Modern.az

Sabahın xeyir, KƏLBƏCƏR

Sabahın xeyir, KƏLBƏCƏR

Reportaj

22 Avqust 2025, 10:59

Kəlbəcərli bu gecə ilk dəfə öz evində yuxuya getdi, səhərini doğma torpağın nəfəsi ilə açdı. Otuz ilin həsrəti, əzabları, itkiləri bir gecənin yuxusunda əridi.

Bu sabahda Kəlbəcərdə dağ da, daş da, ağac da, çay da, hər şey şəhidlərin ruhunu salamladı.

1993-cü ildən bu yana Kəlbəcər də, kəlbəcərlilər də əsl ömrünü yaşadı, hətta deyərdim ki, əsrlərin uzunluğu bu anın işığına dəyməzdi.

Kəlbəcərə dönmək, o möhtəşəmliyə qayıtmaq, yaraya məlhəm, ömrə təzə nəfəs idi.

Kəlbəcərə köçü ailələrin evinə dönməsi kimi qiymətləndirməyin.

Bu köçün yükü çox ağırdı,

Burada bir millətin əzabı, bir xalqın qüruru vardı.

***


Sosial mediaya baxırsan,

bu hadisəni Ermənistan da, Türk dövlətləri də izləyirdi.

Kəlbəcər köçü millətin şəhadətdən doğan möhtəşəmliyinin yürüşü idi.

Murovu dələn tunellər, dağların qoynunda ucalan yeni şəhər…

Prezidentin yanında çıxış edən şəhid balası, Birinci xanımın qucaqladığı Kəlbəcər şəhərinin ən balaca körpəsi…

Hər kadr bir roman, hər nəfəs bir kitab oldu.

İlham Əliyevin möhkəm addımı, Mehriban xanımın şəfqətli baxışı bu səhnəyə öz möhürünü vurdu.

***

Burada Cavid Qurbanovun adını çəkməmək bir az haqsızlıq, bir az unutqanlıq olar. O, insanların dualarında, minnətdar baxışlarındadır. Kəlbəcərə qayıdan hər ailənin sevincində, hər nəfərin təbəssümündə o da görünür.

Köçkünlük illərində ölkə rəhbərliyinin siyasətinə uyğun olaraq göstərişlərə əməl edən Cavid Qurbanov həyatını Kəlbəcər insanına sərf etdi.

O gün olmadı ki, kəlbəcərli ilə görüşməsin, kəlbəcərlini dinləməsin. Qürbətdə çadırda qalanın da, məktəbsiz oxuyan uşağın da, dərmansız xəstənin də yanında oldu.  Kəlbəcərə sevgisini kəlbəcərlilərə yanaşmasında göstərdi.

***


Kəlbəcərin daşı da, çiçəyi də, suyu da kəlbəcərlilər kimi xoşbəxtdir,

Onlar dil açıb “Biz sahibsiz deyilik, sahiblərimiz qayıtdı” deyirlər.

Ruhlar da bu köçlə Kəlbəcərə qayıtdı.

Dədə Şəmşir Sarıdağdan enib sazıyla elini salamladı.

Ənvər Rzanın “Nə yaxşı görüşdük, nə yaxşı yenə” kəlmələri yenidən dağlara səs saldı.

Məmməd Aslanın misraları bulaqların gözündən su kimi axdı.

Göylərdə süzən qartallar Bəhmən Vətənoğlunun səsini tanıyıb dayandı.

Sücaətin kövrək şeirləri Kəlbəcərin göylərində yenidən qanadlandı.

Kəlbəcərə köç şairlərin, sözün, sazın köçü idi.

***


Mən bu mənzərəni Urekidən izlədim. Otelin resepsionunda mənim AZƏRBAYCANLI olduğumu görən erməni adını, kimliyini gizlətdi, pasportunu uzatdı.

Onun baxışlarında Dəmir yumruğun izi vardı.

Həmin an özümü Kəlbəcərdə hiss etdim. Qara dənizin ləngərli səsi mənim üçün Tərtər çayının dağları bürüyən sədası oldu.

Urekidə olsam da, gecəmi Kəlbəcərdə keçirdim, gözümü sabaha Kəlbəcərdə açdım.

***


Kəlbəcərə köç yeni bir başlanğıcdır.

Millətin ürəyi indi daha güclü döyünür, Kəlbəcər möhtəşəmliyindən millətə də pay verir.

Şəhidlərin ruhu rahatdır.

Qayıdan hər addım, tikilən hər ev, açılan hər səhər Azərbaycanın gücünü bir daha dünyaya göstərir.

Və bu gücün bir adı var…

Dəmir Yumruq, Zəfər, Sabahlı Azərbaycan…

Sabahın xeyir, Kəlbəcər.

Elşad Eyvazlı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama