Sağlamlığa zərər verməmək üçün dərman qəbulu yalnız müalicə həkiminin icazəsi ilə tamamilə dayandırıla bilər. Tədqiqat üçün dərman qəbuluna başlamazdan əvvəl və ya onların qəbulunun dayandırılmasından ən az 10-14 gün keçdikdən sonra qan alına bilər.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Könül Kərimova bildirib.
K.Kərimova deyib ki, hər hansı bir dərman müalicəsinin effektivliyinə nəzarət etmək məqsədilə analiz dərmanın qəbulu müddətində və son qəbulundan 7-14 gün sonra təkrar aparılması məqsədyönlü hesab edilir:
“Əgər hər hansı bir dərman preparatı daimi olaraq qəbul edilirsə və həmin preparatın qan analizində yoxlanılacaq göstəricilərə təsiri yoxdursa, onun qəbulu davam etdirilə bilər.
Ümumi qaydalar bütün qan analizlərinin növlərinə aiddir, lakin bəzi tədqiqatlar xüsusi hazırlıq və əlavə məhdudiyyətlər tələb edir ki, bu məhdudiyyətlər artıq müalicə həkimi tərəfindən qoyulmalıdır”.
“Laboratoriya nəticələri bioloji və analitik amillərin təsirinə məruz qalır. Əgər analitik variasiya (dəyişkənlik) testin icra olunma şərtlərindən asılıdırsa, bioloji dəyişkənlik bir çox amillər kompleksindən asılıdır. Bioloji dəyişkənlik faktorları (fizioloji amillər, ətraf mühit amilləri, nümunə götürmə şəraiti, toksik və müalicəvi amillər) laboratoriya nəticələrinə təsir göstərə bilər. Onlardan bəziləri patoloji prosesdən asılı olmayaraq laborator nəticələrin referens dəyərlərindən həqiqi olaraq çıxa bilir. Bu amillərə aşağıdakılar daxildir: fizioloji qanunauyğunluqlar (irqin, cinsin, yaşın, bədən tipinin, fərdi fəaliyyətinin xarakteri və həcminin, qidalanmanın təsiri); ətraf mühit amilləri (iqlim, geomaqnit amilləri, ilin və günün vaxtı, yaşayış mühitində su və torpağın tərkibi, sosial mühit); peşə və məişət zəhərli maddələri (alkoqol, nikotin, narkotik) və yatrogen təsirlər (diaqnostik və müalicəvi prosedurlar, dərmanlar); analiz nümunəsinin götürmə şərtləri (qida qəbulu, fiziki fəaliyyət, bədən mövqeyi, nümunə götürmə zamanı stres) və s.", - həkim əlavə edib.