Modern.az

Qarabağ Universitetinin rektoru hansı keyfiyyətlərə sahib olacaq...

Qarabağ Universitetinin rektoru hansı keyfiyyətlərə sahib olacaq...

Təhsil

1 Mart 2024, 18:55

Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti bu il fəaliyyətə başlayacaq. 2024-2025-ci tədris ilində ali təhsil ocağına 1000 tələbə qəbul ediləcək, professor-müəllim heyəti isə 70 nəfərdən ibarət olacaq.

 

Universitetin proqram rəhbəri vəzifəsinə vakasiya elan edilsə də, hələlik rektor təyin edilməyib.

 

Maraqlıdır, Qarabağ Universitetinə rektorluq edəcək şəxsdə hansı keyfiyyətlər olmalıdır?

 

Modern.az-ın əməkdaşı bu sualı media üçün brifinq zamanı elm və təhsil naziri Emin Əmrullayevə ünvanlayıb.

 

Emin Əmrullayev suala cavab olaraq bildirib ki, rektor hər bir fakültənin akademikk muxtariyyətinə hörmətlə yanaşmalıdır.

 

"Səmimi olaraq, Qarabağ Universiteti ilə bağlı fikrimiz odur ki, sistem aşağıdan yuxarıya qurulsun. Daha çox dekanların və məktəblərin avtonomiyası olsun. Universiteti demokratik prinsiplərlə idarə edən rektorun olması önəmlidir. Yəni hər bir fakültənin akademik muxtariyyətinə hörmətlə yanaşa bilən rektor lazımdır. Bütün təsərrüfatı hər şeyi əlində sıxıb saxlayan, inzibati edən adam yox. Daha çox akademik lider və vizyonu olan adama ehtiyac var. Amma biz o mərhələyə gəlməmişik. Proqram rəhbərləri axtarırıq ki, daha sonra bunu edə bilək", - nazir qeyd edib.

 

Xatırladaq ki, ötən il Prezidentin İlham Əliyev sərəncamı ilə Azərbaycanda Qarabağ Universiteti yaradılıb. Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb. 

 

Yaxın 5 ildə universitetdə tələbə sayı 5 minə çatdırılacaq. Ali təhsil müəssisəsində 6 fakütlə fəaliyyət göstərəcək. Bunlar pedoqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, turizm fakültələri olacaq. Universitetdə təhsil ödənişsiz olacaq, tələbələr yataqxana ilə təmin ediləcək və təqaüdlər veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı