Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Korniyenko Rüfət Quliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun nümayəndə heyəti ilə görüşüb.
Modern.az xəbər verir ki, müzakirə olunan məsələlər arasında Ukraynanın bərpası, Beynəlxalq Krım Platformasının parlament qanadının fəaliyyəti, dünya təhlükəsizliyi və əməkdaşlığın qurulması olub.
İlk növbədə, Oleksandr Korniyenko Ukraynanın suverenliyi və ərazi bütövlüyünü ardıcıl dəstəklədiyinə görə Azərbaycan Respublikasına minnətdarlığını bildirib.
“Azərbaycan artıq dağıdılmış infrastruktur obyektlərinin bərpa olunmasında iştirak edir", - deyən O.Korniyenko qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin UNITED24 təşəbbüsünün realizə edilməsi çərçivəsində Ukrayna mülki infrastrukturunun bərpasına istiqamətlənmiş tədbirlərə vəsait köçürülüb, İrpendə park zonası və məktəbin bərpası üzrə layihə maliyyələşdirilib və başa çatdırılıb, eləcə də Kiyev vilayətində məktəbəqədər təhsil və ambulatoriyanın bərpa olunmasına vəsait ayrılıb: “Təşəbbüslərin davam etdirilməsinə ümid edirik”, deyə o vurğulayıb.
Birinci vitse-spiker deyib ki, ötən il Beynəlxalq Krım platformasının birinci Parlament sammiti baş tutub, bu il də müvafiq tədbirin keçirilməsi planlaşdırılıb. O, Azərbaycan tərəfini Beynəlxalq Krım Platformasının parlament qanadının işini dəstəkləməyə və ona qoşulmağa çağırıb.
Ukrayna Parlamenti sədrinin birinci müavini, həmçinin Birləşmiş Millətlər Təşkilatının strukturlarının islahatı üzərində birgə iş üzrə həmkarlarına müraciət edib: “Müasir dünyada təhlükəsizliyin təmin edilməsi sistemi iflasa uğrayıb, onun hərbi təcavüz və cinayətlərin mümkün olmadığı sistemə çevrilməsi ilə təcili islahat tələb olunur”.
“Ukrayna və Azərbaycan parlamentlərinin dostluq qrupları xətti ilə əməkdaşlıq Ukrayna-Azərbaycan parlamentləri arasında dialoqa yeni təkan verəcək”,- deyən O. Korniyenko vurğulayıb ki, görüş zamanı tərəflər beynəlxalq assambleyalar çərçivəsində parlament nümayəndə heyətlərinin işini və komitələr arasında əməkdaşlığı müzakirə ediblər.
Görüşdə, həmçinin Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun həmsədri Volodimir Kreydenko, Qrupun üzvləri Sergey Litvinenko və Anton Şvaçko, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq Komitəsinin sədri Oleksandr Merejko, Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun katibi, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” ictimai təşkilatının İdarə Heyətinin sədri Hikmət Cavadov iştirak ediblər.