19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri separatçılardan təmizlənib. Əməliyyatdan sonra dövlətimizin başçısı İlham Əliyev şəhərdə Azərbaycan bayrağı qaldırdı. Zəfər Günü ilə əlaqədar olaraq Xankəndi şəhərində möhtəşəm yürüş təşkil edilib.
Xankəndidə bir sıra dövlət qurumları fəaliyyətə başlayıb və xidmətlər göstərilir.
Siyasi partiyaların Xankəndidə yerli təşkilatlarının yaradılması məsələsi də tez-tez gündəmə gətirilir. Bir müddət əvvəl Modern.az bir sıra partiyaların Xankəndi ilə bağlı planlarını soruşmuşdu.
Hakim Yeni Azərbaycan Partiyası da Xankəndidə yerli təşkilat yaratmaq istəyir. Bu barədə saytımıza açıqlamasında partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov məlumat verib.
O qeyd edib ki, YAP-ın Xankəndi istisna olmaqla işğaldan azad olunmuş bütün rayonlar üzrə yerli təşkilatları mövcuddur.
"Amma bu yerli təşkilatlar məcburi köçkünlükdə fəaliyyət göstərirdi. İndi bütün ərazilərimizdə suverənlik təmin olunduğundan işğaldan azad olunmuş ərazilərin ilkin təşkilatları da öz doğma rayonlarına qayıdacaq", - deputat vurğulayıb.
Partiya funksionerinin sözlərinə görə, YAP-ın başlıca vəzifələrindən biri Böyük Qayıdışa siyasi dəstək verməkdir:
"Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və 720 mindən çox üzvünü birləşdirir. Partiyamızın hakimiyyətdə olduğu illərdə Azərbaycan dövləti inkişaf edərək siyasi və iqtisadi müstəqilliyə nail olub. Nəticədə, Azərbaycan 30 il erməni işğalında olmuş ərazilərini azad etdi. Torpaqlarımızın işğaldan azad olunmasından sonra 5 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirildi. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri Azərbaycan Respuplikasının Prezidenti İlham Əliyev yaratdığımız yeni reallığa uyğun partiyanın fəaliyyətini yenidən qurmaq üçün tapşırıqları verib".
A.Badamov vurğulayıb ki, işğaldan azad olunmuş yaşayş şəhərlərimizdə məskunlaşma həyata keçirildikcə YAP-ın da həmin ərazilərdə ilk təşkilatlarının inzibati binaları da istifadəyə veriləcək.
"Xankəndində yaşayış bərpa olunduqdan sonra hətta orda yaşamaqda davam edən erməniəsilli vətəndaşlarımızın da YAP sıralarına qəbul olunması üçün müraciət edəcəyini hesab edirəm. Yaşayış məntəqələrimizdə yenidən yaşayış bərpa olunduqca YAP-ın yerli təşkilatları da həmin ərazilərdə fəaliyyətini bərpa edəcək".