Modern.az

Qırmızı diplomlu məmurlar... - ARAŞDIRMA

Qırmızı diplomlu məmurlar... - ARAŞDIRMA

Təhsil

27 May 2023, 09:56

Son günlər mətbuatda fərqlənmə (qırmızı) diplomu ilə bağlı müzakirələr aktuallaşıb. Bir neçə gün əvvəl Milli Məclisin iclasında ali məktəbləri qırmızı diplomla bitirən məzunlara güzəşt edilməsi məsələsi gündəmə gətirilərək, bəzi təkliflər səsləndirilib.

 

Spikerin müavini Fəzail İbrahimli bildirib ki, universiteti qırmızı diplomla bitirənlər diplomda mürəkkəb qurumamış gedib hansısa iş yerində imtahan verirlər. O, həmçinin qeyd edib ki, hazırda ali məktəbləri qırmızı diplomla bitirənlərin zəhmətinə laqeyd yanaşılır:

 

"Bu, bir tarixdir və bunu bərpa etməliyik. Yoxsa tələbə niyə cəhd edib qırmızı diplom alsın?! Etiraf edək ki, bu gün qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçünsə arxivə çevrilib".

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə bildirib ki, həm ali təhsil, həm də orta ixtisas təhsili müəssisələrini fərqlənmə diplomu ilə bitirənlərə heç bir imtiyaz yoxdur.

 

“Əgər şəxs fərqlənmə diplomu, yüksək bilik, bacarıq və səriştələrə yiyələnmək üçün mübarizə aparırsa, mütəxəssis kimi təhsilini başa vurub ən yüksək biliyə malik olduğunu təsdiq edən fərqlənmə diplomu alırsa, o zaman niyə işə düzəlmək üçün yenidən test imtahanı verməli, müsabiqələrdən keçməlidir? Biz bunlardan hansını qiymətləndirməliyik? Dövlətin qərarı əsasında verilən diplom sual altınamı alınır, yoxsa həqiqətən də gerçəkliyi əks etdirir?”, - deyə komitə sədri vurğulayıb.

 

Elm və təhsil naziri Emin Əmrullayev məsələyə fərqli aspektdən yanaşır. Bu yaxınlarda mətbuat konfransı keçirən nazir özünün də universiteti qırmızı diplomla bitirdiyini deyib.

 

“Hansı güzəştlərin verilməsi təklif edilməlidir. Özəl sektor yalnız qırmızı diplom alanları işə götürə bilər. Dünya elə yerə gedir ki, diplomla öyünməklə yanaşı, bilik və bacarıq məsələsi də önə çıxır. Mən 2003-cü ildə qırmızı diplom almışam. Ancaq görün nə qədər vaxt keçib. Qırmızı diplom varsa, müsabiqəyə girmirəm deyə söhbət gedə bilməz”, - E.Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, tədris planındakı bütün fənlərdən qiymətlərinin ən azı 75%-i “əla”, qalanları isə yalnız "yaxşı" olan, dövlət imtahanı və buraxılış işinin müdafiəsindən “əla” qiymət alan məzunlar fərqlənmə diplomu alırlar. Ancaq qanunvericiliyə görə, fərqlənmə diplomu sahibinə əmək bazarında heç bir üstünlük qazandırmır. Yəni onlar "göy" diplomlu məzunlarla eyni hüquqlara malikdirlər və hər hansı güzəşt əldə edə bilmirlər. Məhz bu məsələ zaman-zaman tənqidi müzakirələrə gətirib çıxarır. 

 

Bəs Azərbaycanda yüksək vəzifə tutan hansı məmurlar universiteti fərqlənmə diplomu ilə bitirib? 

 

Modern.az mövzu ilə bağlı araşdırma aparıb.

 

 

Elm və təhsil naziri Emin Əmrullayev 1982-ci il 30 dekabr tarixində Bakı şəhərində anadan olub. O, 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib.

 

 

Daxili işlər naziri Vilayət Eyvazov qırmızı diplomlu nazirlər sırasındadır. O, 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 

 

 

Səhiyyə naziri Teymur Musayev 16 sentyabr 1970-cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunun nəzdində olan 1 saylı orta məktəbdə təhsilə başlayıb. 1981-ci ilə qədər burada təhsil alıb. 1981-ci ildən orta təhsilini Bakı şəhəri 189 saylı orta məktəbdə davam etdirib. O məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitunun 1-ci müalicə-proflaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

 

 

1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olan iqtisadiyyat naziri Mikayıl Cabbarov 1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib. O, 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb.

 

 

Xarici işlər naziri Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. O,1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bayramov ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 

 

 

Əhalinin əmək və sosial müdafiəsi naziri Sahil Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. 

 

 

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da fərqlənmə diplomu alanlar sırasındadır.

 

O, 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1984-1990-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1994-2000-ci illərdə “Azərbaycan” Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alıb. 2009-cu ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

 

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir. 

 

 

SOCAR-ın prezidenti Rövşən Nəcəf 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.

 

QEYD: təqdim etdiyimiz araşdırma yazısı dövlət qurumlarının rəsmi saytlarında yerləşdirilmiş məlumatlar əsasında hazırlanıb.

 

 

 

Turqay Musayeva

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır