Elm və təhsil naziri Emin Əmrullayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışı zamanı diqqətçəkən fikirlər səsləndirib. Belə ki, nazir Azərbaycanda bəzi fənlərin adlarının uzun müddətdir dəyişdirilmədiyini deyib.
"Özəl məktəblərdə şagirdlərimiz problemlərin həlli istiqamətində kifayət qədər yaradıcı düşünə bilir. Ola bilər ki, Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Bu tək bizdə yox, bir çox ölkələrdə də belədir",- nazir çıxışında deyib.
E.Əmrullayevin fikirləri sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bir çox vətəndaşlar fənlərin adının dəyişdirilməsinin təhsildəki problemlərdən çıxış yolu olmadığını deyərək, nazirə iradlarını bildirib.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hansısa fənnin adını dəyişməklə ciddi irəliləyişə nail olunacağına inanmadığını deyib:
"Mənə elə gəlir ki, biz əvvəlcə təhsildə prioritetlərimizi müəyyənləşdirməliyik. Bəzən prioritet məsələlər kənarda qalır, biz ikinci və üçüncü dərəcəli mövzular ətrafında müzakirələr aparırıq. Hesab edirəm ki, bu gün qarşıda duran əsas vəzifə təhsilimizin keyfiyyətinin, məzmununun daha da artırılması ilə bağlıdır. Hansısa fənnin adını dəyişməklə təhsilimizdə ciddi nəyəsə nail olunacağına inanmıram".
Deputatın sözlərinə görə, təhsildə xeyli yeni çağırışlar var, hazırda bunlar ətrafında danışmaq lazımdır:
"Təhsilin məzmunu, keyfiyyəti artırılmalıdır. Müəllimlərimizin dünya görüşü və intellektual səviyyəsi artmalıdır. Direktorlar həssaslıqla seçilməlidir. Universitetlərdə təhsilin keyfiyyəti artmalıdır ki, bacarıqlı mütəxəssislər yetişsin. Hansısa fənnin adını dəyişməklə təhsilimizin keyfiyyətində böyük fərqə nail olunacağını düşünmürəm. Fənlər və elmlər məlumdur. Biz yeni fizika, riyaziyyat və ya kimya kəşf edəsi deyilik. Müəyyən bir fənnin adının dəyişilməsi məzmun, keyfiyyət dəyişikliyi ilə müşahidə olunmazsa, biz hansısa mühüm fərqi müşahidə edə bilməyəcəyik. Biz bu məsələlərə xüsusi diqqət yetirməliyik".
Tarixçi alim, deputat Anar İsgəndərov isə vurğulayıb ki, bəzi fənlərin adları əvvəlki dövrlərdə dəyişdirilib:
"Sovet vaxtında bütün fənlər ideologiyaya uyğun dəyişdirilirdi. Məsələn, "SSRİ tarixi fənni" var idi. Burada müttəfiq respublikaların da tarixləri əks olunurdu. Ancaq onlar çox cüzi verilmişdi. Bu da hansı müttəfiq respublikaya münasibətin necə olduğunu göstərirdi. Sovet dönəmində SSRİ tarixinə dair hekayələr kitabı var idi. O kitab təbii ki, müstəqilliyin tələblərinə cavab verə bilməzdi. Ona görə də imtina edildi və adı "Ata yurdu" olaraq dəyişdirildi. Türkiyənin Azərbaycandakı liseylərində din kültürü dərsi var idi. Onun da adı dəyişdirildi. Mövzuda, dissertasiyada da belədir ki, başlıq yerində olanda normal olar".
Deputat hesab edir ki, belə dəyişiklik ancaq bir neçə fənn üzrə tətbiq oluna bilər:
"Ümumilikdə ali riyaziyyat riyaziyyatdır, fizika fizikadır, kimya da kimyadır. Dəyişikliyin köklü olub-olmaması önəmlidir. Əgər dəyişiklik sadəcə forma xətrinə edilirsə, ortada böyük fərq ola bilməz. Azərbaycan müstəqil dövlətdir. Ona görə də tədris edilən fənlər dövlətin siyasətinə uyğun olmalıdır. Biz artıq dünyanın altıdabir hissəsi olduğumuzu demirik. Biz 44 günlük Vətən müharibəsində qələbə qazanmışıq. Nəticədə, orta məktəblərdə tədris olunmağa başlayan Zəfər tarixi kitabı çıxdı. Bu olmalı idi".