Modern.az

Çexiya parlamenti niyə Azərbaycana qarşı çıxdı? - Siyasi basqılar var...

Çexiya parlamenti niyə Azərbaycana qarşı çıxdı? - Siyasi basqılar var...

23 Oktyabr 2023, 17:46

Azərbaycanın suverənliyini bərpa etdikdən sonra Ermənistanın ölkəmizə qarşı bütün platformalarda dezinformasiya kapmaniyasına davam edir. Ermənistan öz kampaniyasına ən müxtəlif komponentləri cəlb edib. Belə ki, Ermənistanın Xarici İşlər Nazirliyi, səfirliklər, lobbi qrupları və parlament şəbəkələri postmüharibə dövründə mübarizəyə davam edir.

 

Azərbaycanın apardığı antiterror tədbirlərindən sonra bir neçə ölkənin parlamentləri Azərbaycana qarşı qərəzli çıxışlar edib, bəyanatlar qəbul ediblər. Bu məqamda Azərbaycan parlamentlərarası işçi qruplarının erməni təbliğatlarına qarşı necə mübarizə apardığı maraqlıdır.

 

Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev Modern.az-a bildirib ki, qarşı tərəfin təxribatları ilə bağlı çexiyalı deputatlar mütəmadi məlumatlandırılır:

 

“Bundan əvvəl iyun ayında qrupun iki üzvü Yan Kubik və Mixal Ratiborski ölkəmizdə səfərdə olublar. Onlar Ağdam şəhərində  vəziyyəti öz gözləri ilə şahid olublar. Daha sonra bununla bağlı onlar Çexiya mətbuatında çıxışlar ediblər. Bu ayın əvvəlində Yan Kubik yenidən Bakıya səfər edib. Milli Məclisdə qrup üzvləri ilə görüşüb.

 

Bir neçə gün öncə isə Çexiyaya səfərimiz baş tutub. Çex Respublikasının parlamentində çexiyalı həmkarlarımız - dostluq qrupunun üzvləri Stanislav Berkovets, Yaroslav Faltinek, Vatslav Kral, Mixal Ratiborski, Yaroslav Foldina və Yan Kubiklə məhsuldar görüşümüz olub. İkitərəfli münasibətlərimiz, parlamentlərarası əlaqələrimiz ətrafında fikir mübadiləsi apardıq. Həmkarlarıma ölkəmizdə baş verən proseslər, ərazi bütövlüyümüzün bərpa olunması ilə işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq və tikinti işləri barədə məlumat verdim. Bu, çex deputatlarla belə geniş tərkibdə ilk görüşümüz idi. Yaxın günlərdə dostluq qrupumuza daha bir həmkarımız - Jiri Stritsek də qoşulacaq. Beləliklə, dostlarımızın sayı daha da artacaq. Parlament diplomatiyası çərçivəsində çex həmkarlarımızla təmaslarımızı daha da intensivləşdirmək niyyətindəyik”.

Deputat Çex Respublikası Senatının regionumuzda baş verən proseslərə dair qəbul etdiyi qətnamə ilə bağlı isə bildirib ki, bu, Avropa Parlamentinin siyasi basqısı ilə olub:

 

“Bununla bağlı Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatı yayılıb. Ümumiyyətlə, belə məzmunlu qətnamələri tək Çexiya parlamenti deyil, bir sıra digər ölkənin də qanunverici orqanları da qəbul edib. Əsas qaynaq təbii ki, ikili standartların təzahürü olan Avropa Parlamentinin siyasi basqısıdır. Çex Respublikası Senatının qəbul etdiyi mövcud reallıqları təhrif edən qətnaməsi də təəssüf doğurur. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, bu qərəzli qətnaməyə etirazımızı bildiririk.

 

Növbəti dəfə erməni lobbisinin və onun havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq. Halbuki, Çex Respublikası parlamentində keçirdiyimiz görüşlərdə Ermənistanın siyasi və hərbi təxribatları, Azərbaycanın anti-terror tədbirlərinin səbəbləri və nəticələri, erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üzrə görülən tədbirlər haqda çexiyalı həmkarlarımızı ətraflı şəkildə məlumatlandırmışıq. BMT-nin ixtisaslaşmış qurumları bölgəyə iki dəfə səfər ediblər, özü də son 30 ildə ilk dəfə olaraq. Bu səfərlərdə onlar mülki əhaliyə qarşı heç bir zorakılıq hallarının baş vermədiyini öz hesabatlarında təsdiqləyiblər. Azərbaycanda bütün mədəni və dini abidələr heç bir ayrı-seçkilik edilmədən dövlət tərəfindən qorunmaqdadır. Çexiya Senatna Ermənistanın həm 30 il ərzində işğal altında qalmış torpaqlarımızda, həm də indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidəni yerlə-yeksan etməsi məsələsinə diqqət yetirməyə çağırırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI