Modern.az

Unudulan deputatlar: Musa Yaqubun şairlikdən Milli Məclisə gedən YOLU - FOTOLAR

Unudulan deputatlar: Musa Yaqubun şairlikdən Milli Məclisə gedən YOLU - FOTOLAR

Reportaj

7 Fevral 2022, 15:40

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat, mərhum Xalq şairi Musa Yaqubdur. 

Söz yox ki, Azərbaycan poeziyasında öz dəst-xətti, fərqli üslubu olan, hər kəsin yaradıcılığına sonsuz məhəbbət bəslədiyi Musa Yaqub şair kimi heç vaxt unudulmayacaq. Çünki Musa Yaqub təbiətə və insanlara sevgisindən doğan şeirlərilə könüllərə köçərək, ədəbiyyat tarixində silinməz izlər buraxıb.

Dünyanın adi daşı ilə insan dilində danışmağı bacarmış şair necə yaddan çıxa bilər...


“Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb,
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz”.

Onu “Bu dünyanın qara daşı göyərməz” şeiri məşhurlaşdırdı. Təsadüfi deyil ki, bu şeirinə 80-dən çox nəzirə yazılıb.

Təbiət aşiqi olan Musa Yaquba həm dərviş deyirdilər, həm də şamana bənzədirdilər.


Onun şəxsiyyətində yüksək vətəndaşlıq təəssübkeşliyi, azərbaycançılıq dəyərlərinə sevgi və hörmət vardı. Şairin poeziyası vətənpərvərlik duyğuları ilə də zəngindir.

Musa Yaqub poeziyası haqqında söz demək, yeni fikir təqdim etmək hər kəsin işi deyil. Heç biz də buna iddialı deyilik.

Amma Musa Yaqubun deputatlıq fəaliyyəti ola bilər ki, unudulsun, yaddan çıxsın. Yəqin ki, bəziləri Musa Yaqubun vaxtilə deputat olduğunu xatırlamır, bu haqda heç bilməyənlər də var.

O, Milli Məclisə 1995-ci il noyabrın 12-də 69 saylı İsmayıllı seçki dairəsindən bitərəf olaraq deputat seçilmişdi. Birinci çağırış Milli Məclisin deputatı kimi parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyasının üzvü idi.

Musa müəllimin deputatlıq fəaliyyətini yada salanlar yəqin xatırlayarlar, o, parlamentdə bitərəfliyini sonadək qorumağa çalışmışdı.

Musa Səfiməmməd oğlu Yaqubov 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Atası Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ona Müsavat adı qoyubmuş. Bu o zamanlar idi ki, Azərbaycanda repressiya tüğyan edirdi. Sonralar adındakı “vat”ı atıblar, eləcə Musa qalıb.

Göyçay Pedaqoji Məktəbini bitirdikdən sonra 1957-1958-ci illərdə İsmayıllıdakı Tircan kənd orta məktəbində müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və məktəb direktoru işləyib.

1967-1973-cü illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin direktoru kimi pedaqoji fəaliyyətini davam etdirib. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.


Bakıya köçəndən sonra -1974-1978- ci illərdə Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb.

Təpədən-dırnağa təbiət şairi olan Musa Yaqub 4 il şəhərdə yaşayandan sonra dogma rayona qayıdıb.
1978-ci ildən İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetinin redaktoru olub.

1979-cu ildə Azərbaycan SSR Kommunist Partiyası İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri, həmçinin, İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

1995-2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2004-cü ildən sonra bir müddət Söz Azadlığını Müdafiə Fondunun sədri işləyib. Sonralar bir sıra ictimai təşkilatda təmsil olunub.

Musa Yaqubun Milli Məclisə deputat seçilməyini parlamentin o vaxtkı sədri Rəsul Quliyevlə əlaqələndirənlər olmuşdu. Amma şair deputat seçilməyini Rəsul Quliyevin himayəsinə bağlayanları təkzib etmişdi.

“Deyirlər onun kitabının pulunu da Rəsul verib. Vallah verməyib, billah verməyib”, - deyə M.Yaqub etirazını belə ifadə etmişdi.

Millət vəkili olan vaxt Milli Məclis haqqında bir şeir yazmışdı. Bu şeir bir çox dairələrdə etirazla qarşılanmış və ona ciddi irad tutulmuşdu.


O, 1996-ci ildə deputat olduğu zaman yazdığı həmin şeirdə deyirdi:

Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu yığnaq hara,
Kim gətirdi bura məni?


O zorbala, bu ərköyün,
Üz qırmızı, alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.


Bu oyundan xilas dedim,
Bir az susdum, bir az dedim
Hey "Üç badam, bir qoz" dedim,
Qoşdular bu xora məni.


Sonralar deputat seçilməyinin tarixçəsindən və parlamentdəki fəaliyyətindən danışan Musa Yaqub belə demişdi:


“Mən İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin təxminən 10 il redaktoru işləmişəm. Rayon qəzetinin redaktoru da həmişə ictimai həyatın içərisində qaynayan insanlardan biridir.
Müstəqil dövlətimizin Milli Məclisinə ilk dəfə deputat seçkiləri keçirilməsi məsələsi gündəmə gələndə mənə də namizədliyimi irəli sürməklə bağlı təkliflər olundu. Bu təklifi irəli sürənlər bildirdilər ki, onlar rayonu mənim təmsil etməyimi istəyirlər. Belə olan halda mən də razılaşdım.

Düzünü deyim ki, əvvəllər heç xəyalıma da gəlməzdi ki, mən Milli Məclisin üzvü olacam. Yəni belə bir həvəs məndə az idi. Amma mənə deputat olmaq təklifi gələndən sonra öz ərizəmlə həmin prosesə qoşuldum. Təbii ki, əgər seçicilərin səsi olmasaydı, mən deputat seçilə bilməzdim.

Fikirləşirdim ki, deputat seçilsəm həm rayonumuzda həllini gözləyən, həm də ürəyimdə qalan müəyən məsələlərin reallaşması mümkün olacaq. Düşünürdüm ki, hər iclasda həmin məsələləri qaldıra bilərəm. Əgər Milli Məclisin üzvüyəmsə deməli, dövlətin yüksək vəzifəli şəxsləri ilə təmas qurmaq, onlardan İsmayıllıdakı müəyyən problemlərin həllinə kömək etmələri üçün imkanım olacaq. Namizədliyimi irəli sürəndə bunlardan başqa bir istəyim olmayıb.


Onu da deyim ki, deputat kimi bizim üçün o zaman daha ağır idi. Ona görə ki, sovet dönəmindən yenicə uzaqlaşmışdıq və insanlar deputat seçilənlərdən çox şey gözləyirdilər, elə bilirdilər millət vəkili hər şeyi edə - onların bütün arzularını yerinə yetirə bilər.

Təəssüf ki, parlamentdə bir çox qanunlar qəbul olunurdu, amma həmin qanunlar lazımınca icra edilmirdi. Bu mənada qəbul etdiyimiz qanunların sonrakı taleyi adamı əndişələndirirdi. Qanun qəbul olunursa, olduğu kimi də işləməlidir. Digər bir tərəfdən də mənə elə gəlir ki, parlamentdə qəbul olunan qanunları Milli Məclisə mandat qazanmış deputatlar işləyib hazırlamalıdır. Düzdür, hansısa nazirlik və yaxud da dövlət əhəmiyyətli qurumlardan müəyyən məsələlərlə bağlı təkliflər verilə bilər. Amma onlar hansısa qanunları hazırlayıb Milli Məclisə göndərə bilməz. Çünki, belə olan halda qəbul olunan qanunlarda hansısa qurumların mənafeləri müdafiə olunar. Həmin maraqların təmin olunduğu qanunlar parlamentin deyil, onu göndərən qurumların hesab olunur. Ona görə də qanunlarda subyektiv hallar çoxluq təşkil edirdi.

Bəzi vaxtlarda insanların arzularının yerinə yetirilməsi üçün parlamentdə məsələ qaldırandan sonra icraçılarla deputatlar arasında mübahisələr baş verirdi. Seçicilər bizdən inciyirdilər, elə bilirdilər ki, iş görmürük.

Şəxsən mən deputat seçilməzdən əvvəl bir redaktor kimi rayon üçün daha çox işlər görə bilirdim. Deputat seçiləndən sonra isə o işlərin heç birini yerinə yetirə bilmədim.

Mən deputatlıq dövrümdə yalnız dostluq və şairliyim xatirinə bir çoxlarına müəyyən məsələlərlə bağlı müraciət etmişəm. Lahıc yolunun çəkilməsi, su probleminin aradan qaldırılması kimi müəyyən məqamlarda köməkliyim olub. Bunlar yalnız qarşılıqlı hörmət sayəsində baş tutub.

Deputat mandatı alıb parlamentə gedəndə heç bir təcrübəm yox idi və elə bilirdim ki, sərbəstlik olacaq, hərə öz sözünü deyəcək. Bunun nəticəsi idi ki, bəzən hədəfdən çıxırdıq və elə bilirdik dediklərimiz nəzərə alınacaq. Bəzən də xora qoşulurduq…”. 
 


Musa Yaqub ikinci dəfə deputat olmaq istəmədi. Özü bu haqda belə demişdi:


“Qətiyyən bunu istəmirəm, heç mənə lazım da deyil. Onsuz da mən harda olsa, öz sözümü şeirimlə, sənətimlə deyirəm. Cəmiyyət də az-çox məni bir yazar, şair kimi tanıyır. Bu da mənə kifayət edir”.


Musa Yaqub deputatlıq fəaliyyəti başa çatandan sonra da xeyli müddət ictimai xadim olaraq siyasi proseslərin içində qaldı. O, 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən “Amal” Ziyalı Hərəkatının rəhbərlərindən idi. Onda bu hərəkatın başında Xalid Əlimirzəyev, Mürşüd Məmmədli, Musa Yaqub kimi tanınmış ziyalılar dururdu.


Musa Yaqub 2013-cü ildə Ziyalılar Forumu və eləcə də "El" hərəkatı kimi ictimai-siyasi yönümlü təşkilatların da üzvü olub.

Şair 2013-cü ildə İsmayıllı hadisələri baş verəndə rayon camaatını dəstəklədi, orada iğtişaşa səbəb olmuş məmur övladlarının hərəkətlərini pisləyən açıqlama ilə çıxış etdi.


“Mən partiya şeiri yazmamışam” deyən Musa Yaqubun ictimai, siyasi, sosial motivli xeyli şeirləri var. 
Məsələn, hələ 80-ci illərin sonlarında “Qorbaçov yenidənqurması”nın yalançı xülyaları üzə çıxanda Musa Yaqub yazmışdı:


"Ey əldə ləngiyib, dildə quranlar,
Ay zəncir döyənlər, bizi yoranlar,
Düşün o kürsüdən, çıxın bu zaldan,
Qurtaraq ölkəni ağır zavaldan".

Musa Yaqub fəxri adı çox gec aldı - həyatdan köçməzdən 2 il əvvəl.


Özü fəxri ad üçün heç vaxt kimsəyə ağız açmamışdı. Çünki əyilməz, gözütox və halal insan idi.

“Ad niyə lazımdır e? Qardaş, ad sənin şeirindir. Ad vermək ədəbiyyata mane olur. Çünki ədəbiyyatı, ədəbiyyatçılar, xalq özü yaxşı duyur... Vallah, mənə ad lazım deyil. Ad almaq paydır pay. Dövlət pay verir. Pay üçün yalvarar heç adam?”, - deyə söz ustası müsahibələrinin birində şan-şöhrət, fəxri ad arxasınca düşmədiyini bir daha bildirmişdi.

Nəhayət 25 may 2019-cu il tarixində ona “Xalq şairi” fəxri adı verildi.

Musa Yaqub ömrünün son illərində bir sıra xəstəliklərdən əziyyət çəkirdi.

Böyrəyindəki daşı uzun illər sonra Türkiyədə əməliyyat yolu ilə çıxarmışdılar.


O, dünyasını dəyişənə qədər parkinson xətəliyilə mübarizə apardı.

Musa Yaqub xəstəliyilə əlaqədar Bakıdan İsmayıllıya köçəndən sonra da qapısı həmişə qonaq-qaralı oldu. Azərbaycanın hər yerindən onu yoluxmağa gələnlər vardı.


84 yaşlı Xalq şairi 2021-ci il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndindəki evində vəfat etdi. Ad gününə 3 gün qalmışdı... Onu vəziyyətinə uyğun olaraq kənd qəbirstanlığında - valideynlərinin və həyat yoldaşının məzarının yanında torpağa tapşırdılar.

Bu gün Musa Yaqubun soyunu qızları Səhər və Yaqut, oğlu Şəhriyar Yaqubovlar davam etdirir.


Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!” 
Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…
Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI 
Unudulan deputatlar: “Uşaqlarımdan muğayat olun” deyib vəfat edən partiya sədri - FOTOLAR 
Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR
Unudulan deputatlar: Heydər Əliyev məktəbinin yetirməsi, eks-Baş prokurorun əmisi… - FOTOLAR 
Unudulan deputatlar: Hicablı parlamentari, hacı xanım... - FOTOLAR
Unudulan deputatlar: “Jurnalistlərin dostu” seçilən, Etibar Məmmədovun əvvəlcə müavini, sonra rəqibi olan, Milli Məclisdən gülməcələr yazan PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevlə Həccə gedən, Rəsulzadəyə şeir yazan, böyrəkləri çıxarılan ŞAİR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər