Modern.az

Türkiyə-Azərbaycan Universiteti: Təhsil hansı dildə olacaq, necə idarə ediləcək.. - DETALLAR

Türkiyə-Azərbaycan Universiteti: Təhsil hansı dildə olacaq, necə idarə ediləcək.. - DETALLAR

Təhsil

21 Fevral 2024, 12:30

Fevralın 19-da “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. 

 

Prezident İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. "Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir", - dövlət başçısı vurğulayıb.

 

Modern.az-ın məlumarına görə, Türkiyənin “Milliyet” qəzetində universitetlə bağlı bir sıra detallar məlum olub.

 

Məlumatda bildirilir ki, universitetin yaradılması Türkiyə və Azərbaycan Prezidentləri tərəfindən dəstəklənir. ali təhsilə fərqli bir perspektiv gətirəcək universitetin mərkəzi binası paytaxt Bakı şəhərində yerləşəcək.

 

Universitet ilkin mərhələdə səhiyyə, mühəndislik və texnologiya (bilişim) sahələrində fəaliyyət göstərəcək, növbəti tədris ilində isə ilk tələbələrini qəbul edəcək. Bu universitet tamamilə yeni yaradılmış müəssisə olmayacaq, fərqli universitetlərin müxtəlif proqramlarını eyni dam altında birləşdirən “yeni nəsil” universitet olacaq.

 

Ali təhsil müəssisəsində tədris dili türk və ingilis dili olacaq. Bina xarici universitetlərin də istifadəsinə veriləcək. Məsələn, Sorbon və ya Yel universitetləri proqram əsasında bu binada təhsil vermək istəsələr, onlar da sistemdə iştirak edə bilərlər.

 

Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı hər iki ölkə prezidentinin nəzarəti altında imzalanmış protokoldan və baş verən hadisələrdən ortaya çıxan mühüm məqamlar təqdim edilib. Bildirilir ki, Türkiyənin ən nüfuzlu universitetlərini və ən yaxşı proqramlarını Bakıda bir araya gətirəcək.

 

Daha əvvəl oxşar məqsədlər üçün yaradılmış Qırğızıstan-Türkiyə Manas Universiteti və Ahmet Yesevi Universitetindən fərqli bir model olacaq.


İnzibati və maliyyə işləri Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin tərəfində olacaq.

 

Neçə proqram və neçə tələbənin təhsilə qəbul olunacağına yaxın günlərdə Azərbaycan tərəfi ilə görüşdə aydınlıq gətiriləcək.

 

O da bildirilib ki, Türkiyədə akademik biliklər qardaş Azərbaycana, bütün regiona və dünyaya ötürüləcək.

 

Universitet üçün maddi-texniki tələblər (torpaq, binalar, laboratoriyalar, avadanlıq və digər maliyyə xərcləri) Azərbaycan tərəfindən təmin edilir; akademik məsələlər (təhsil proqramları, tələbələrin müvəffəqiyyət səviyyələrinin qiymətləndirilməsi və s.) Türkiyə tərəfindən təmin ediləcək. Rektor və prorektorların necə seçiləcəyi və meyarların hansı olacağına qəyyumlar şurası qərar verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi