Modern.az

Korsika Xalqına Dəstək Qrupu bəyanat yaydı

Korsika Xalqına Dəstək Qrupu bəyanat yaydı

Parlament

25 İyul 2025, 19:48

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda bildirilir ki, bu günlərdə Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsinin müəlliflərinin kimliyi artıq həmin layihənin mahiyyətini açıq şəkildə ortaya qoyur.

 

Qeyd edilib ki, regionumuzda baş verən proseslərə növbəti müdaxilə cəhdi olan bu layihədə adəti üzrə reallıqlar təhrif olunur, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilir və ölkəmiz əleyhinə yalan ittihamlar ortaya atılır:

 

"Belə görünür ki, Azərbaycanla Ermənistan arasında xüsusən Əbu-Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi müəyyən qüvvələrin maraqlarına heç bir halda cavab vermir. Onlar vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək xəttini seçiblər. İndiki məqamda Fransa Milli Assambleyasında irəli sürülmüş bu lüzumsuz qətnamə cəhdi də bu davranışın növbəti bariz nümunəsidir.

 

Digər tərəfdən, qeyd etməliyik ki, Yeni Kaledoniya ilə Fransa arasındakı sonuncu razılaşmalar artıq Yeni Kaledoniyanın bir dövlət kimi formalaşma istiqamətində inamla irəlilədiyini göstərir. Belə bir vəziyyətdə vətəndaş cəmiyyəti təsisatı və qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyaya göstərdiyi dəstək Fransanı olduqca qıcıqlandırır. Əminliklə demək olar ki, Fransa tərəfi Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə özünəməxsus üslubda - həmin qətnamə layihəsi ilə cavab verməyə çalışır.

 

Bütövlükdə, bu kimi addımların - istər Valeri Pekres, Ann İdalqo kimilərinin anti-Azərbaycan fəaliyyətinin, istərsə də Milli Assambleyada indiyədək ölkəmiz əleyhinə qəbul edilmiş qətnamələrin mahiyyəti bundan ibarətdir ki, Fransa Cənubi Qafqazda sülh gündəliyindən tamamilə kənarda qalmasını həzm edə bilmir. Bu səbəbdən də bütün vasitələrdən istifadə edərək regionda vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Bütün bunlara ən böyük dəstəyi də erməni lobbisi və ermənipərəst dairələr verir.

 

Daha vacib bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, ölkəmizə qarşı atılan bu kimi addımlarda bir-biri ilə əlaqəli olan vahid bir şəbəkənin fəaliyyəti özünü aydın şəkildə büruzə verir. Müəyyən qüvvələrin maraqlarını reallaşdırmağa çalışan həmin şəbəkənin ayrı-ayrı ünsürləri İsveçrə parlamentində, Fransa parlamentində, ABŞ Konqresində müxtəlif təxribatlar ortaya ataraq regiondakı sülh gündəliyini pozmağa çalışırlar.

 

Lakin onlar bilməlidir ki, bu kimi təxribatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil siyasətə zərrə qədər də təsir göstərə bilməz və Cənubi Qafqaz regionunda baş verən proseslərə xarici müdaxilələrə heç bir halda icazə verilməyəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək