Modern.az

Uşaqların himayədar ailəyə verilməsi ilə bağlı YENİ QAYDALAR

Uşaqların himayədar ailəyə verilməsi ilə bağlı YENİ QAYDALAR

Parlament

27 Aprel 2023, 16:25

7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrəniləcək və nəzərə alınacaq. 10 yaşı tamam olmuş uşaq himayədar ailəyə verildikdə isə yenə onun razılıq verməsi zəruri olacaq.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanuna əsasən, uşağın himayədar ailəyə verilməsi onun fikri nəzərə alınmaqla həyata keçirilir. 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə verilə bilər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın himayədar ailəyə verilməsi zamanı onun valideynlərinin (olduğu halda) və yerləşdiyi müəssisənin razılığı tələb olunmayacaq.

 

***

Valideyn himayəsindən məhrum olan uşaqlara dair yeni prosedur müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) monitorinqləri planlı (qabaqcadan xəbərdar etməklə) və ya plandankənar (qabaqcadan xəbərdar etmədən) həyata keçirir. Monitorinqlər zamanı ailənin yaşayış şəraiti, maddi vəziyyəti, himayədar ailəyə verilmiş uşağın və himayədar valideynlərin sağlamlıq vəziyyəti, ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınır.

 

Monitorinqlər zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 143.2.1 – 143.2.3-cü maddələrində qeyd edilən əsaslardan birini (himayədar valideynlər onlara həvalə edilmiş himayədar valideyn vəzifələrini yerinə yetirmədikdə, himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə, habelə uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verdikdə, himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər alkoqolik və ya narkoman olduqda) aşkar etdikdə, dərhal uşağın himayədar ailəyə verilməsinə dair müqaviləni birtərəfli qaydada ləğv edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi