Modern.az “...Partiyamızdır!” layihəsini davam etdirir. Bu dəfə son zamanlar ədəbi və siyasi gündəminin prioritetinə çevrilən Azərbaycan Demokrat Partiyası haqqında məlumat verəcəyik.
“27 Naxçıvanlı demokrat”
Azərbaycan Demokrat Partiyası 1991-ci ilin yanvar ayında Naxçıvanda 27 nəfərin iştirakı ilə yaradılıb. Bir müddət sonra isə muxtar respublikanın Nazirlər Kabineti tərəfindən qeydə alınıb. Ədliyyə Nazirliyi isə siyasi partiyalar haqqında qanun qəbul ediləndən sonra ADP-ni qeydiyyata alıb. 1993-cü ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən partiyanın mərkəzi qərargahı bundan sonra Bakıya köçürülür. Bundan sonra 1994-cü ildə partiyanın birinci qurultayında Sərdar Cəlaloğlu sədr seçilir.
“Ədalətsiz” ADP və spiker rəhbərliyi
1995-ci müstəqil Azərbaycanın tarixində keçirilən ilk parlament seçkiləri ərəfəsində ADP-nin qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən ləğv edilir. Bundan sonra isə ADP Ədalət partiyası ilə birləşir. Sədr isə İlyas İsmayılov seçilir. 1998-ci ildə isə eks spiker, mühacirətdə yaşayan Rəsul Quliyevin rəhbərlik etdiyi “Beynəlxalq Demokratiya və Ekologiya Fondu”, Demokratik Azərbaycan Partiyası və Demokratik Yol Partiyası ADP-yə birləşir. 2000-ci ildə isə ADP Ədalət partiyasından ayrılır və müstəqil fəaliyyət göstərir. Elə həmin ildə yenidən Ədliyyə Nazirliyi ADP-ni qeydiyyata alır. Partiyanın sədri isə keçmiş parlament sədri Rəsul Quliyev olur.
Partiya “transferləri”
Vaxtilə YAP-da təmsil olunan Akif Şahbazov və Mahir Əsədov sonradan bəyanat verərək ADP-yə keçirlər. Sonradan partiyanın Ali Məclisinin sədri olan Akif Şahbazov «fəaliyyəti ilə partiyanı parçalamaq həddinə gətirdiyinə və Rəsul Quliyevlə digər partiya rəhbərləri arasında əsassız fikir ayrılığı yaratdığına görə» ADP sıralarından xaric edilir. Bundan sonra isə Akif Şahbazov Açıq Cəmiyyət Partiyasının sədri olur. Lakin bir müddət keçəndən sonra sədrlikdən də imtina edir. Elmlər Akademiyasının keçmiş prezidenti Eldar Salayev də vaxtilə ADP-də təmsil olunan məşhur şəxslərdən biridir. Hazırda Azərbaycan Milli İstiqlal Partiyasının sədri olan Yusif Bağırzadə də ADP üzvlüyündən indiki məqama gəlib çatıb. Həmçinin lideri Rəsul Quliyev olan Açıq Cəmiyyət partiyasının hazırkı sədri Sülhəddin Əkbər Müsavatdan ADP-yə keçir. Daha sonra isə ACP sədri olur.
Rəsul Quliyevi gözləyən partiya
2003-cü il prezident seçkisində Rəsul Quliyev namizədliyini irəli sürsə də, Mərkəzi Seçki Komissiyası bunu təsdiq etmir. Elə bu dövrdə Demokrat Partiyanın baş katibi vəzifəsində olan Sərdar Cəlaloğlu 2003-cü il prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq aksiyada iştirak edən zamanı həbs olunur. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 4 il 6 ay həbs cəzası alır, 2005-ci ildə isə əfv olunur. Sərdar Cəlaloğlu həbs olunduğu zaman işgəncəyə məruz qalması iddiası ilə Avropa Məhkəməsinə müraciət edir. Məhkəmədə işgəncə hallarının araşdırılmadığı qənaətinə gələn Avropa İnsan Hüquqları Məhkəməsi 2007-ci il yanvarın 11-də 10 min avro kompensasiya ödənilməsi ilə bağlı qərar verir. Rəsul Quliyev 2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmaq məqsədilə vətənə qayıdarkən, Azərbaycan beynəlxalq hava limanı onun mindiyi təyyarəni qəbul etməkdən imtina edir. Buna görə də təyyarə məcburi olaraq Ukraynanın Simferopol şəhərinə enir. Orada Rəsul Quliyev həbs edilir. ABŞ və beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılır. 2011-ci ildə Strasburq Beynəlxalq Məhkəməsi onun 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində qələbə qazanması barədə qərar qəbul edib.
Bəs Sərdar Cəlaloğlu kimdir?
2007-ci ildə yenidən partiyanın sədri seçilən Sərdar Cəlaloğlu 2008-ci ildə prezident seçkisində namizədliyini irəli sürür. 2013-cü il prezident seçkisində iştirakla bağlı Sərdar Cəlaloğlu mətbuata dəqiq açıqlama verməyib. Xatırladaq ki, ADP “Qarabağ bloku” siyasi birliyində təmsil olunur.
S. Cəlaloğlu 1954-cü ildə Naxçıvanın Babək rayonunun Cəhri kəndində anadan olub. Ali təhsilini Azərbaycan Tibb Universitetində alıb. Siyasətçi ixtisasca məhkəmə-tibb ekspertidir. Həkimlikdən siyasət aləminə qədəm qoyan Sərdar müəllim Azərbaycan siyasi səhnəsində müxalifət düşərgəsinin nümayəndəsidir. Amma nədənsə aparıcı müxalifət partiyaları ilə heç mövqeyi üst-üstə düşmür.
Aqşin Kərimov