Modern.az

Revanşistləri onlar qızışdırır - Moskva bölgədə sülh istəmir

Revanşistləri onlar qızışdırır - Moskva bölgədə sülh istəmir

Parlament

22 Aprel 2023, 12:40

Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “RUSARMİNFO” erməni xəbər agentliyinin efirində səsləndirdiyi fikirlər Azərbaycanda etirazla qarşılanıb. Azərbaycanın Moskvadakı səfirliyi Matveyçevin ölkəmizin əleyhinə verdiyi bəyanata cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərb.

 

Notada “Vahid Rusiya” partiyasından olan deputatın Azərbaycan və Türkiyəyə qarşı fikirlərinin qəbuledilməz olduğu vurğulanıb, onun çıxışının regionda sabitliyi pozmağa yönəldiyi və Ermənistan cəmiyyətində revanşist qüvvələrin keçmişdə qalmış münaqişəni yenidən alovlandırmağa təhrik kimi qiymətləndirilib.

 

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb. Məktubda bildirilib ki, ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığın dinamik inkişafı, eləcə də Rusiya Federasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində fəal vasitəçilik səyləri fonunda Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin müavini Oleq Matveyçevin "Rusarminfo" Rusiya-Ermənistan İnformasiya Agentliyinin efirindəki son açıqlamaları Azərbaycanda böyük narahatlıqla qarşılanıb.

 

Maraqlıdır, Matveyçevin təxribatçı fikirləri nəyə hesablanıb?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov bildirib ki, Rusiya tərəfindən belə addımların atılması birinci dəfə deyil. 


"Rusiyanın iqtidar partiyasından olan deputatları, müxtəlif rəsmilər və ermənipərəst mətbuat orqanları tərəfindən Azərbaycana qarşı təxribat xarakterli çıxışlar edilir. Bunun səbəbi məlumdur. Biz hər zaman çalışırıq ki, Rusiya ilə münasibətlərimiz səmimi olsun. Azərbaycan qarşı tərəfdən də eyni mövqe gözləyir. Lakin bunun tamamilə əksini görürük",- deyə parlamentari söyləyib.

 

E.Məmmədov vurğulayıb ki, Rusiya bölgədə əmin-amanlığın olmasını istəmir və bu məqsədlə Azərbaycan və Ermənistan arasında gərginlik yaradır:

 

"Rusiya böyük və qüdrətli dövlətdir. Həmçinin bizimlə kifayət qədər geniş sahələrdə əlaqələri mövcuddur. Bu ölkədə çoxlu sayda həmvətənimiz yaşayır. Eynilə ölkəmizdə də kifayət qədər rusiyalı məskunlaşıb. Ancaq onu da qeyd etməliyəm ki, belə hadisələr təsadüfən baş vermir. Rusiya özünün Cənubi Qafqazdakı mövcudluğu və varlığını qoruyub saxlamaq üçün Qafqaz respublikaları, xüsusilə Azərbaycan və Ermənistan arasında olan münaqişəni, gərginliyi müxtəlif vasitələrlə qüvvədə saxlamağa çalışır. Çünki bunlar olmasa, problemlər öz həllini tapsa, ölkələr arasında sülh müqaviləsi imzalansa, üçüncü qüvvənin vasitəçi olmasına gərək qalmayacaq. Məhz Rusiyanı narahat edən odur ki, birdən Azərbaycanla Ermənistan arasında bütün problemlər həllini tapar, onlar mehriban qonşu kimi yaşamağa başlayarlar və o zaman rusların bölgədə qalmağına ehtiyac olmayacaq. Ona görə də Rusiya araqarışdıran hərəkətlərə yol verir. Onlar təkcə mətbuatda yox, ərazimizdə müvəqqəti yerləşən hərbi qüvvələri vasitəsilə də təhrikedici, xoşagəlməz addımlar atırlar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi