Modern.az

Ölkədə məktəbəqədər təhsil müəssisələri çatışmır

Ölkədə məktəbəqədər təhsil müəssisələri çatışmır

Təhsil

27 Dekabr 2021, 12:25

"Ötən il gərgin və çox əlamətdar tarixi hadisələr yaşadıq. Xüsusilə, Vətən Müharibəsində qazandığımız qələbə, davam edən pandemiya və daha sonra postmüharibə dövrünün yaratdığı çətinliklərə baxmayaraq, ölkə başçısı və hökumət tərəfindən gender bərabərliyinin təmin edilməsi sahəsində bir çox mühüm hüquqi sənədlər təsdiq olundu".

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.

 

Onun sözlərinə görə, “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” və “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” gender əsaslı zorakılığın qarşısının alnmasında mübarizənin daha da gücləndirilməsində yeni imkanlar yaratdı:

 

"Milli Məclisə təqdim olunan Məlumatda gender bərabərliyi sahəsində dövlətin həyata keçirdiyi siyasət, qəbul olunmuş Qanun və onun ayrı-ayrı maddələri üzrə əldə olunan nailiyyətlər, qarşıda dayanan vəzifələr və perspektivlər öz əksini tapmışdır. Mən də bəzi fikirləri nəzərinizə çatdırmaq istərdim:

 

"Ölkə rəhbəri tərəfindən “Gələcəyə Baxış-2020 İnkişaf Konsepsiyası”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, 2019-2030-cu illər üzrə Məşğulluq Strategiyası və onun həyata keçirilməsi üzrə Tədbirlər Planı, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı təsdiq edilmişdir. Bu sənədlərdə qadın məşğulluğunun artırılması, qadınlar arasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, kənd yerlərində qadınların peşə hazırlığının gücləndirilməsi, startapların genişləndirilməsi, uşaq bağçalarının sayının artırılması üzrə tədbirlər nəzərdə tutulmuşdur.

 

Qeyd edim ki, qadınların aktiv sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul ola bilməməsi səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır. 1-5 yaşlı uşaqların cəmi 20,1%-i uşaq bağçası ilə əhatə olunub. Doğrudur, bu göstərici əvvəlki illərlə müqayisədə artmışdır və bu sahədə işlər davam edir. Bu bir çox ölkələrin, o cümlədən də inkişaf etmiş ölkələrin qarşısında dayanan problemdir. Qadınlar arasında işsizliyin səviyyəsi 8,4%, kişilərin arasında isə 6% təşkil edir. Lakin həm yerli həm də beynəlxalq hesabatlar növbəti illərdə vəziyyətin müsbətə doğru dəyişəcəyini bildirirlər. Əlbəttə ki, Azərbaycanda iqtisadi imkanların artması sahəsində atılan addımlar, ilk növbədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən bərpası və qurulması, bölgədə açılacaq kommunikasiya və loqistika layihələri, eləcə də kiçik və orta biznesin inkişafı, yeni müəssisələrin açılması işsizlik səviyyəsini getdikcə azalacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır