Modern.az

Telefon

Telefon

29 Aprel 2016, 10:13

Belə-belə işlər

Nə deyirsiz,  deyin - son zamanların ən səmərəli, ən gərəkli vasitələrindən biri əl telefonlarıdır ki, ona “cib telefonu” da deyirlər. İnanmıram dünyada bizdən çox bu telefonlara aşiq olan millət tapılsın. Hamının əlində görürük. Məhz əlində. Hələ o “nauşnik”i də qulağına soxub, musiqi dinləyənlər özgə aləmdi. Küçələr, avtobuslar, metro… telefonla doludur.

Avtobusla gəlirdik. Orta yaşlı bir qadın, 3-4 cəhddən sonra aradığı nömrəni yaxaladı:

- Aaz, karsınız, yoxsa korsunuz? Nə zanit, aaz, ay görməmişlər, bir belə danışmaq olar? Aaz, məni cin atına mindirmə, avtobusdayam, camaat eşidir, sən öl gəlib ağzına ağac soxaram! Kiri! Sənə söz tapşırmışdım, nouldu? Neçəyə deyir? Hinduşqanı? Aaz, o qiymətə hinduşqa olar, elə gedib erkək alıb kəsərəm. Noulsun yumurtduyur? O kimin səsidi? Sən Allah? Aaz, telfunu ver ona görüm. Salam, nətəhərsən? Uşaxlar nətəhərdi? O ilanvurmuş qaynanan hələ sağdı? Uy aaz, bir qırıq siçan dərmanı tapıb, ona verə bilmirsən? Zarafat eləyirəm. Balaca gədənin sünnətini elədiniz? Sən Allah? Ağladı? Uy onun xalası ölsün! Yəqin ağrıdıf dayna. O dəlləyin əli qurusun e, əli. Aaz, deyirlər indi lazerdi, nədi onnan eləyirlər e, ağrıdıb eləmir...

Metronun “Koroğlu” stansiyasından Zabrata qədər başqa bir xanım:

- Ə, yox, sənə layiq deyil. Həm də əyninə yekə olar. Papam da deyir da, deyir ona layiq deyil. O Bəhruzun oğlu birini almışdı, heç həftəsi tamam olmamış rəngi bozardı. Qıza da çox dardı da, əti-zadı pırtlayıb çıxır. Kökdü hə, çox kökdü. Onun başı batmasın. Ona görə heç kim almır da onu. Səhərdən axşama kimi, donuzdu elə bil, fısıldaya-fısıldaya yeyir. Ə, nə yemir ki? Daşdan yumşaq əlinə keçəni ötürür qarnına. Qarnı yansın onun. Bax sənin canın üçün, qonum-qonşunu inandıra bilmirəm ki, başı batmış hamilə deyil, qız uşağıdı. Ə, neynəsinlər, ölmüşün qarşı motal kimi dombalıb çıxıb. Şalvar? Ə, yox, ə, onun şalvarlıq vidi-fasonu var? Yox, sənə layiq deyil. Rəngi də xoşuma gəlmir. Ə, yox, e yox. Onu alma…

Və birdən qışqırdı:

- Şofer, saxla! Əşi, saxla daa… intiresni adamsan e, deyirəm saxla. Tez deyim? Nətəhər tez deyim? Görmürsən telefonla danışıram?

Hələ o gün metronun lap içərisində:

- Köpöy oğlu, sən öl səni dama soxduracam!... varsa, dur orda gəlirəm. Kül sənin kimi kişinin başına! Camaatın içinə nətəhər çıxırsan, ə, sən? Ağlın ona-buna getməsin! Evimə gəlmisən, vəssalam! Zaqsa da gedəcəksən, canın çıxacaq toy da eləyəcəksən. Nə? Bilmirdin ərə gedib, çıxmışam? Bilmirdin qırx üç yaşım var? Bilmirdin həə? İndi bilərsən! Bax, bu camaatın içində deyirəm. Sən öl, səni dama soxduracam. Bu qələti eləmisən, dalında da duracaqsan. Mən sənin üçün oyuncaq-zad deyiləm. Ağlın ona-buna getməsin…

Nə yaxşı ki, hamı eşitmirdi. Çoxunun qulağında “nauşnik” vardı…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!