Modern.az

Zəngəzurda toylar belə olarmış - MARAQLI TARİXÇƏ

Zəngəzurda toylar belə olarmış - MARAQLI TARİXÇƏ

Qərbi Azərbaycan

18 Oktyabr 2022, 14:04

Zəngəzuru tanıyaq və tanıdaq!

 

Bundan əvvəlki məqaləmizdə (Zəngəzur azərbaycanlılarının etno-mədəni həyatı- M.U.) qeyd etdiyimiz kimi Zəngəzurun bir çox adət-ənənələri, xeyir-şər mərasimlərinin keçirilmə qaydaları qonşu Naxçıvan, Qarabağ və Təbriz-Qaradağ mahalları ilə, əsasən, oxşar idi. Amma bölgələr və kəndlər arasında tarixi, coğrafi və təbiət şərtlərindən doğan fərqliliklər də mövcud idi. Bu yazıda aşağı-yuxarı fərqlilikləri də ümumiləşdirərək Zəngəzur toylarını bu bölgənin ən qədim kəndlərindən biri olan Urud kəndinin (ötən əsrin 70-80- ci illərinin) nümunəsində təsvir etməyə çalışacağıq.

 

Zəngəzurda toylar adətən ilin yay aylarında olardı. Bunun başlıca iki səbəbi var idi:

 

- Birincisi, dağlıq yerin iqliminə, təbiətinə görə - ilin ən gözəl, ən bərəkətli, meyvə-tərəvəzin bol və ucuz olduğu fəsli sayıldığından toyları adətən yay aylarında, xüsusən iyunun ortalarından avqustun ortalarına qədər keçirirdilər.

 

 -İkincisi, camaatın Bakıda, Sumqayıtda, Naxçıvanda, Gəncədə və Azərbaycanın digər yerlərində yaşayan xeyli övladları, qohumları var idi ki, bu “mövsüm” zəngəzurlular da adətən yay aylarında məzuniyyət götürərdilər və dincəlmək üçün Soçiyə, Kislovodskiyə, Karlovı-Varıya deyil, Zəngəzura, doğma yurdlarına gələrdilər. Bu səbəbdən də yayda Zəngəzur toyları təkcə bir mərasim deyil, çal-çağırlı, əyləncəli kütləvi mədəniyyət hadisəsi kimi qiymətli və maraqlı idi.

 

Kəndlərdə hər yay 5- 8, bəzi illərdə isə 10-dan yuxarı toy olardı. Toylar yazın əvvəlindən planlaşdırılar, toy sahibləri öz aralarında hər həftə biri olmaq şərti ilə növbəliliyi razılaşdırardılar.

 

Toya kənd camaatının hamısı başdan-başa dəvət olunardı. Hətta toy yiyəsinin kiminləsə küsülülüyü, düşmənçiliyi var idisə də, buna baxmayaraq, həmin adam da toya dəvət edilərdi. Dəvəti qəbul edib-etməmək isə qarşı tərəfin öz işi idi. Yəni, toya çağırmamaq toya gəlməməkdən daha böyük qəbahət sayılardı.

 

Toy 2-3 gün davam edərdi (adətən, cümə, şənbə və bazar günləri). Toydan bir-iki gün qabaq toy çörəyi bişirmə mərasimi olardı.

 

Zəngəzurda ailələr əsasən gənclərin qarşılıqlı sevgisi əsasında, qismən isə valideynlərin arzusu nəzərə alınmaqla qurulurdu. Oğlan qızın razılığını aldıqdan sonra öz “dərdini” ya özü birbaşa, ya da dostları vasitəsi ilə anasına çatdırardı (atalar ailənin “ağır artilleriyası” sayılırdı və yalnız vəziyyət ciddi şəkil aldıqdan sonra işə qarışardılar). Oğlanın anası, yaxud bacısı qız evinə “divardibi söhbəti”nə gedərdi. Oğlan tərəfin təklifi qız adamlarına çatdırıldıqdan bir neçə gün sonra oğlanın anası gələcək gəlinin ata evinə, qız anasının “ağzını aramağa” yollanardı. Razılıq varsa, növbəti mərhələ-elçilik başlanardı.

 

Elçiliyə oğlanın atası və anası, əmi-dayısı və digər ağsaqqallar gedərdilər (10 nəfərə qədər). Təxminən o qədər də adam qız tərəfdən yığışardı.

 

Əvvəllər elçiliyə bir yaylıq aparardılar, əgər razılıq əldə edilərdisə, oğlanın anası yaylığı gələcək gəlinin başına örtərdi. Son illərdə də yaylıq, yaxud bir nazik üzük aparardılar.

 

Elçilikdə adətən obrazlı, bənzətmələrlə, yarızarafat-yarıciddi söhbət aparılardı. Çox güman ki, razılıq əldə olunmayacağı halda pərtlik yaranmasın deyə söhbətin tonu əvvəlcədən bu cür seçilirdi.

 

Hər şey çaydan başlayardı. Ev yiyəsi süfrəyə çay gətirər, qonaqlar əllərini çaya uzatmazdılar. “Çayımıza – çörəyimizə nə gəlib, gəlinimizə məəttəlik” və s. bu yöndə söhbətlər məclisi şirinləşdirərdi.

 

Qız tərəfin ağsaqqalı “Allah xeyir versin, ağzınızı şirin eləyin” dedikdən sonra şirin çay içilərdi.

 

Çay süfrəsindən sonra stola yemək-içmək gətirilərdi.

 

Elçiliyin bütün xərclərini qız evi çəkərdi. Elçilikdən sonra nişan mərasimi gəlirdi.

 

Nişanın xərclərini oğlan evi, bir qayda olaraq natura şəklində çəkirdi. Qızıl nişan üzüyü, qıza lazım olacaq nə qədər geyim və bəzək əşyaları var idisə, nişanda oğlan evi xüsusi dəm-dəsgahla qız evinə aparardı. Bircə ayaqqabı aparmazdı. Ayaqqabı sıxıntı, darısqallıq rəmzi sayıldığı üçün. Nişana qonaqları qız evi dəvət edərdi. Qonaq deyəndə, əslində kəndin bütün qız-gəlini nişanın iştirakçısı olardı. Hər adam bir xonça gətirərdi. Xonçanın içinə şirniyyat, parça, gəlin üçün paltar, ətir qoyulardı. Nişan musiqinin müşayiəti ilə keçirilərdi. Musiqiçiləri dəvət etməyə imkan olmadıqda maqnitafon və patefon da yarayardı.

 

Nişanda oğlan öz yaxın dostları ilə birgə iştirak edərdi. Üzüyü qızın barmağına oğlan evindən olan qadınlardan biri taxardı.

 

Nişandan bir müddət sonra oğlan bir, ya iki yaxın dostu ilə birlikdə əvvəlcədən xəbərdarlıq edərək qız evinə tanışlığa gedərdi.

 

Toy ərəfəsində söz kəsdi və paltar biçdi mərasimləri olardı.

 

Oğlan evinin bir neçə ağsaqqalı toy ərəfəsində qız evinə söz kəsdiyə gedərdi. Söhbət əsnasında paltar biçdidə (qız toyunda) lazım olan xərclərin, yemək-içməyin qədəri müəyyən edilərdi. Adətən qız evi çox yuxarıdan, oğlan evi isə çox aşağıdan başlayar, yarızarafat-yarıciddi tonda mübahisə edə-edə razılığa gələrdilər.

 

Paltar biçdi adətən toydan əvvəlki həftənin içində qız evi tərəfindən keçirilərdi və bu mərasim qız toyunu əvəz edirdi. Paltar biçdi güman ki, vaxtilə hazır pal-paltar olmayan dövrlərin adətidir. Oğlan evi tərəfindən göndərilən parça dərzi tərəfindən rəmzi olaraq mərasim iştirakçılarının qarşısında kəsilərdi (yəni ki, sizin parçanızı qəbul edib gəlin üçün tikirik). Paltar biçdi qız evinin toy mərasimi sayılardı.

 

Paltar biçdinin ərzağı oğlan evi tərəfindən, mərasimdən bir gün qabaq göndərilirdi (təxminən 2-4 qoyun, 1 kisə un, düyü, qənd, 1 qutu yağ, ədviyyat və s.). Qoyunların boynuna qırmızı lent bağlanardı. Ərzağı aparanlara qız evi tərəfindən mütləq xələt verilərdi.

 

Toy çörəyi

 

Toy üçün 400-500 nəfərlik lavaş bişirilərdi. Elə toy məclisi də təxminən bu qədər qonağa hesablanırdı. Çörəyi toy sahibi tərəfindən əvvəlcədən dəvət (urudlular “təlif” deyərdilər, yəni “təklif” sözünün təhrif olunmuş formasında) edilən yaxın qohum və qonşu qadınlar 1-2 günə bişirib qurtarardılar. Toy çörəyi bişirənin hər birinə xələt verilərdi.

 

Yaxın qohumlar-dostlar (adətən, qadınlar) çörək üstə çağrılardılar. Çörək üstə gələn hər kəs xələt (son vaxtlar həm də pul) gətirərdi. Yığılan xələt (və pul) çörəyi bişirənlərin arasında bərabər bölünərdi.

 

Bəyi də çörək üstünə dəvət edərdilər. Çörəyi yapan qadın təndir şişinin ucunda, yaxud əppəkyapanın üstündə təzə bəyə çörək uzadırdı. Təzə bəy çörəyi götürüb dostları ilə bölüb yeyər, çörək yapana nəmər (pul) verərdi. Nəmərin məbləği əsas deyildi.

 

Qız evindən çörək üstünə qonaq çağırardılar. Qız evindən 2-3 qadın bəy evinə çörək üstünə gələrdi və çörəkçilərə xələt gətirərdilər. Toy çörəyini bişirib qurtarandan sonra çörəkçilər həsli (yağlı, şirin) qalın çörək bişirib evlərinə aparardılar.

 

Toy çadırı

 

Zəngəzurda adətən, üç gün üç gecə toy çalınardı. Toy çadırı toy evinin bağında, yaxud həyətində qurulardı. Cümə günü axşam üstü toy başlayar, gecə saat 1-2-yə kimi davam edərdi. Toya dəvətnamə ilə yalnız bazar gününə - yəni məclis gününə dəvət edərdilər. Qalan iki günün dəvətçisi isə gözünə döndüyüm qara zurna idi.

 

Elə ki, toy evində qara zurna dillənirdi, uşaqdan-böyüyə hamı, - kənd camaatı da, qonaqlar da böyük məmuniyyətlə bu dəvəti qəbul edərək təzə paltarlarını geyinib toy evinə daşdanırdılar. Artıq axşam saat 7-də toy mağarında uşaq-böyük, qız-gəlin, ağsaqqal-ağbirçəklərin cəm olduğu çal-çağırlı, musiqili, nəğməli, rəqsli bir məclis qızışmış olurdu.

 

Zəngəzur toylarında 70-ci illərin ortalarına qədər qara zurna və nağara, sonralardan isə həm də gitara, qarmon, klarnet çalınardı. Toybəyi əlində söyüd şivindən yumşaq çubuq, qolunda qırmızı lent çal-çağır məclisini idarə edirdi: sifarişləri qəbul edib növbə ilə məclis iştirakçılarını oynadır, “haşşabaş” çağıraraq toyu şirinləşdirir, özü də oynayanlara qoşularaq toyu qızışdırırdı.

 

Şabaş məsələsi bir qədər başqa cür idi; heç vaxt nə yerə, nə də oynayanın başına pul atılmazdı. Oynayanın yaxın adamları halay vurub oturduqları (yaxud dayandıqları) yerə toybəyini çağırıb ona pul verirdilər (əvvəllər 20 - 50 qəpik, uzaq başı 1 manat, sonralar isə 1-3 manat). Toybəyi isə şabaşı başının üzərinə qaldırıb yelləyər, “haşşabaş, havadarı...(Filankəs)” – qışqıraraq məclisi qızışdırar, şabaşı musiqiçilərin nəmər sandıqçasına atardı.

 

Musiqi sifariş verən adam ortaya düşüb oynayan və istədiyi adamları (onlar da öz növbələrində öz istədikləri adamları) rəqsə dəvət edərdi. Dəvətsiz heç kəs oynayanlara qoşulmazdı, heç kəs başqasının havasına oynamazdı. Beləcə şənlik məclisi gecə yarıya kimi davam edərdi.

 

Toy xınası

 

Toyun birinci axşamı həm də xına yaxdı ilə əlamətdar olardı. Oğlan evində xına hazırlanar, qız-gəlinlər əllərini xınalayardılar. Bəyi xınayaxdıya dəvət edib onun və sağdış-solduşun çeçələ barmaqlarını xınaya batırardılar. Bəy xına paylayana nəmər verərdi.

 

Sonra bəyin bacısı bir neçə qız-gəlinlə qız evinə xına aparardılar. Gəlinin ayaq barmaqlarını, əllərini xınaladıqdan sonra qız evinidəki bütün qadınları xınayaxdıya dəvət edirdilər. Qız evi xına gətirənlərə xələt verirdi.

 

Bəyin oğurlanması

 

Şənbə günü səhər saat 10-11-də yenə də toy çalınar və bütün günü davam edən çalıb-oynamaq məclisi axşam daha da qızışardı. Bəy öz sağdaş-solduşu ilə birlikdə toy mağarında olurdu, dəfələrlə bəyi və sağdış-solduşu oynadırdılar. Bəyin sağdışı evli, solduşu isə subay olardı.

 

Şənbə günü toy məclisinin ən çal-çağırlı, məzəli-şənlikli günü olardı. Məhz bu gün bəyi "qorumaq" daha mühüm əhəmiyyət kəsb edirdi. Sağdış-solduşun nəzərindən yayınan kimi, bəyi oğurlayıb gizlədirdilər. Adətə görə mühafizəsiz bəyə lap balaca bir uşaq da yaxınlaşsa idi, bəy onun dediyi yerə getməyə etiraz edə bilməzdi. Bəyi adətən bəy evindəki, yaxud qonşudakı tikililərin birində gizlədib qapını bağlayırdılar. Sağdış və solduşdan nəmər aldıqdan sonra özü də səhnələşdirilmiş bir ciddiyyətlə danışıb razılığa gəldikdən sonra, bəyi “azadlığa” buraxardılar.

 

Şənbə axşamı bəzi hallarda toyda aşıqlar çalıb-oxuyar, pəhləvanlar güləşər, şah, kosa bəzəyirdilər. Ancaq şənbə toyunun ən əsas bəzəyi cavanların, qız-gəlinlərin müxtəlif havalarda lap yorulanacan rəqs etmələri idi. Məhz bu şənliklərdə oğlanlar adaxlı, analar gəlin seçərdi.

 

Gəlinin gətirilməsi

 

Toyun sonuncu günü, bəy evinin adamları, qohumlar və qonaqlardan bir dəstə çalğıçıların müşayiəti ilə qız evinə gəlin gətirməyə gedirdilər. Qız-gəlinlər əllərində xonça aparardılar. Xonçada gəlin üçün hədiyyələr və müxtəlif cür şirniyyatlar olurdu.

 

Qız evinə çatarkən mütləq “Vağzalı” havası çalınırdı. Oğlan evinin və qız evinin adamları birlikdə 5-10 dəqiqə rəqs etdikdən sonra, bəyin bacısı və digər yaxın qız-gəlinlər evə daxil olaraq gəlini geyindirirdilər. Gəlin geyindikdən sonra bəyin qardaşını, yaxud atasını gəlinin belini bağlamaq üçün otağa dəvət edirdilər.

 

Gəlinin belini bağlayan kəs gəlinin anasına rəmzi olaraq süd pulu (100-200 rubl məbləğində) verərək halallıq alırdı. Bundan sonra gəlinin bir qoluna bəy, bir qoluna isə bəyin sağdışı girərək onu evdən çıxarardılar.

 

Gəlini evdən bayıra çıxaranda qapını kəsərək rəmzi rüsum (hədiyyə, yaxud 10-25 rubl pul) aldıqdan sonra bəyi və gəlini bayıra buraxardı.

 

Yenə də “Vağzalı” havası çalınardı və “Vağzalı” sədaları altında gəlini ata evindən çıxarardılar. Toy evləri yaxın olduqda piyada, uzaq olduqda isə əvvəllər atla, sonrakı illərdə isə maşınla bəy evinə yola düşərdilər. Gəlinin ata-anası bəy evinə getməzdi.

 

Yol boyu kənd uşaqları gəlinin qabağını kəsər, onun qarşısında oynayaraq bəydən nəmər istəyərdilər. Nəmər (1-3 rubl) aldıqdan sonra özləri də toy adamlarına qoşularaq bəy evinə gedərdilər.

 

Gəlin karvanının arxasınca isə cehiz maşını gəlirdi. Cehiz yorğan-döşək, gəbə və məişət ləvazimatlarından ibarət olardı. Bəy evində cehiz gətirənlərə mütləq xələt verərdilər.

 

Bəy evinin həyət qapısında gəlinin ayağı altında qurbanlıq qoç kəsilərdi, evin ağsaqqalı gəlinin alnından öpüb xeyir-dua verirdi, xonçadakı konfetlər göyə atılaraq gəlinin başına səpələnirdi. Bəyin ata-anasının üz-başını isə unlayardılar ki, siz daha qocaldınız, cavanlara meydan vermək lazımdır.

 

1960-65-ci ilə qədər (yəni pul kənd adamlarının həyatının mühüm atributuna çevrilənə qədər) gəlinin qurbanı kəsildikdən sonra, elə həyətdəcə gələn qonaqlar onun başına toy xələti (parça, yaylıq, dəsmal, kiçik toxuma-işləmə parça, məişət ləvazimatları və s.) atardılar. Bəy evinin yaxın adamlarından biri uca səslə məclis əhlinə kimin nə nəmər gətirdiyini elan edərdi. Sonralar isə toya gələn ailə başçısı ziyafətin sonunda toy xələti olaraq pul yazdırardı.

 

Toy ziyafəti

 

Gəlini gətirib bəy evinin həyətində oynadıqdan sonra məclisdə iştirak edənlərin hamısı toy süfrəsinin ətrafında otururdu. Bir çox yerlərdən fərqli olaraq bizim kəndlərimizdə toy ziyafətində elə əzəldən ailəvi oturmaq dəb idi. Qadınlar və kişilər – arzu edənlər uşaqlarını da toy ziyafətinə gətirərdilər – eyni vaxtda süfrə arxasında (4-5 cərgə xeyir-şər üçün xüsusi düzəldilmiş uzun taxta stolların arxasında) oturaraq məclisin tamadasının idarəsi ilə yeyib-içər, şənlənərdilər. Təxminən altmışıncı illərin sonlarından başlayaraq Zəngəzurun toylarında bir qayda olaraq gəlin bəylə yanaşı məclisin sonuna qədər ziyafətdə əyləşərdi. Ziyafət zamanı musiqi çalınar, əsasən muğamat oxunardı, rəqs edilməzdi. Yalnız məclisin sonuna yaxın tamada “bəy oynayanda ucuzluq olar”, - deyərək bəyi və gəlini rəqsə dəvət edərdi. Bəy və gəlin rəqs etdikdə, demək olar ki, ziyafətdə iştirak edənlərin hamısı bəyin və gəlinin əlinə pul verərdilər (5 manatdan 25 manata qədər) və hərə bir qol da olsa, təzə evlənənlərə oynamağı özünə borc bilərdi.

 

Toy süfrəsi o qədər də zəngin olmazdı və toy sahibinin maddi vəziyyətindən asılı olmayaraq bütün toylarda təxminən eyni xörək – bozbaş və kələm dolması verilərdi. İçkilər isə limonad, “Cermuk” mineral suyu və araq olardı (təbii ki, araq yalnız kişilərin süfrəsinə verilərdi).

 

Məclisin tamadası, adətən, sözü eşidilən ağsaqqallardan biri olardı. Toy ziyafəti 4-5 saat davam edərdi. Ev sahibinin dəvəti ilə hamı bir nəfər kimi süfrə arxasına əyləşər və məclisin sonunda tamada (adətən tamada yemək-içməyi hazırlayanların və qulluq edənlərin sağlığını qeyd etdikdən sonra) musiqiçilərdən “Marş” çalmağı xahiş edərdi və bu marşdan sonra bir daha məclis əhli adından toy yiyələrinə xeyir-dua verərək öz istefasını qəbul etməyi xahiş edərdi. Sonda isə yenə hamı bir nəfər kimi durub gedərdilər. Məclis bitməmiş stoldan durub getmək tamadaya və məclis əhlinə hörmətsizlik sayılardı.

 

Xonça axşamı

 

Xonça axşamı toyun son axşamı olmaqla bərabər, həm də bu mərasimin ən şux, məzəli hissəsi sayılardı. Toy ziyafətindən sonra hava qaralana yaxın kənd cavanları məşəl (lopa) hazırlayardılar. Təxminən 25-30 adam (əsasən gənclər və cavan xanımlar) musiqiçilərin müşayiəti ilə piyada qız evinə yollanırdılar.

 

Alışdırılan məşəllərin şöləsi, gənclərin fit səsləri, “ura” nidaları oynaq musiqiyə xüsusi bir ton verirdi.

 

Qız evində çox ləngiməzdilər. Xonçaları götürüb qız evindən onlara qoşulan təzə qohumlarla birgə geri, bəy evinə qayıdardılar.

 

Xonçada mütləq bir ədəd bütöv qızardılmış toyuq, bəyə və onun sağdış-solduşuna hədiyyələr və şirniyyat olardı.

 

Toyuq, özü də bişmişi, təbii ki, yeyilmək üçündür. Ancaq Urudda xonça axşamı ortaya qoyulan toyuğun məsələsi çox uzun olardı. Bu toyuğun ətrafında o qədər çək-çevir edərdilər ki, hərdən adama elə gəlirdi ki, onu ancaq lağ edib gülmək üçün diricə bişirib ortaya qoyublar.

 

Xonça axşamı bəy sağdış-solduşu ilə stolun baş tərəfində oturub hədiyyələri qəbul edirdi. Xonçaları isə gəlinin yengəsi tərif vura-vura, qiymətə mindirə-mindirə, hədiyyələri bir-bir nümayiş etdirərək məclisə təqdim edirdi. Bəyin sağdış-solduşu isə əsl ekspertlər kimi çıxış edərək, hər hədiyyədə bir nöqsan tapmağa və beləliklə də, qiyməti aşağı salmağa çalışırdılar. Sağdış-solduşun yengə ilə mübahisəsinə tədricən hər iki tərəfin adamları da qoşulurdular.

 

Saat yarım, iki saatlıq məzhəkədən sonra, nəhayət ki, razılıq əldə olunurdu, qiymət kəsilirdi və bəy tərəf gəlin tərəfin xonçalarını qəbul edirdi.

 

Bəy və sağdış-solduş xonçalara görə yengəyə rəmzi pul (hərəsi 25-50 rubl) verirdilər.

 

Sonra xonçalar açılırdı, yeməliləri yeyirdilər, paylamalıları paylayırdılar. Bəy ilə sağdış-solduş isə yengənin təqdimatı ilə öz hədiyyələrini götürürdülər.

 

Zəngəzurda xüsusi nigah mərasimi keçirilməzdi. Adətən, qız toyundan (paltar biçdidən) sonra nigahın rəsmləşdirilməsi ya kənd sovetində, ya da rayon VVAQ şöbəsində qeydiyyata alınardı. Bəzi hallarda isə rəsmi nigahla yanaşı imam nigahı (dini kəbin) da kəsilrdi.

 

Zəngəzurda ailə institutu kifayət qədr möhkm idi. Boşanmalara çox nadir hallarda rast gəlinirdi.

 

Hər yerdə olduğu kimi Zəngəzurda da toylar təkcə iki gəncin vüsalı deyildi, el-obanın şənliyi, ailələrin qohumlaşması, nəsillərin, tayfaların böyüməsi, həyatın davamı idi.

 

... Zəngəzur toyları min illərdən süzülüb gələn milli yaddaşımızın, mənəvi dəyərlərimizin, məişət əxlaqımızın bir ifadəsi idi, özünü təsdiqi idi, ruhumuzun o dağlarda pərvazlanması idi. Mənfur düşmən 30 il ruhumuzu perik saldı...

 

... Zəngəzur toyları adət-ənənəmizin abidəsi idi. Mənfur düşmən bu abidəni dağıtdı...

 

...Zəngəzurda toy olan evin darvazasına qırmızı yaylıq bağlayardılar, 3 gün açmazdılar. O qırmızı yaylıq xoş günlərimizin rəmzi kimi qara keşişlərin gözünə qara su endirərdi.

 

Zəngəzur dağları 30 il toy-büsata həsrət qaldı, " Cəngi" sədasına, "Heyratı" səsinə qəribsədi...

 

... Şükür Allahın böyüklüyünə ki, qisas qiyamətə qalmadı, Ali Baş Komandanın rəhbərliyi altında yurdlarımızı işğaldan azad etdik. Təkcə torpaqlarımızı deyil, ruhumuzu da azad etdik, diriliyimizi, birliyimizi də geri qaytardıq!

 

... Zəngəzura qayıdırıq, məskunlaşırıq, yollarımız açılır, kəndlərimiz, şəhərlərimiz salınır, evlərimiz tikilir.

 

... Zəngəzur dəhlizindən keçən qatarlar, Zəngilan, Laçın hava limanına enib qalxan təyyarələr yenə Zəngəzura ağ donlu gəlinlər gətirəcək, Zəngəzurun ağ günləri başlayacaqdır!

 

... Zəngəzur Azərbaycandır!!!

 

 

Musa Urud,

Millət vəkili

 

***

Həmçinin oxuyun:

Zəngəzuru tanıyaq və tanıdaq!  - Birinci məqalə

Zəngəzuru tanıyaq və tanıdaq! - İkinci məqalə

Zəngəzurla bağlı bilməli olduğumuz VACİB FAKTLAR

Ermənilər Zəngəzura necə köçürülmüşdü – TARİXİ FAKTLAR

Qərbi Zəngəzurun iqtisadi inkişafında azərbaycanlıların rolu

Zəngəzur azərbaycanlılarının etno-mədəni həyatı 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi