Modern.az

Dövlət Departamentindən atəşkəsin pozulmasına REAKSİYA

Dövlət Departamentindən atəşkəsin pozulmasına REAKSİYA

Qarabağ

10 Mart 2023, 10:04

ABŞ Dövlət Departamenti Qarabağdakı son insidentə münasibət bildirib.

 

Modern.az Departamentin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü Ned Prays keçirdiyi brifinqdə danışıb.

 

O, jurnalistin "ABŞ kəşfiyyatı elan etdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmayacağı halda gərginlik yaranacağını proqnozlaşdırır. Bu, regiona sülh gətirmək üçün səyləriniz baxımından nə qədər aktuallıq yaradır?" sualını cavablandırıb.

 

 

"Bununla bağlı hər zaman narahatlıq olub. Mürəkkəb bir vəziyyət olduğu üçün həmişə diqqətdə olub. Qarabağ bölgəsində son günlərdə gördüyümüz kimi, zorakılığa çox meylli bir vəziyyət yaranıb. ABŞ problemin həllini dəstəkləmək üçün çoxdan əlindən gələni etmək istəyir. Biz bu ölkələrlə ikitərəfli işləməklə, həmçinin Ermənistan və Azərbaycanla üçtərəfli işləməklə, dialoq və diplomatiya sahəsində səyləri dəstəkləməklə, bu ölkələrin özlərinə diplomatik yolla razılıq əldə etməyə kömək etmək üçün bütün müvafiq mexanizmlər vasitəsilə bunu davam etdirəcəyik", - deyə Prays söyləyib.

 

Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması ilə bağlı məlumat yayıb. "Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən rayonunun Astaf, Gədəbəy rayonunun Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub", - deyə MN-in açıqlamasında bildirilib.

Bu xəbər ilə bağlı
Bakı və İrəvan arasında sülh olmasa... - ABŞ kəşfiyyatından PROQNOZ
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI