Milli Məclisin növbədənkənar sessiyası dünən başa çatıb, deputatlar bu gündən məzuniyyətə çıxıblar.
Qeyd edək ki, deputatların fəaliyyətini tənzimləyən və onların ictimai davranışına dair qaydaları müəyyən edən əsas sənəd “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanundur. Bu qanun parlament fəaliyyətində səmərəlilik və şəffaflığın artırılmasına, Milli Məclisin nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınmasına, həmçinin deputatların fəaliyyətində maraqların toqquşmasının və ictimai etimadın sarsılmamasına xidmət edir.
Qanunun icrasına isə birbaşa Milli Məclisin İntizam komissiyası nəzarət edir.
Mövzu ilə bağlı Modern.az-a danışan İntizam komissiyasının sədri Eldar İbrahimov qeyd edib ki, sentyabr ayından iyula qədər Milli Məclisdə etik kodekslərin ciddi şəkildə pozulmasına rast gəlinməyib.
“Dünən komissiyanın üzvləri ilə birlikdə bu məsələni müzakirə etdik. Bir nəfər də olsun etik kodekslərdən kənara çıxmayıb, heç bir problem yoxdur”.