Partiyalar Xankəndidə yerli təşkilat açmağa hazırdılar?..

Partiyalar Xankəndidə yerli təşkilat açmağa hazırdılar?..

Ölkə

4 Oktyabr 2023, 09:00

Ordumuzun 19-20 sentyabr tarixli antiterror tədbirlərindəki qələbəsindən sonra Qarabağın dağlıq ərazisindəki yaşayış məntəqələri tədricən Azərbaycanın nəzarətinə keçir. Artıq Xocavənd, Əsgəran, Xocalı, Xankəndi, Ağdərə şəhərlərində Azərbaycanın müvafiq qurumları fəaliyyətə başlayıb. Tezliklə həmin bölgərlərdə yaşayışın da təmin olunacağı gözlənilir. 

Bu hadisələrin fonunda siyasi partiyaların Xankəndidə öz şöbələrini yaradıb-yaratmayacağı maraq doğurur. 

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı bir sıra siyasi partiyalarla əlaqə saxlayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu siyasi təşkilatın Xankəndi şöbəsinin mütləq yaradılacağını qeyd edib:

"Partiyamızın Xocalı və Xankəndi təşkilatları var. Amma təşkilat üzvləri Bakıda yaşayanlardır. Şübhəsiz ki, bizim Xankəndidə də təşkilatımız olacaq. Onların toplaşması üçün daimi məkanın olub-olmayacağını deyə bilmərəm. Çünki təşkilatlarımızın olduğu böyük rayonlarda ofisimiz yoxdur. Üzvlər harada olsa, toplaşırlar. Partiyamıza 200-300, eləcə də 2000 nəfərin üzv olduğu rayonlarımız da var. Amma, təəssüf ki, ofisimiz yoxdur. Xankəndidə bəlkə də hər hansı bir binamız olacaq. Hər halda, hökmən yerli təşkilatımız orada yerləşəcək".
 

Ağ Partiyanın sədri Tural Abbaslı Xankəndidə yerli təşkilatı yaratmağı arzu etdiklərini bildirib:


"Hər bir vətənpərvər, milli partiyaların arzusu ondan ibarətdir ki, həm Xankəndidə, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərdə şöbələrini açsın. Amma bunun üçün ilk növbədə əhali həmin ərazilərə qayıtmalıdır. Bununla bağlı dövlətin xüsusi icazəsinə ehtiyac var. Həmin ərazilərə keçid xüsusi razılıqla mümkündür. Dövlət bununla bağlı xüsusi imtiyaz tətbiq etməlidir. Bütün dünya görməlidir ki, artıq Azərbaycan, onun strukturları, siyasi partiyaları oradadır. Biz çox böyük məmuniyyətlə Ağ Partiyanın bayrağının da qəhrəman Azərbaycan Ordusu tərəfindən təmizlənən şəhər və qəsəbələrdə dalğalanmasını istərdik. Biz dövlət tərəfindən şərait yaradıldığı təqdirdə bunu etməyə hazırıq. Partiyamızın üzvlərinin arasında Xankəndidən, Ağdərədən, Xocalıdan olan kifayət qədər insanlar var. Həmin insanları birləşdirən faktiki rayon təşkilatları var. Ancaq mərkəz Bakıda yerləşir. Ona görə də, böyük məmuniyyətlə partiyamızın həmin ərazilərdə qərargahlarının olmasını arzu edərdik. Bunun tezliklə baş tutacağına ümid edirəm".

Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli deyib ki, qurumun Xankəndi təşkilatının açılması sonranın işidir:

"Hazırda Azərbaycanın rəsmi qurumlarının Xankəndi və ətraf ərazilərdə tam yerləşməsi prosesi gedir. Siyasi partiyalarla bağlı məsələ gələcəyin işidir. Təbii ki, biz Azərbaycanın bütün ərazilərində olmağı düzgün hesab edirik. Xankəndi də Azərbaycanın ayrılmaz, heç bir əlahiddə status daşımayan bölgəsidir. Xankəndidə, Ağdərədə, Xocalıda partiyanın özək qurumlarının yaradılması gündəmdə ola bilər. Bu gün  əsas məsələ Azərbaycanın tutduğu haqq savaşını legitimləşdirmək və axıra qədər çatdırmaqdır".

Ədalət Partiyasının sədr müavini  Mütəllim Rəhimli gələcəkdə Xankəndidə yerli təşkilat təsis edəcəklərini qeyd edib:

""Siyasi partiyalar haqqında" qanuna görə, partiyaların təşkilatlanması bölgələr üzrə aparılır. Yəni kəndlərdən başlayaraq özəklər və özəklərin tabe olduğu rayon və ya şəhər təşkilatları formalaşdırılır. Qarabağın işğaldan azad edilmiş rayon və şəhərləri də Azərbaycanın ərazisidir. Ona görə də, orada partiyaların yerli təşkilatlarının yaradılması tamamilə qanunauyğundur. Bu baxımdan gələcəkdə təkcə Xankəndidə deyil, digər rayonlarda və şəhərlərdə, eləcə də kəndlərdə Ədalət Partiyasının yerli təşkilatlarını təsis edəcəyik. Ümid edirəm ki,  məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması ilə əlaqədar bəzi təşkilatlarımız da ərazi prinsipinə uyğun olaraq həmin rayonlarda fəaliyyətlərini davam etdirə biləcəklər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır