Modern.az

II Ordu Korpusunun yeni komandiri general Quliyev kimdir? - DOSYE

II Ordu Korpusunun yeni komandiri general Quliyev kimdir? - DOSYE

Reportaj

6 Oktyabr 2024, 21:52

Xəbər verdiyimiz kimi, Azərbaycan Quru Qoşunlarının 2-ci Ordu Korpusunda komandir dəyişikliyi olub. Korpusun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

2-ci Ordu Korpusuna general-mayor Vilayət Bərxuda oğlu Quliyev komandir təyin olunub. 

Modern.az-ın məlumatına görə, general Vilayət Quliyev 12 oktyabr 1976-cı ildə Cəbrayıl rayonunun Tinli kəndində anadan olub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

O, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin azad olunmasında xüsusi qəhrəmanlıq göstərən hərbçilərdən biridir. O zaman polkovnik-leytenant rütbəsində xidmət edən Vilayət Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Vilayət Quliyev 44 günlük Vətən müharibəsində də şücaətiyilə yadda qalıb. Belə ki, həmin vaxt polkovnik rütbəsində olan hərbçimiz Cəbrayıldan Şuşaya qədər şərəfli döyüş yolu keçib. Cəbrayıl, Füzuli, Hadrutun düşməndən azad olunmasında yaxından iştirak edib.

Vilayət Quliyev döyüşlərin gedişində ayağından qəlpə yarası almasına baxmayaraq, savaş meydanını tərk etməyib.

Daşaltı kəndinin, Şuşa şəhərinin azad edilməsində xüsusi rol oynayan zabitlərdən biridir.

Ali Baş Komandanın sərəncamı ilə 15 dekabr 2020-ci oldə ona 3-cü dərəcəli “Rəşadət” ordeni verilib.

25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə”  medalı ilə təltif olunub.

Ölkə başçısının 24 iyun 2021-ci il tarixli sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi