Modern.az

Molla Nəbi və Məşədi Salmanın qətli

Molla Nəbi və Məşədi Salmanın qətli

Qərbi Azərbaycan

8 Sentyabr 2025, 11:33

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

İyun ayının ortaları olsa da Akstafa çayının suları hələ durulmamışdı.Cələ hər tərəfdən dağlarla əhatə olunmuş,çay vadisində yerləşirdi.Vadi çox isti olsa da çayın kənarı sərin idi. Akstafanın suyu dağlardan əriyib gələn qar sularının hesabına artmışdı.Çayın gur səsi Dilican dərəsini başına götürmüşdü.Haqqıxlının başı üstündə qara buludlar dolanırdı.Hər tərəfdən kəndə hücum edən Andronikin quldur tör töküntüləri kənddən əl çəkmirdilər. Qaraqoyunlu Dərəsinə bata bilməyən ermənilər Haqqıxlını hədəf götürmüşdülər.

Kənddən bir neçə adam Bakıya neft mədənlərində işləməyə gəlmişdilər.Yarməmməd oğlu Hacalı da ailəsini kənddə qoyub Bakıya gəlmişdi.Əmrah tez tez xalası uşaqlarının ailəsinə baş çəkir,onlara göz qulaq olurdu.Bir axşam Həsənxan gördü ki,kirvələri çaxraçlı Asadur çəpərin dibiylə gizlənə-gizlənə bunlara tərəf gəlir.Yerişindən tanıdı ki,bu Asadurdu.

-Asadur,hara gedirsən?-deyə soruşdu.

-Hasan can,işlar çox pisdi.

-Gəl içəri,a kirvə.

-Çe ara,man ela burada görünə bilmaram.Sabah siza hücum edacaxlar.Sizi qıracaxlar.Man sizing çorayi yemişam,itira bilmaram.

Danışığı eşidən Rəhim də yaxınlaşdı:

-A Xan kimdi?

-Kirvədi.

-Ela,cavit danem(ağrın alım),manim adım olmasin. Manim nasli kasarlar. Andronikin dığaları sizi sabah qıracaq.Sabah axşam qaranlıq olanda size qıracaqlar. De man getdim,cavit danem. Siz mani görmamisiniz.Qurban olim man getdim. Madağ kez…-deyib gəldiyi kimi də getdi.

Hasanxan Əmraha dedi:

-Əmrah,deyəsən vəziyyət pisdi. Mən gedim o bir adamlara da xəbər edim. Siz də baxın görək neyləməliyik.Əmrah Hacalının evinə getdi. Hacalının xanımı Hava çıra işığında oturub uşaqlarıyla yarma xəşili yeyirdi.Əmrah:

-Ay Hava bacı,hazırlaşın gecəynən çıxırıq.

-Boy ,Əmrah qağa,niyə,noolub ki?

-Daha sual vermə,uşaqlar qorxmasınlar.Arxayın olun.Gözüm üstünüzdə olacaq.-deyib getdi.

Gecəynən bir boyun öküzü arabaya qoşdu və arabaya bir çuval buğda yüklədi arabanı da sürüb Yarməmməd oğlu Hacalının qapısında saxladı.Havanı,uşaqlarını-

Məmmədi,Əhmədi,Hacalının qardaşı Rzanın da uşaqlarını hamısını arabaya mindirdi.Arabanı aşağı Cələyə tərəf sürdü, Kərbəlayi Salmanın dükanını , Molla Nəbinin traktirini,dəyirmanını və Akstafa çayını keçib üzü yuxarı Taxtaya oradan da Kalafaya gətirdi.Kənddən başqa ailələr də arvad uşağı bura yığmışdı. Meşənin içərisində dalda bir yer idi Kalafa.Hər tərəfdən hündür təpələrlə əhatəı olunmuşdu. Təpələrə gözətçilər qoyulmuşdu. Əmrah bunları burada düşürüb geriyə özününküləri gətirməyə qayıtdı.

Camaatın qız gəlin və uşaqlardan ibarət olan hissəsi çaydan çətinliklə o taya keçirilib Taxtadan yuxarı Kalafaya aparılırdı.Gecəni səhərə meşənin içində açdılar.Gecə soyuq olsa da,günorta üstü artıq hava isti idi.Birdən Cələdən,Dəyirmanın yanından rus vintovkasının səsi dərəyə yayıldı.Əmrah kişi Məmmədalıya tərəf dönüb ürək ağrısıyla:

-Qağamı vurdular.Mən getdim aşağı –deyib tüfəngini götürüb atının belinə sıçradı-ay qağa ,sənə dedim axı ,vuracaqlar deyə təəssüflə öz-özünə dedi.Bu zaman ikinci güllə açıldı.Əmrah:

-Salmanı da vurdular. Ayə,sizə dedim da.A qıvlasızlar,dükanı aparacaqlar cəhənnəmə aparsınlar.Neylədim gəlmədilər-dedi.

Sonra da arxadan ona tərəf baxanlara:

-Gözdə-qulaqda olun,mal-pul cəhənnəm,arvad uşağı qoruyun deyib,üzü aşağı Cələyə tərəf götürüldü. Kalafadan Cələyə beş dəqiqəyə özünü yetirdi.Akstafa çayını bir göz qırpında keçdi.Molla Nəbinin dəyirmanına çatan Əmrah hündürdən səsləndi:

-Ay qağa,ay qağa.

-Burdayam,ay qağa,burdayam-deyə dəyirmanın donuzluğundan iniltili eşidildi.Əmrahı silahlı çaydan keçəndə erməni quldurbaşısı vaxtilə Androbikin yanında olmuş Simon görən kimi dəstəsinə dediki,getməliyik. Dilcanlı Mkrtıcın oğlu :

-Simon can bizə at lazımdı,Molla vermədi,onu vurdum.İndi at özü gəlib.Bunu da vurummu?-dedi.

-Çe ara,Yox ara,ağlını özgəsinə vermə. Bu Amrahdı…Quşu gözündən vurur.Tüfəngi də türk beşaçılanıdı.Əkilək,bizim burda olduğumuzu bilsə bizi qıracaq.

Mkrtıçın oğlu:

-Ara ay yera,bir türkmü bizi qıracaq? Ikisini yerə yıxdıq.Nə türk ara,görmürsən qorxudan gedib Kalafaya dolublar.

-Çe ay dığa,Yox. Onlar arvad uşaqdan qorxub ora dolublar.Qız gəlin olmasa biz onlara heç nə edə bilməzdik.Ari,qnumenq-gəl gedirik.-deyib kənd yolunun altıyla meşəliyə təpildilər.

Əmrah Molla Nəbiyə:

-Ay qağa,bir şey yoxdu.Boşdan keçib güllə.Qorxma….Salmandan nə xəbər?..

-İkinci güllə ona dəyib,o yan,bu yanı yoxdu.Səsi gəlmir. Çətin,sağ qala.

Əmrah sinə-sinə yolu keçib Məşədi Salmanın dükanına yaxınlaşdı:

-Məşədi,Məşədi-deyə bir iki ağız səslədi.

Dalınca:

-Ay Salman,ay Salman.

Səs çıxmadı.Bir az qabağa getdi.Məşədi Salman dükanın qapısında yerə yıxılmışdı.Başından axan qan dükanın yolunu islatmışdı.Əmrah başa düşdü ki,Məşədi elə qapıya çıxanda erməni namərdcəsinə silahsız adamın-Məşədinin başına tüfəngi dirəyib atıb.Dükandakı malın çoxunu da aparmışdılar.Nə Molla Nəbi,nə də Məşədi Salman inanmazdılar ki,gündə onların aşxanalarında çorək yeyən erməni onlara güllə atar.Əmrah geri Molla Nəbinin yanına qayıtdı.Molla Nəbi:

-Kəndin camaatında çoxmu silah var?

-Yox,ay qağa,azdı. Hamısını ləçənnik yığdı.Ay qağa,sən toxta,mən indi camaatı çağırım. Deyəsən daha Gədəbəyə keçməyimiz mümkün olmayacaq. Səni belə qoyub gedə bilmərik.-deyib dalbadal göyə iki güllə atdı.

-Yox,Əmrah,məni elə burada bir az hündür bir taxtın zadın üstünə qoyub gedin,yanıma da su qoyun,nə qədər yaşayaram yaşaram…

-Ə nə danışırsan,a Molla,özünü itirmə,toxta.Qoy camaat gəlsin.

Camaat yuxarıdan tökülüb gəldi. Məmmədalı kəmərində mauzeri,özünü qardaşı Molla Nəbinin üstünə saldı:

-Qağa,sən axı niyə belə elədin,niyə bizi yazıq günə qoydun?

-A Məmmədalı,qorxma.Bu camaatı niyə töküb gətirdiniz?İndi erməni geri dönsə neyləyəcəksiniz?

-İnanmıram geri dönsünlər.-Molla İbrahim dilləndi.

Kəndin kişiləri bir yerə yığılıb məşvərət elədilər ki,kəndə çıxmaq lazımdı,camaat kəndə çıxsın.Gedib Məşədi Salmanı dəfn eləsin. Bu vaxt köçün qız gəlin,qoca,uşaq olan hissəsi gəlib çıxdı. Molla Nəbinin yaralanması və Məşədi Salmanın vurulması xəbərini eşidən qadınlardan vay şivən qopdu.Dörd-beş adam səfərbər olundu ki, Molla Nəbini Çaxraca ara həkiminə aparsın,qalan camaat isə Məşədi Salmanı dəfn etməyə getdilər.

Kəl arabasını çəkib Molla Nəbini arabanın içərisinə uzatdılar.Araba Dilcan yoluyla Çaxraca tərəfə yol aldı.Molla Nəbini aparanlar Molla Sadıq,Məmmədrza,Məmmədalı,Alırzaoğlu Məhəmməd,Kərbəlayi Yusuf idi.Onlar Gəlinuçana çatanda Məmmədrza yolun üstandən bir şıqqıltı səsi duydu. Kəli saxlayıb dinşədi.Molla Sadıq:

-Ay uşaq kimsən?

-Manam eli,axber,vurmayın .Çaxraçlı Musesəm.Nikol sizin qəbirstanlıqda qabağınızı kəsəcək.Yanında da Andronikin iki dostu var.

Bu yerdə Məmmədrza qabağa yeriyib dedi:

-Ayə gəlin qabağa,ölməmişəm ki…

Məmmədalı da əliylə mauzerini yoxladı.Kərbəlayı Yusuf:

-Muses,get ona de ki,rədd olsun ordan.Başı bədəninə ağırlıq eləməsin.Gələnləri də ona de ki,kimlərdi.Bizi tanıdın eləmi?

-Ha ara,taniyeram ela size,biz Haqqıxlının qardalısı ilə böyüdük, Yusuf can-deyib Muses yolun üstü ilə yolkəsənlərə tərəf getdi. Gəlinuçandan qəbirstanlığa az yol qalmışdı.Molla Nəbi:

-A Məmmədalı,özünüzü nahaq incidirsiniz, özünüzü heç nədən güdaza verərsiniz.Bu ermənidi ha…

Məmmədrza:

-A qağa,gərək onda onu boğub öldürəydim.Dəyirmanın suyunu çəkəndə güləşdik ha,yadındadımı?

-Hə niyə yadımda deyil,hələ şalvarın da cırılmışdı,kefin pozulmuşdu.

-Hə qağa ,mənə onda iki şalvarlıq parça verdin.-deyib Məmmədrza addımlarını artırdı.Bir az qabağa təpənin üstünə çıxdı.Oradan səsləndi:

-Ayə a Nikol,kişisən gəl yenə güləşək.Namərdllik eləyib qabaq kəsmə,yaralı aparırıq.

Məmmədrzanın səsini eşidən Nikol yanındakılara dedi:

-Gedək qalsın sonraya,bunlar məni tanıdılar.Həm də arabada iki xalça bir yorğan-döşəkdən başqa heç nə yoxdu.Getdik. Fürsət gözləmək gərək.

Məmmədrza gördü ki,üç nəfər sinə sinə qəbir daşlarının aralarından qaçıb yolun altına keçdilər.Məmmədalı Molla Nəbinin yanında oturmuşdu.Molla Nəbi:

-A kişilər, bu erməni görəsən niyə ayaq açdı birdən-birə?

Molla Sadıq:

-Ermənini qapında tanı.

Kərbəlayi Yusuf:

-A Nəbi,onları sən məndən də yaxşı tanıyırsan.Bunlar fürsət güdəndilər.

Deyəsən hökumətin xəbəri yoxdu.

-Ayə a sağ olmuş,hökumətmi var?Hökumət öz hayındadı.Bir yandan musavat,bir yandan bolşevik,bir yandan daşnaklar.Aləm qarışıb kim-kimədi ki.

