərlik edir.

Fuad Əzizov 5 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini həm Bakı Dövlət Universitetində, həm də Azərbaycan Dillər Universitetində alıb. 1997–2000-ci illərdə BDU-nun Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsində, 2000–2002-ci illərdə isə magistr pilləsində təhsilini davam etdirib. Paralel olaraq, 1996–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində (qiyabi) bakalavr dərəcəsi əldə edib.
Fuad Əzizov diplomatik karyerasına 2003-cü ildə Xarici İşlər Nazirliyinin Ümumi katibliyində referent və attaşe kimi başlayıb.

2005–2009-cu illərdə Azərbaycanın Rumıniyadakı səfirliyində attaşe və üçüncü katib vəzifələrində çalışıb. 2009–2010-cu illərdə XİN-in Kadrlar və ixtisasartırma idarəsində fəaliyyət göstərib. 2010–2014-cü illərdə Serbiya Respublikasındakı səfirlikdə ikinci və birinci katib vəzifələrini icra edib. Ardınca, 2014–2016-cı illərdə XİN-in Kadrlar və ixtisasartırma idarəsində birinci katib və şöbə müdiri kimi çalışıb. 2016–2019-cu illərdə yenidən Rumıniyadakı səfirliyində bu dəfə birinci katib və müşavir olub. 2020–2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin Kadrlar idarəsində şöbə müdiri və rəis müavini vəzifələrində fəaliyyət göstərib. 2024-cü il noyabrın 18-dən etibarən Fuad Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Fuad Əzizov rus, ingilis, rumın və serb dillərində sərbəst danışır. O, ailəlidir və iki övladı var.

Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu

Azərbaycan Respublikasının İstanbul şəhərində Baş Konsulluğa Nərminə Mustafayeva rəhbərlik edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyul 2020-ci il tarixli sərəncamı ilə Nərminə Mustafayeva Türkiyənin İstanbul şəhərində Baş Konsul təyin olunub. Diplomatik karyerasına başlamazdan əvvəl Nərminə Mustafayeva uzun illər dövlət xidmətində çalışıb. O, 15 ildən artıq Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətində fəaliyyət göstərib. Dövlət strukturlarındakı işindən öncə isə müxtəlif dövlət və müstəqil media orqanlarında, eləcə də yayım şirkətlərində jurnalist və aparıcı-redaktor vəzifələrində işləyib.
Nərminə Mustafayeva ABŞ-nin Virciniya ştatında yerləşən Old Dominion Universitetində Beynəlxalq biliklər üzrə magistr dərəcəsi alıb. Bununla yanaşı, o, Azərbaycan Dövlət Dillər Universitetinin də məzunudur.
Dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Naxçıvanda anadan olan Nərminə Mustafayeva ailəlidir, üç övladı var. O, ingilis, rus və türk dillərində sərbəst danışır.

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli sərəncamı ilə Zamin Əliyev Türkiyənin Qars şəhərində Baş Konsul təyin olunub. Zamin Əliyev 1979-cu il oktyabrın 8-də Ağdam rayonunda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr dərəcəsini, 2002-ci ildə isə həmin fakültənin magistraturasını bitirib.

2001–2005-ci illərdə Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsində referent və attaşe kimi çalışıb. Ardınca 2005–2008-ci illərdə Azərbaycanın Macarıstandakı səfirliyində attaşe və üçüncü katib vəzifələrində fəaliyyət göstərib.2008–2011-ci illərdə XİN-in Beynəlxalq hüquq və müqavilələr idarəsində üçüncü və ikinci katib olub. Daha sonra 2011–2017-ci illərdə Türk Dövlətləri Təşkilatında layihə direktoru vəzifəsini icra edib. 2017–2020-ci illərdə XİN-in Beynəlxalq hüquq və müqavilələr idarəsində birinci katib və şöbə müdiri, 2020–2021-ci illərdə isə Nazirliyin İkinci Avropa idarəsinin rəis müavini kimi çalışıb.2021–2024-cü illərdə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini vəzifəsini icra edib.

Zamin Əliyev türk, ingilis və rus dillərini sərbəst bilir. O, ailəlidir və üç övladı var.


Bundan başqa, Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğuna Əliyənnağı Hüseynov rəhbərlik edir. O, Prezidentin sərəncamı ilə 6 sentyabr 2016-cı ildən bu vəzifəni icra edir.  
Prezident İlham Əliyevin 18 noyabr 2024-cü ildə imzaladığı sərəncama əsasən isə Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğuna Ayxan Süleymanlı rəhbər təyin edilib. 
Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki  Baş Konsulluğun başçısı vəzifəsini Anar Yusifzadə icra edir. Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğun başçısı vəzifəsini isə icra edən Şöhrət Mustafayevdir.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...