Mən arzu edərdim ki, Milli Məclisdə hesabat verən digər qurumlar da belə əhatəli hesabat hazırlasınlar. Biz demək olar ki, lazım olan hər bir şeyi detallı hazırlamışıq.
Modern.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Palata sədri deputatların iradlarını qəbul etmədiyini söyləyib: “Hesabatı tam oxumaq lazımdır ki, ondan sual verə biləsən. Deputat Vahid Əhmədov, Əli Məsimlinin qaldırdığı iddiaları qəbul etmirik. Bildirək ki, hər hansı dəyişiklik olmursa, burada Hesablama Palatasının günahı yoxdur. Digər tərəfdən deyə bilərəm ki, qurumların çoxunda artıq ştat məsələləri aktualdır. Burada əsas məsələ həmin ştatların doldurulmasıdır. Biz Hesablama Palatası adından qeyd edirik ki, Milli Məclisdə də səmərəlilik artırılmalıdır, təkcə bir neçə deputat səviyyəsində yox, ümumi diqqət artırılmalıdır”.
Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin iclasının gündəliyinə “Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında” hesabatı daxil edilib. Parlamentə sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. Komitə iclasında bəzi deputatlar hesabatla bağlı iradlarını bildiriblər.