Milli Məclisin vitse-spikeri Musa Qasımlı İranla İsrail arasındakı hərbi münaqişəyə münasibət bildirib.
Modern.az xəbər verir ki, vitse-spiker tarixi bilməyin vacibliyini qeyd edib:
"Qonşuluğumuzda baş verən hadisələrə münasibət bildirməyimi istəyən media nümayəndələrinə bir tarixçi olaraq deyirəm ki, tarixi bilmək vacibdir. Amma bütün məsələləri tarixə istinadən təhlil edib nəticələr çıxarmaq doğru olmaya bilər, şərait dəyişir. Qonşuluğumuzda müharibənin getməsi pis haldır. Yaxşısı budur ki, Azərbaycan sabitsizlik dənizində sabitlik adasıdır. Bizim üçün ən başlıcası milli-dövlət maraqlarımızın qorunması, yeni milli ideyamızın həyata keçirilməsi, bizi hansı qütbdən olursa-olsun təhdid edənlərin və təhdid etməyə çalışanların daim zəif olmaları, böyük güclərlə düşmənçilik şəraitində yaşamaları, başlarının özlərinə qarışmasıdır".
M.Qasımlı söyləyib ki, yaranmış şəraiti düzgün qiymətləndirməkdən ötrü bəzi məsələləri dərindən təhlil etmək faydalı olar:
"Aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:
- qarşımızda dayanmış çox böyük bir tabloya diqqətlə baxmaq, ilk baxışda görünməyən, arxada gizlənən və dərin məna daşıyan bütün cizgiləri görmək zəruridir. Heç də hər şey göründüyü kimi sadə deyildir, dünya daha böyük müharibənin astanasındadır. Hər şey dövlətlərin bundan sonrakı davranışlarından asılıdır;
- müharibəni başlayan tərəf heç bir zaman qısa və uzunmüddətli planlama aparmadan addım atmır. Tarix boyu müharibəyə xərc çəkən dövlət başqalarının deyil, özünün maraqlarını güdür, onu da sonradan artıqlaması ilə götürür, məğlub etdiyi ölkədə rejimi dəyişir, təbii sərvətlərini ələ keçirməkdən, “almanı bütöv yeməkdən” ötrü onu etnik əlamətlərə görə parçalayıb özünə əlavə problemlər törətmir, dərhal sabitlik yaratmağa kömək edir. Amma rejim dəyişdikdən sonra da çoxlu problemlər yarana bilər;
- baş verənlər bir neçə on il əvvəl planlaşdırılmış “Böyük Orta Doğu layihəsi”nin həyata keçirilməsi deyilmi? Bu layihənin nədən olduğuna diqqət yetirmək, coğrafiyanın yenidən cızılmasına, yeni zəif bir dövlətin yaradılmasına gətirib çıxarmayacaqmı? Onun nəticələri necə ola bilər?
- apardığı müharibədə cənubdan silah alan şimal qonşumuzun xarici təminatdan məhrum edilərək məğlub olması, Yaxın və Orta Şərqdən tamamilə sıxışdırılıb çıxarılması məqsədi daşımırmı? Hələ XX əsrin 80-ci illərində Sov. İKP MK Siyasi Bürosunun iclaslarının birində Suriyadakı şərait müzakirə edilərkən sovet rəhbəri deyir ki, bizim Yaxın, Orta Şərqdən çıxmağımız mövqelərimizi itirməyə gətirər, hansı vasitələrlə olursa-olsun biz orada qalmalıyıq;
- cənub qonşumuzla geniş iqtisadi, enerji əlaqələri olan Çinin zəiflədilməsi niyyəti güdmürmü və s".
Birinci cildi 18 il əvvəl - 2007-ci ildə, ikinci cildi 2008-ci ildə Bakıda, rus dilində birinci cildi 2008-ci ildə, ikinci cildi 2010-сu ildə Moskvada, türk dilində birinci cildi 2013-cü ildə, ikinci cildi 2012-ci ildə Ankarada çap edilmiş “SSRİ-Türkiyə münasibətləri (Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək”) adlı irihəcmli monoqrafiyasından da iqtibas edib:
"Monoqrafiyalarımdan təqdim etdiyim səhifələrin qısa məzmunu aşağıdakılardan ibarətdir. 1978-1979-cu illər İran İslam inqilabından sonra qurulan yeni rejim ABŞ, SSRİ və İsraili “üç şeytan” elan etdi. “Şeytan”lardan biri elan edilməsinə baxmayaraq, cənub sərhədlərindən ABŞ-ın və İsrailin qovulmasından məmnun qalan SSRİ yeni rejimlə əməkdaşlıq etdi. Çünki Sovet İttifaqı ABŞ-ın yerləşdiyi, mövcud olduğu İranla deyil, zəif bir İranla qonşu olurdu.
İran neftinin 40%-də payı olan ABŞ-ın bu ölkədən vurulub çıxarılması ağır şərait yaratdı. ABŞ NATO-da müttəfiqi olmasına baxmayaraq, əgər inqilabdan əvvəl Türkiyəyə çox diqqət yetirmirdisə, inqilabdan sonra Türkiyəyə daha çox möhtac oldu, çıxarılan qüvvələrinin bir hissəsini orada yerləşdirdi.
Türkiyə özünü milli maraqlarını əsas götürərək İran işlərinə müdaxilə etmədi. Çünki qonşuluğunda Qərblə düşmən olan zəif bir yeni rejim qurulmuşdu. Onun yenidən nə zaman güclənəcəyi bəlli deyildi. 1980-ci il 12 sentyabrda Türkiyədə hərbçilər çevriliş etdilər. Kənan Evren hakimiyyətə gəldi. Bir müddət sonra ABŞ-da Dünya Bankında işləmiş Turqut Özal Baş nazir seçildi. ABŞ-ın Yaxın, Orta Şərq siyasətində Türkiyənin rolu artmağa başladı.
Düşmən elan edilənlər İraqla müharibədə İrandakı yeni rejimə yardım edərək ərəb millətçiliyini zəiflətdilər.
Bunun əksi yarandıqda mənzərə necə olar?!"