İranın Azərbaycana qarşı düşmənçilik ritorikası davam etməkdədir. Səfirliyimizə silahlı hücumdan sonra deputat Fazil Mustafaya qarşı terror aktının törədilməsi bütün izlərin İrana apardığını göstərdi. Ölkə gündəmini silkələyən olaydan dərhal sonra İran ordusunun Quru Qoşunlarının komandanı Kiomərs Heydərinin Azərbaycan əleyhinə hədyanlar yağdırması molla rejiminin din pərdəsi altında yürütdüyü murdar siyasəti ortaya qoydu. Bütün qırmızı xətləri keçən İran rəhbərliyi dolayı yolla Azərbaycan səfirliyinə və deputat Fazil Mustafaya qarşı terrorun onların sifarişi ilə həyata keçirildiyini bəyan etmiş oldu.
Bəs, səbəb nədir? İran Ermənistanı dost, Azərbaycanı düşmən seçməklə nə əldə etmək istəyir?
Mövzu ilə ağlı Modern.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, iranlı generalın açıqlamaları cəfəngiyyatdır və regionda sülhün qarşısını almağa hesablanıb.
“İlk olaraq onu qeyd etmək lazımdır ki, Azərbaycan heç bir dövlətin ərazi bütövlüyünü pozmur və hər hansısa coğrafi dəyişikliyə cəhd etmir. Bu məsələ Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib. Molla rejimi yarandığı gündən sionist rejimlə virtual olaraq “Don Kixot” tipli mübarizə aparır. İran 90-cı ilin əvvəlindən Azərbaycanı sionist rejim ilə əlaqədə olmaqda ittiham edib. Ancaq indiyə qədər ittihamlarını təsdiqləyəcək bir fakt göstərə bilməyiblər. Hətta 90-cı illərdə milli təhlükəsizlik nazirinin qəbulunda olanda bildirmişdilər ki, Azərbaycanın bir rayonunda İsrail bazası var. Mən xatırlayıram ki, həmin azərbaycanlı nazir cavab olaraq söyləmişdi ki, “dərhal buradan gedək, siz istədiyiniz nöqtəni göstərin, biz hazırıq ona cavab verməyə”. Azərbaycanın sionist rejiminə öz ərazisində şərait yaratması iddiası cəfəngiyyatdan ibarətdir. Ölkəmiz İsrail ilə siyasi, mədəni, elmi və iqtisadi sahədə əməkdaşlıq edir. İsraildə səfirliyimizin açılması ilə molla rejimi daha da azğınlaşıb. Digər tərəfdən Suriyadan və Yaxın Şərq ölkələrindən guya müharibədə iştirak edən terrorçuların hələ də Azərbaycanda varlığını sürdürməsi iddiası məntiqə sığan məsələ deyil”,- deyə deputat bildirib.
N.Məhəməliyevın fikrincə, iranlı general gülünc iddiaları məqsədyönlü şəkildə ortaya atır ki, diqqəti əsas mövzulardan yayındırsın:
“Azərbaycan hərbçiləri Vətən müharibəsində güclərini göstərib, tarixi torpaqlarımızı azad etdilər. Müharibə dövründə bir çox iddialar ortaya atılmışdı. Lakin Ermənistan, İran və Fransa irəli sürdükləri iddiaları sübut etmək üçün fakt ortaya qoya bilmədilər. Bu açıqlamalar qeyri-ciddi məsələlərdir. Molla rejimi yaxınlığında güclü, sərbəst siyasət aparan, dünyəvi dövlət prinsiplərini əsas götürmüş, demokratik dövlət quruculuğuna köklənmiş bir ölkə görmək istəmir. Bu baxımdan həm öz ərazisində, həm də digər dövlətlərin torpaqlarında terrorçu qruplaşmaların formalaşdırmasını təşkil edir. Bu gün Livan, Suriya, İraq, Fələstin və Yəməndə İran rejiminin terror dəstələrini maliyyələşdirməsinin acı nəticəsini görürük. Bu ölkələrin heç birində sabitlik və inkişaf yoxdur. Hətta bəziləri normal hökumət belə qura bilmir. Livanda 10 ildən çoxdur ki, normal bir dövlət idarəçiliyi təşkil olunmur. Hizbullah təşkilatı imkan vermir ki, orada hökumət qurulsun. Amma zamanında Livan ərəb ölkələri arasında ən modern ölkələrdən biri idi. İndi isə ölkə xaotik şəraitdə varlığını davam etdirir. Azərbaycanda da həmin siyasəti həyata keçirmək istəyən molla rejimi öz proksilərini yetişdirib, müəyyən həssas məqamlardan sui-istifadə edərək gənclərimizi dini təhsil adı ilə cəlb etməyə çalışdı. Biz bu gün bunun mənfi nəticələrini görürük.
