Modern.az

Savaşçı xanımlar: “Tabutunu görəndə dedim ki, qəzan mübarək olsun, qızım!” - Şəhid ANASI

Savaşçı xanımlar: “Tabutunu görəndə dedim ki, qəzan mübarək olsun, qızım!” - Şəhid ANASI

Reportaj

1 İyun 2024, 09:59

Azərbaycan xanımları hər sahədə özlərini sübut ediblər, o cümlədən də hərb meydanında. Birinci və İkinci Qarabağ müharibəsində fəal iştirak edən, döyüşərkən şəhidlik zirvəsinə ucalan, yaralanan onlarla qızlarımız-qadınlarımız olub. Onlar həm döyüşüblər, həm yaralı əsgərimizə tibbi yardım göstəriblər, həm də ağır vəziyyətdə olan hərbçilərin daşınmasına kömək ediblər. Savaşçı xanımlarımız vətənpərvərliyi, fədakarlığı, mərdliyi, millətinə və  torpağına hədsiz sevgisi ilə hər birimizə örənəkdirlər.

Modern.az saytı xanım şəhidlər və qaziləri daha geniş şəkildə tanıtmaq məqsədilə başlatdığı “Savaşçı xanımlar” layihəyəsini davam etdirir.

Budəfəki yazımız Birinci Qarabağ müharibəsinin şəhidi, kişi qeyrətli Könül Qəhrəmanova haqqındadır.

Arayış: Könül Kamran qızı Qəhrəmanova 1972-ci il iyulun 6-da Şəki şəhərində dünyaya göz açıb. O, valideynlərinin min bir zəhmətlə böyüdüb tərbiyə etdiyi üç övladdan (Könül, Aynur və Elnur) ilki idi.

Könül 14 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra şəhərdəki 91 saylı texniki peşə məktəbinə daxil olub. Burada oxuyarkən musiqiyə, incəsənətə böyük maraq göstərib. Bu həvəslə sənədlərini Azərbaycan Dövlət İncəsənət Universitetinə verib və qəbul olunub. Könülün ən böyük arzularından biri ali təhsil ocağını müvəffəqiyyətlə bitirib kino rejissoru olmaq və filmlər çəkmək idi.

Lakin müharibənin amansız hökmü onun bu arzularını gözündə qoydu... 90-cı illərin əvvəllərində ermənilərin Qarabağ və həmsərhəd rayonlarda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər Azərbaycanın vətənpərvər övladı kimi Könülü də hədsiz narahat edirdi. 


Könül Qəhrəmanova 1991-ci ilin noyabr ayından ali məktəbi yarımçıq goyaraq,  cəbhəyə yollanıb. 1992- cil ilin sentyabr aylarda Xocalı, Ağdərə, Goranboy, Ağdam, Şuşa, Laçın rayonları istiqamətində gedən döyüşlərə qatılıb, tibb bacısı kimi yaralılara kömək edib.

Könül Qəhrəmanova sonralar Daxili Qoşunların döyüş bölgəsində olan bölmələrinin tərkibində hərbi tibbi xidmətə davam edib.

30 sentyabr 1992-ci ildə Ağdam rayonunun Cinli kəndində gedən döyüş Könülün iştirak etdiyi son döyüş olub. Həmin vaxt Könül Daxili Qoşunların Zaqataladakı hərbi hissəsindən Cinli kəndinə ezam olunmuş şəxsi heyətlə birgə döyüşürdü. Ermənilərin atdığı minomyot mərmisi Könül Qəhrəmanova və baş leytenant Yaşar Bədəlovun düz yanına düşüb. Könül şəhid olib, Yaşar Bədəlov isə ağır yaralanıb. Amma hospitala aparılarkən baş leytenant da yolda çoxlu qan itirməsindən şəhid olub.

Könül Qəhrəmanova subay idi…

Onun adı arxiv sənədlərində Daxili Qoşunlar üzrə “1992-1994-cü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 272-ci sıra nömrəsi ilə qeyd olunub. Vətənin qəhrəman qızı Şəkidəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Vaxtilə yaşadığı küçəyə Könül Qəhrəmanovanın adı verilib, “Könül” xatirə bulağı tikilib.

Şəhid Könül Qəhrəmova haqqında Modern.az-a anası Nayma Qəhrəmanova danışıb.

- Nayma ana, qızınızı necə xatırlayırsınız?

- Könül mənim yaralı yerimdir, ölən günümə kimi də belə olacaq. O, mənim ilk övladım idi, çox zəhmətkeş, çalışqan, vətənpərvər, kişi qeyrətli qız idi. Mədəniyyət və İncəsənət Universitetində təhsil alırdı. Çox istəyirdi ki, kino rejissoru olub filmlər çəksin. Allah ermənilərin kökünü kəssin, balam bu dünyadan nakam getdi..

- Necə oldu ki, Könül xanım cəbhəyə getmək qərarına gəldi?

- Telejurnalist Çingiz Mustafayev televiziyada “Qeyrəti olanlar vətən yolunda döyüşə getsinlər”, -deyə çağırış etmişdi. Könül isə qardaşı balaca idi deyə, düşünmüşdü ki, vətən borcunu onun özü  yerinə yetirməlidir. Bu səbəblə də cəbhəyə yollanmışdı.

- Siz onun bu qərarına qarşı çıxmadınız?

- Əlbəttə ki, qarşı çıxdıq. Çünki qız uşağı idi, oğlan olsaydı getməyinə etiraz etməzdik. Ailədə heç birimiz onun cəbhəyə getməyinə razı deyildik, ancaq o, mənim qarşıma şərt qoydu. Dedi: “Vətən yoxdursa, ana da yoxdu. Ana, mənim qarşımda durmayın!”.
Bir də eşitdik ki, səsi-sədası cəbhəyə gəlir. Xocalı işğal olunandan sonra komandirlərlə evə gəlmişdi. Cəmi 1 gün qaldılar, ertəsi çıxıb getdilər. Hətta onda belə, biz onu saxlamağa çalışdıq, amma bacarmadıq.
Bizim qonşumuz, hörmətli Xalq şairimiz Bəxtiyar Vahabzadə də onunla cəbhədə qarşılaşmışdı. O da Könülə evə qayıtmağı məsləhət görmüşdü. Ancaq Könül onun məsləhətinə də qulaq asmadı. Demişdi ki, “mən Qarabağda ölsəm torpağınam, sağ qalsam vətənin”.


- Qızınızın şəhid olma xəbərini necə öyrənmişdiniz?


- Söz vaxtına çəkər, elə bu zamanlar olardı. Onun qara tabutu gəldi. İndi şəhid gələndə ailəsinə bayraq verirlər. Amma onda bayraq yox idi, tabutu qara parçaya bükmüşdülər. Atası o qara parçanı həmişə maşında gəzdirirdi. Sonra bilmirik o qara örtük hara yoxa çıxdı.

Sözün düzü, o cəbhəyə yollananda ürəyimə dammışdı ki, balam ya əlil olub qayıdacaq, ya da şəhid.

Qara tabutu həyətimizə gətiriləndə, özümü toparlayıb dedim ki, “xoş gəlib səfa gətirib, qəzası mübarək olsun!”. Başqa nə deyə bildim ki... Qəzaya düşməmişdi, vətən younda şəhid olmuşdu.

Könül sevib-sevilən vaxtlarında şəhid oldu. O, həmişə deyirdi, mənim ən böyük sevgilim vətəndir.

- Onun döyüş yoldaşları ilə əlaqələriniz var?

- Əvvəllər var idi. Nömrələrimiz dəyişəndən sonra əlaqələrimiz də kəsildi. Onlar həmişə Könülün cəsarətindən danışırdılar.

- Şəhidimizin adını əbədiləşdirmək üçün hansı işlər görülüb?

- Öz hesabımıza adına bulaq tikdirmişik. Bizim yaşadığımız küçəyə də Könülün adı verilib. Adı əvvəllər bir peşə məktəbinə də verilmişdi. Bir müddət sonra həmin peşə məktəbi bağlandı. Bununla Könülün adı da itib-batdı...


- Bəs hansısa başqa təltifi olub?


- Xeyr. İki dəfə məni çağırdılar, ancaq müəyyən səbəblərə görə ona fəxri ad verilməsi baş tutmadı. Amma o, ən gözəl ad olan şəhid adını qazanaraq, ali zirvəyə ucalıb. Bundan böyük rütbə, bundan gözəl ad yoxdur.

- Könül xanımın adı nəslinizdə yaşadılırmı?

- Bəli, digər qızım Aynurun ilk övladına Könül adını vermişik. Nəvəm indi 7-ci sinifdə oxuyur.

- Şəhidimizdən hansısa əşyalar yardıgar qalıb?

- Bir üzüyü, paltar və ayaqqabıları qalmışdı, onları da Şəki Dövlət Muzeyinə təhvil verdik.

- Yəqin ki, bir ana olaraq övladınızla bağlı arzularınız da çox idi...

- Həmişə arzulayırdım ki, Könül oxusun, yaxşı ali təhsili olsun. Onun evlənib xoşbəxt olmasını istəyirdim. Öz ailəsi, uşaqları olsun... Könül mənə deyirdi, “ana, sənə elə bir hədiyyə verəcəm ki, ömür boyu yadından çıxmayacaq”. Deməli, hədiyyəsi şəhidlik imiş. Doğrudan da bu hədiyyə heç nəylə ölçülməz.


- Aradan 32 il il ötüb. Onunla bağlı daha hansısa təsirli an yadadşınıza həkk olunub?


- Könül atası ilə mənim evlənməyimizin ildönümü günü şəhid olmuşdu. Bu, mənə çox pis təsir etmişdi.. Kamranla ailə həyatı qurmağımızın 20 ili tamam olurdu. Sentyabrın 30-da bizim evdə qız toyu, oktyabrın 2-də isə Kamrangilin evində oğlan toyu olmuşdu... Könül sentyabrın 30-da şəhid oldu... Oktyabrın 2-də isə dəfn olundu... Bu da mənim sinəmə çalın-çarpaz dağ oldu...

- Rəsmi qurumlardan sizi axtarıb-arayan, tədbirlərə dəvət edən olurmu?

- Bəli, dəvət edirlər. Həmişə bizi əziz tutublar. İndi xəstə olduğum üçün çox tədbirə gedə bilmirəm. Yalnız tək 8 Martda Könülün ruhu şad olsun deyə, çağırılan yerə gedirəm.

Sizə bir xəbər də deyim: nəhayət bu yaxınlarda bizi də şəhid ailəsi kimi ev növbəsinə yazdılar...


Xəyalə Bayramqızı 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!