Modern.az

Azərbaycanın səfirsiz səfirlikləri – ARAŞDIRMA

Azərbaycanın səfirsiz səfirlikləri – ARAŞDIRMA

Ölkə

8 Sentyabr 2025, 17:07

Prezident İlham Əliyevin sentyabrın 4-də imzaladığı sərəncamla Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov geri çağırılıb. O, 2021-ci ildə bu vəzifəyə təyin edilmişdi. Hazırda Hüseyn Hüseynovun yerinə heç kim təyin edilməyib. 

Səfirsiz qalan diplomatik nümayəndəliklər təkcə Bolqarıstanla məhdudlaşmır. Bir sıra mühüm ölkələrdə Azərbaycan uzun müddətdir səfirsiz fəaliyyət göstərir və təmsilçiliklər müvəqqəti işlər vəkilləri vasitəsilə idarə olunur.

Modern.az səfirsiz fəaliyyət göstərən səfirliklər barədə araşdırma aparıb.

Qeyd edək ki, hazırda Azərbaycanın 70-dən artıq səfirliyi, 5 daimi nümayəndəliyi, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluğu fəaliyyət göstərir. 

Səfir vəzifəsi boş qalan ölkələrdən biri İraqdır. Azərbaycanın bu ölkədəki sonuncu səfiri Nəsir Məmmədov olub. O, ötən il vəzifəsindən geri çağırılıb və yerinə təyinat olmayıb. Cəmi 1 il səfir vəzifəsini tutan diplomat daha əvvəl həmin səfirlikdə müxtəlif postlarda çalışıb.

Yaxın Şərqdə, xüsusilə Suriya ilə münasibətlərdə də diqqətçəkən nüanslar var. Azərbaycan vətəndaş müharibəsi səbəbilə Dəməşqdəki səfirliyini bağlamış, fevralı ayında 13 illik fasilədən sonra isə yenidən fəaliyyətini bərpa edib. Amma hələlik səfir təyin edilməyib, Azərbaycanın bu ölkədə sonuncu səfiri Mahir Əliyev olub, hazırda isə ölkəni müvəqqəti işlər vəkili Elnur Şahhüseynov təmsil edir. O, 2002-ci ildən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Bununla yanaşı, Liviyadakı səfirliyimiz 2014-cü ildə vətəndaş müharibəsi ilə əlaqədar fəaliyyətini dayandırıb. Bu ölkədəki sonuncu səfirimiz Ağasəlim Şükürov olub. O, 2023-cü ildə vəfat edib.

Kanadada isə vəziyyət daha dramatikdir - sonuncu səfir Fərid Şəfiyev olub və o, 2014-cü ildə geri çağırılıb. Hazırda Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədridir. 10 ildən artıqdır Azərbaycanı Kanadada müvəqətti işlər vəkili təmsil edir.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı sonuncu səfiri Elxan Poluxov 2016-cı ildə vəzifədən ayrılıb. Həmin ildən Pretoriyadakı səfirlik boş qalıb. Elxan Poluxov hazırda Azərbaycan Respublikasının Misirdəki səfiridir.

Eyni vəziyyət Avstraliya İttifaqı, Yeni Zelandiya və Fici üzrə də mövcuddur. Burada sonuncu səfir Rövşən Cəmşidov olub və 2016-cı ildən sonra səfir təyinatı baş tutmayıb.

Elnur Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?