Azərbaycan cəmiyyətinin üzvlərinin qarşı-qarşıya qoyulması, İslam dininə aid olmayan “Hüseyniyyun” adlı təşkilatın formalaşması, kərimə dövlətinin qurulması ilə bağlı nağıllar gənclərin beyinlərini yumağa və ölkəmizin konstitusion quruluşunun dəyişdirilməsinə hesablanıb. Son zamanlar Azərbaycan hüquq-mühafizə orqanlarının prinsipal mövqeyi nəticəsində İranın casus şəbəkəsi ifşa edilib, faktlarla ictimaiyyətə təqdim olunub. Onların iç üzünün açılması molla rejiminin xoşuna gəlmir. Bu baxımdan Xomeneiyə bilavasitə tabe olan İslam Keşişləri korpusunun - SEPAH-ın rəhbər şəxslərinin təhdidləri tamamilə əsassızdır. Əsas məsələ odur ki, bu ölkə indiyə qədər aldığı zərbələrdən düzgün nəticə çıxarmayıb. İran sülhə yönəlik addımlar atmaqda, Azərbaycanla dostluq əlaqələri qurmaqda maraqlı deyil. Ona görə də çalışır ki, Zəngəzur dəhlizi açılmasın, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyanın yaranmasına mane olsun”.
Deputat Arzu Nağıyev isə söyləyib ki, İranın xüsusi xidmət orqanlarının ifşa olunan agentura şəbəkəsi onların bir neçə istiqamətdə ölkəmizə qarşı təxribatlarının davam etməsinin sübutudur:
“Bu rejim dini qurumlar vasitəsilə iş görməyə çalışır. Eyni zamanda onların əsas məqsədləri saxta İslam dövlətinin yaradılmasıdır. Burada əsas söhbət məhz bundan gedir. Cənub qonşumuz enerji təhlükəsizliyimizə təhdidlər yağdırır. Enerji strukturlarımızla bağlı məlumatlar əldə edərək, hətta bu məlumatları Ermənistana belə ötürməyə çalışır və ötürür də. 44 günlük Vətən müharibəsində bunun sübutu var. İran rejimi sərhəddə hərbi təlimlər keçirir, Tehrandakı səfirliyimizə hücum təşkil etdirir. Bütün bu məsələlər bir daha göstərir ki, İran təxribatlarından əl çəkmək istəmir. Hətta sual oluna bilər ki, onlar müharibə istəyir? Xeyr, onlar bunu istəmirlər. Çünki keçirdiyi təlimlərdə molla rejimi hiss etdi ki, Azərbaycan tək deyil, onun yanında Türkiyə var. Azərbaycanın bir sıra xarici dövlətlərlə çox ciddi hərbi əlaqələri mövcuddur. Ona görə də cənub qonşumuz bu əməllərini həyata keçirə bilməz. Azərbaycan bütün təxribatlara qarşı peşəkar, layiqli cavabını verir. Amma onlar öz əməllərindən əl çəkmirlər. Son olaraq, hərbi təyyarələrin sərhəd boyunca uçuşu, vizual kəşfiyyatın aparılması qonşuluq münasibətlərinin pozulması deməkdir. Bəhanə ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılsa, guya hansısa ölkənin nümayəndələri gəlib burada iştirak edə bilər”.
A.Nağıyev vurğulayıb ki, İranın ölkəmizə qarşı atdığı addımlar nə İslami dəyərlərə, nə də qonşuluğa uyğundur:
“Ermənistan torpaqlarımızda məscidlərimizi dağıdıb, orada donuz saxlayıb. İran tərəfindən bu haqda hər hansı bir bəyanat olmayıb. Sərhəd açıq olub, qaçaqmalçılıq, narkotik daşınması, yanacaq sürtgü materiallarının, Xəzər dənizinin İran sektorunda olan ərazisindən qaçaqmalçılıq yolu ilə qara kürünün Ermənistan brendi adı altında daşınması kimi hallara yol verilib. Bu gün bunların qarşısı alınıb və bu da böyük qıcıq yarada bilər. Mövcud vəziyyətdən istifadə edərək təxribat fəaliyyətlərini genişləndirməklə, Ermənistanda özünün müttəfiqliyini büruzə verməklə Azərbaycana qarşı addımlar atmaq nə qonşuluğa, nə də İslami dəyərlərə sığır. Bu baxımdan düşünürəm ki, xüsusi xidmət və hüquq-mühafizə orqanları əməliyyat şəraitinə nəzarət edir. Hara qədər davam etsə, ora qədər də qarşısı alınacaq.
Eyni zamanda İran xüsusi xidmət orqanlarının dəst-xəttidir ki, cəlbetmələr həyata keçirsinlər. Bu cəlbetmələr maddi yolla daha çox həyata keçirilir. Az olsa da bu metoddan istifadə olunur. Məlumdur ki, aşağılayıcı məlumatlar, birdəfəlik yardım, müalicə və s. vasitələrlə insanları cəlb etməyə çalışırlar. Burada ideya məsələsini ortaya atırlar. Müxtəlif təriqətləri, dini qurumları qarşı-qarşıya qoymağa çalışırlar. İranlı generalın Azərbaycan haqqında səsləndirdiyi fikirlər isə cəfəngiyyatan ibarətdir. Qeyd olunan məsələ müharibə vaxtında da səslənmişdi, ancaq yalan xəbərləri təsdiqləyəcək heç bir fakt ortaya qoyulmadı. Azərbaycan İslami dəyərlərə hörmətlə yanaşan dünyəvi dövlətdir. Xüsusi xidmət orqanları da, vətəndaşlar da, hüquq-mühafizə orqanları da bu istiqamətdə əlindən gələni edir. Ölkəmiz hər zaman öz qonşularına qarşı hörmətlə yanaşmış, onlarn ərazi bütövlüyünə hörmət etmişdir. Azərbaycanın təhlükəsizliyinə, konstitusiyasına qarşı hər hansı bir təhdidin qarşısı cidd-cəhdlə alınacaq”.