Modern.az

Təhsilin mediada əksi-problemlər, həllər...

Təhsilin mediada əksi-problemlər, həllər...

Təhsil

11 Aprel 2024, 13:42

Təhsilin mediada əksi-problemlər, həllər.

 

“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Heydər Əliyev. Xalqların, millətlərin tarixində inkişaf mərhələlərini gözdən keçirtdikdə, bu inkişafı şərtləndirən amilləri təhlil etdikdə alınan mənzərə eynidir-elm, təhsil və onların nəticələrinin istehsalata tədbiqi. Bu yerdə görkəmli ziyalı, maarifpərvər yazıçı Nəriman Nərimanovun bir kəlamını xatırlamaq yerinə düşür:

 

“Tarixə nəzər salsanız, yəni keçən millətlərin barəsində oxusanız, yəqin edərsiniz ki, heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Hansı millət ki, qabağa gedib, tərəqqi edibdir, ancaq elmin gücünə xoşbəxt olubdur”. Dünyanın sürətlə qloballaşdığı, elm və tərəqinin ön plana çıxdığı hazırkı dönəmdə “Elmsiz, biliksiz ölüdür insan” deyiminin həqiqət olduğu heç kimsəyə sirr deyil. Bəli, bütün dövlətlərin, millətlərin tərəqqisi riyazi dillə desək, elm və təhsillə paralel inkişaf edir. Fərq ancaq dövrün, zamanın diktə etdiyi suallardadır. Əgər iki əsr öncə Azərbaycan ziyalılarını “Bizə hansı elm lazımdır?” sualı düşündürürdüsə, indi verilən suallar da, alınan cavablar da zamanın gedişinə uyğun dəyişib, təzələnib. Dəyişilməyən əsas həqiqətsə budur ki, təhsil və onun necə təşkili, təhsil verənlərin keyfiyyəti, cəmiyyətin bu proseslərdə iştirakı, münasibəti, baxış bucağı əvvəlki kimi aktual olaraq qalır.


Azərbaycanda elm və təhsilin inkişafı ilə bağlı istər keçmiş sovetlər dönəmində, istərsə də dövlətimiz müstəqillik əldə etdikdən sonra çoxlu sayda qərarlar qəbul edilib, müxtəlif ölkələrin təhsil modelləri tədbiq olunub. İnsafən 70 illik sovetlər dönəmində bu sahədə nəzərə çarpacaq irəliləyişlər əldə olunub. Xatırlayaq ki, ötən-XX əsrin əvvələrində Azərbaycanda təhsilli adamların sayı barmaqla sayılacaq qədər idi. Məhz sovet təhsil sisteminin tədbiq etdiyi savadsızlığın kütləvi ləvği siyasəti nəticəsində əhalinin bütün yaş qrupları üzrə maariflənməsi həayata keçirildi, savadsızlıq zaman-zaman aradan qaldırıldı, əhalinin böyük əksəriyyəti oxuyub yazmağı öyrəndi. Bunu, sovet təhsil sisteminin Azərbaycana verdiyi ən böyük töhfəsi kimi dəyərləndirmək lazımdır. Ən azından ona görə ki, cənublu soydaşlarımız hələ də ana dilində orta və ali təhsil almaq hüququndan məhrumdurlar, onlara ancaq dini təhsil almaq şansı verilir.

 

Ölkəmiz müstəqillik qazandığı ilk illərdə təhsildə müəyyən geriləmələr, deyərdim ki,dayanmalar olsa da, ağrılı keçid dövrünün buzları ulu öndər H.Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra tədricən əriməyə başladı. Amma bu proses hələ bitməyib, davam edir. Çünki bu prosesin dayanması təhsil və elm sahəsində dinamik inkişafın dayanması demək olardı. İndi gələk əsas məsələyə. Ölkədə elm və təhsil sahəsində ardıcıl siyasət həyata keçirilir, inkişaflar əldə edilir və bu inkişafla paralel həllini gözləyən məsələlər ortaya çıxır. Bəs media bu proseslə yanaşı gedə bilirmi? Ədəbi terminlə ifadə etsək, tənqiqçi, təhlilçi rolunu oynaya bilirmi? Fikrimcə yox. Hazırkı dövrdə bu sahədə geriləmə göz qabağındadır. Çünki zaman elm və təhsilin həm forma, həm məzmunca sürətlə yenilənməsini tələb etdiyindən bu sahədə olan qanunvericilk də sürətlə dəyişilir, yeni təhsil modelləri tədbiq olunur,təhsil işçilərinin sertifikasiyası mərhələli şəkildə həyata keçirilir və s.

 

Hələki peşəkar media bütün bu proseslərin fonunda bir addım öndə olub onu əks etdirməkdənsə arxadan bu prosesi alaçiy əks etdirməklə kifayətlənir, açığı, sosial şəbəkələrdən çox -çox geri qalır. Etiraf edək ki, son illərdə sosial şəbəkələr peşəkar medianı da operativlik baxımından dalana dirəyib. Oxucu ilk xəbəri sosial şəbəkələrdən alır- görünütülü, görüntüsüz, səsli, mətnlə- fərqi yoxdur, alır. Amma fərq bu informasiyanın nə qədər dəqiq, qərəzsiz, səhih olmasındadır, həqiqəti əks etdirməsindədir və bu sahədə itirən oxucudur. O, sosial şəbəkələrin informasiya bununda, operativlik fonunda çox hallarda həqiqətdən yayındırılır, əks tərəfə yönləndirilir ki, bu da çox təhlükəli tendensiyadır!

 
Qeyd edək ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil istiqamətində də peşəkar, araşdırmaçı jurnalistlərə çox böyük ehtiyac duyulur. Belə jurnalistlərin ali təhsil müəssisələrində yetişdirilməsi jurnalistika təhsili verən ali təhsil müəssisələrinin vacib prioretiti olmalıdır. Təhsil mövzusunda yazan jurnalist zamanın nəbzini tuta bilmirsə, bu sahədən məlumatlı deyilsə, cəmiyyətlə təhsil müəssisələri arasında körpü rolunu oynaya bilmirsə, deməli, bu, jurnalistin yox, bütünlükdə jurnalistikamızın problemidir. Bəs çıxış yolu nədədir? Bununla bağlı bir neçə təklifim var:

 

1.Ali təhsil müəssisələrində jurnalist kadrlarının ixtisaslaşma əsasında hazırlanması;

 

2. Elm və Təhsil Nazirliyinin, Mətbuat şurasının, Medianın İnkişafı Agentliyinin təhsil sahəsindən yazan jurnalistlər üçün ixtisasartırma kurslarını təşkil etməsi, buraya təcrübəli jurnalistlərlə yanaşı ixtisaslı pedaqoqların, təhsl işçilərinin də cəlb edilməsi;


3. İnformasiya portallarının özündə bu sahədən yazan jurnalistlərin fərdi qaydada hazırlanması;


4. Təhsil mövzusunda yazan jurnalitlər arasında yaradıcılıq müsabiqələrinin
təşkili və s.


Bəs bu gün təhsil sahəsindən yazan jurnalistlərin önə çıxarmalı olduqları əsas mövzular nədir? İlk növbədə, müəllimin, məktəbin nüfuzu ilə bağlı yazıların hazırlanması. Həm də bu yazılar “ütülü” materiallar olmamalıdır. Nəzərə almaq lazımdır ki, medianın, ədəbiyyatın qəhrəman yetişdirmək missiyası hazırkı dönəmdə işləmir və oxucunu qətiyyən cəlb etmir. Əsas məsələ təqdim edilən müəllimin pedaqoji fəaliyyətinin yaxşı pis cəhətlərinin obyektiv təsviridir, xarakterinin, iş təcrübəsinin bəzək-düzəksiz, səmimi, təbii əksidir. Niyə şagird, tələbə bu müəllimi sevir?, bu məktəbi seçir? sualına cavabı jurnalist verməməlidir, o cavabı oxucu özü tapmalıdır, mətndə, videomaterialda, bədii oçerkdə! Eyni zamanda, təhsillə bağlı qanunçuluqda olan yeniliklərin araşdırılması, bu yeniliklərə peşəkar ekspertlərin yanaşması mediada əksini tapmalıdır.

 

İnformasiya portallarının, internet televiziyaların sayı durmadan artır. Hər il bu sıraya yeniləri əlavə olunur. Baxaq görək onlar arasında sırf elm və təhsillə bağlı olanlar nə qədərdir? Bir əlin barmaqlarının kifayət edəcəyi qədər! Niyə? Çünki təhsil sahəsi reklam cəlb etmək üçün cəlbedici deyil. Yeri gəlmişkən, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Təhsil” TV-nin fəaliyyətində ürəkaçan məqamlar çoxdur və günü-gündən təkmilləşmələr edilməsi, yeniliklərin tədbiqi onu geniş auditoriya üçün baxımlı edir. Amma düşünürəm ki, elə bu TV- nin işində də mövzu rəngarəngliyinə, forma yeniliyinə ehtiyac duyulur. Diqqət edən də görürük ki, sanki bu gün medianın, jurnalistlərin əsas missiyası təhsil sektorunda baş verən neqativləri gen-boluna əks etdirməkdir. Öz təcrübəmdən deyirəm. Çalışdığım Lənkəran Dövlət Universitetində son 5 ildə 3 yeni tədris korpusu, 2 tələbə yataqxanası, müəllimlər üçün xidməti evlər tikilib, yeməkxana istifadəyə verilib, Elmi kitabxana əsaslı təmir edilərək tam yenilənib, yeni, modern laboratoriyalar qurulub.

 

Bu ürəkaçan yenilikləri əks etdirən yazıları 1-2 təhsil saytından başqa heç bir informasiya portalı, KİV verməyə maraqlı deyil. Amma universitetdə hər hansı xoşagəlməz hadisə baş verəndə tam əksi olur- mətbuat xidmətinin telefonuna zənglərin ardı-arası kəsilmir! Neqativləri işıqlandırmaqda niyə belə maraqlıyıq? Bu sualın cavabı özü kimi qaranlıqdır və cəmiyyətin inkişafına işıqlı heç nə vəd etmir. Sosial şəbəkələrdə bu layk çoxluğu, informasiya portallarında isə reklam cəlbinə şərait yaratsa, baxış sayını artırsa belə...

 
“Futbol Şekspiri üstələyibdir” deyimini bu gün sosial şəbəkələr peşəkar medianı üstələyib şəklində ifadə etmək olar. Həm də qeyri-peşəkarlar jurnalistikanı, elə onun vacib qolu olan təhsil sahəsini ələ keçirib şəklində də...

 
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!