Ötən gün sosial şəbəkələrdə builki buraxılış və qəbul imtahanlarının tarixlərini əks etdirən cədvəl paylaşılıb.
Modern.az-ın məlumatına görə, paylaşılan cədvəldən görünür ki, bu il 11-ci siniflərin buraxılış imtahanları mart ayının 5-6 və 12-13 tarixlərində olacaq. 15 mayda rezidenturaya, 21 mayda III qrup, 22 mayda II qrup üzrə qəbul imtahanlarının birinci mərhələsi keçiriləcək.
Bu qeyri-rəsmi məlumata əsasən, 29 mayda magistraturaya qəbul imtahanının birinci mərhələsi, 4-5 iyunda I və IV qruplar üzrə bakalavriat imtahanlarının birinci cəhdi keçiriləcək.
19 iyunda rezidenturaya qəbul imtahanının ikinci mərhələsi, 6 iyulda III qrup, 7 iyulda II qrup, 20 iyulda I qrup, 21 iyulda IV qrup üzrə qəbul imtahanının ikinci cəhdi keçiriləcək.
Sosial şəbəkələrdə yayılan qeyri-rəsmi tarixlər abituryentlər və müəllimlər arasında çaşqınlığa, təəccübə səbəb olub. Nəzərə alsaq ki, dərslər iyun ayının 14-də yekunlaşır, onda 11-ci siniflərin buraxılış imtahanının martda keçirilməsi hansı məntiqlə əsaslandırılır?
Yayılan məlumatlarda iddia olunur ki, DİM-in hazırladığı bu cədvəllə bağlı məxfiliyi pozanlar onu sosial şəbəkələrə sızrımaqla ictimaiyyətin rəyini öyrənməyə çalışıblar.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, qeyri-rəsmi olaraq hansısa imtahan tarixi cədvəli yayıla bilər, amma DİM yaxın saatlarda bununla bağlı rəsmi açıqlama verəcək.
“İmtahanların qrafiki Dövlət İmthan Mərkəzinin saytı vasitəsilə yayımlanır. Yayılan qarfik tarixi qeyri-rəsmidir”,-deyə qurumun mətbuat xidmətindən saytımıza bildirilib.