-A Nəbi,sən danışma.Danışmaq sənə ziyandı,nə qədər qan itirmisən.-deyə Məmmədalı dilləndi.Bir az dayandı və davam etdi:

-Mən belə görürəm ki,biz Kalafadan yuxarı qalxıb Gədəbəy tərəfə geçə bilməyəcəyik.Camaat da enib gəldi kəndə.

Alırzaoğlu söhbətə qarışdı:

-Bu hadisələrdən sonra ermənilər belə tez bir də üstümüzə gəlməzlər.Bunlar cəhənnəmə eee… nə təhərsə bir yana çıxacağıq. Qağamı sağaltmaq lazımdı.Hayıf Salmandan.A Sadıq,sən nə deyirsən ,niyə bu erməni namərdlik edib bizim üstümüzə gəldi.Düzdü bizə kömək edib xəbər verəni də oldu.Dərə kəndlərə girə bilmədilər.Polad Salah,Qaraqoyunlu dərəsi.

-Ağzında neçə kənd adı saydın.Onlar çoxdu. Haqqıxlı isə təklənib.Bax o qabağımızda gördüyün Usuvun körpüsündə dərə kəndin camaatı Osmanlı topunu gətirib düz yolun üstünə qoyublar.

-Qağam düz deyir

Məmmədrza təsdiqlədi:

-Ata bilmirdilər.Türk qoşunu Bakıya köməyə gələndə buradan keçib. O top da onlardan qalıb. Daha doğrusu türklər verib.O zaman qoşundan ayrılıb Polad –Ayrımında qalan bir türk vardı. Onu gətirdilər.O da “qardaş,bu Osmanlı topudu .Onu mən ata bilərəm,mən topçuyam “dedi və atdı.Ondan sonar ermənilər o tərəfə üz çevirmədilər.

-Hə,a Məmmədrza,erməni açıq döyüşə girən deyil.Fürsət güdəndi.-deyə Molla Sadıq təsdiqlədi.

Beləcə gəlib Çaxraca çatdılar.Çaxracda ara həkimi deyilən bir Mesrop vardı.Onun qapısına getdilər. Mesrop bunları görüb əl ayağa düşdü.Yaralını götürüb içəri apardılar.Güllə sinəsindən dəyib kürəyindən iri bir deşik açmışdı.Molla Nəbi nəfəs aldıqca kürəyindən yaranın içindən hava çıxırdı.Həkim dava dərman edəndə artıq çaxraçlılar Mesropun həyətinə toplaşmışdılar.Ermənilər:

-Ela baisin evinə yıxılsın.Biz kirvayıq,eli.Çaxraç Haqqıxlının çörəyi ilə Çaxraç oldu.

-Ara Nabiya da güllə atarlarmı?

Haqqıxlılar isə buna o qədər də əhəmiyyət vermirdilər. Çünki erməni erməni idi.Burada da bu münasibəti də erməniliyə xidmət edən üzdən deyilən söz idi.Həkim dava dərman etdikdən sonra Molla Sadığı kənara çəkib deyir:

-Sadıq can,qan içəri dolub,çox çatindi.

Molla Sadıq Məmmədalıya tərəf yaxınlaşdı və dedi:

-Aparaq,gedək.

Beləcə Molla Nəbini kəndə qaytarmalı oldular.Bu zaman kənddə Məşədi Salmanı basdırmışdılar.Molla Nəbi iki gündən sonra evində canını tapşırdı.Onu da dəfn etdilər.Camaat pis vəziyyətdə qalmışdı.Hər tərəfdən kəndə basqınlar olurdu. Kəndin cavanları silah tutanları,silahı olmayanlar da balta ,yabayla camaatı müdafiə edirdilər. Molla Nəbinin üç ,yeddi mərasimini verən haqqıxlılar gördürlər ki,daha kənddə qalıb yaşamaq mümkün deyil. Andronikin tör-töküntüləri göz açmağa macal vermir. Mal qoyunu örüşə apara bilmirlər . Çölə bayıra çıxmaq çətinləşir.Yenidən bir də Haqqıxlıya hücum olacağı xəbəri yayıldı.Qərara alırndı ki,kənddən çıxsınlar.Tiflis Bakı yoluyla Qazağa keçmək təhlükəli idi. Çünki yol Akstafa çayı vadisiylə gedirdi və hər iki tərəfdən meşə ilə əhatə olunmuşdu.Bu da quldurlar üçün əlverişli idi.Buna görə yaylaq yoluyla Xatmaxandan Qaradaşa ,oradan da Qazağa keçməyi qərara aldılar.

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?