“Bu gün ölkədə fəaliyyət göstərən televiziya kanallarında peşəkar xəbər verə bilən, yaxşı çatdıran, üslubu olan aparıcılar çox azdır”.
Modern.az xəbər verir ki, bunu deputat Nizami Cəfərov Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi ilə bağlı müzakirələrdə deyib.
“Xəbər bizə ya çox soyuq, ya da hay-küylü çatır. Şuralar bədii şuralar kimi işləmir. Bu səbəbdən Yayım Şurası həvəsdən düşür və nəzarət icraçıların əlinə keçir. Digər tərəfdən hələ də bizim orfoepiya lüğətimiz yoxdur. Külli miqdarda problemli ifadələrimiz var ki, onları necə səsləndirmək lazım olduğunu bilmirik. Məhz televiziyalarımız bu yöndə məktəb olmalıdır", - deputat çıxışında bildirib.