Ordunun əsas bazası savadlı insanlardan, mütəxəssislərdən ibarət olmalıdır. Bunun üçün də ölkədə həm təhsil sistemi, həm də universitet mexanizmi o dərəcədə güclü olmalıdır ki, ordumuz üçün də keyfiyyətli mütəxəssislər hazırlaya bilək.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
“Amma bu gün, təəssüf ki, bizdə ən çox müzakirə olunan məsələ yasda “ehsan verək, yoxsa verməyək”, “məktəbə uşaqları daşımaq üçün avtomobil olacaq, yoxsa olmayacaq” məsələləridir. Peşə məktəblərinə hələ də insanların cəlb olunmasını stimullaşdıra bilmirik. Televiziyalarda xanım müğənnilərin kulturoloji debatı gedir, elm adamlarının debatlarına az sayda rast gəlirik. Dünyanın məşğul olduğu məsələlərdən çox geri qalmışıq. Bunu mütləq ortadan qaldırmalıyıq”, - deyə millət vəkili vurğulayıb.
Deputat onu da vurğulayıb ki, bu gün qələbəni informasiya, kommunikasiya texnologiyalarında irəli olanlar qazanacaq.
“Bu baxımdan elmi-kütləvi ədəbiyyatların tərcüməsini, nəşrinin müəyyən elementlərini görəndə sevinirəm. Bu sahəyə pul ayrılmalıdır. Bu sahədə yazan, tərcümə edən insanlara vəsait ayrılmalıdır. Ali Attestasiya Komissiyasında görürük ki, müdafiə edənlərin 90 faizi humanitar elmlər, filologiya sahəsindədir. Təbiət elmlərindən cüzi sayda müdafiə var. Bu sahəyə diqqət ayrısaq, insanları buraya yönəltmək olacaq”, - deyə komitə sədri qeyd edib.