Modern.az

Universitet məzunları diplom almaq üçün DİM tərəfindən test edilməlidir - DEPUTAT

Universitet məzunları diplom almaq üçün DİM tərəfindən test edilməlidir - DEPUTAT

Təhsil

19 Aprel 2024, 16:12

... Bütün valideynlər “uşağımın ali təhsili olsun”, deyə repetitor tutur.... Şagirdlər 1 imtahanla universitetlərə qəbul olmalıdır...

 

Modern.az xəbər verir ki, bu fikirləri AzEdu.az-a müsahibəsində Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

 

- Qüdrət müəllim, sizin partiyada, komitədə təhsil sahəsiylə bağlı kimlərsə təmsil olunur?

 

-  Ali Məclisin sədri Vaqif bəy tarix elmləri doktorudur. Təhsilin və elmin problemlərini dərindən bilən biridir. Həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri Mahir bəy də Milli Elmlər Akademiyasında çalışır. Demək olar ki, bütün sahələr üzrə partiyada istedadlı insanlar var.

 

- O zaman belə bir sual vermək istərdik, sizcə, günümüzdə təhsillə bağlı hansı problemlər var?

 

- Təhsillə bağlı dəfələrlə parlamentdə çıxış edib demişəm ki, bütün valideynlər zülm çəkir. Bir  dəfə nazir Ceyhun Bayramov məni olimpiya mükafatçılarının təltif olunma mərasiminə dəvət edib. Tədbirdən sonra parlamentin iclasında çıxış edib dəhşətə gəldiyimi dilə gətirdim. Uşaqların çoxunun beli əyri, çəkiləri az, hamısı eynəklədir. Problemlərin kökü valideynlərin uşaqlarının düzgün qidalandırmaması ilə bağlıdır. Qeyd etmişdim ki, bütün valideynlər “təki uşağımın ali təhsili olsun”, deyə hamısı repetitor tutur. Gedin bir universitetə deyin ki, tələbələrinizin neçəsi repetitor yanına getmədən ali təhsil müəssisənizə qəbul olunub? Görün neçə nəfər əlin qaldıracaq? Bütün ölkə üzrə barmaqla sayılacaq 5,10 nəfər olar, ya yox? Bunu aradan qaldırmağın çox sadə yolu var.

 

- Nədir o yol?

 

- Bu yol orta məktəbin buraxılış imtahanları əsasında bütün sivil ölkələrdə olduğu kimi ali məktəblərə qəbulun həyata keçirilməsidir. Şagirdlər dəfələrlə deyil, yalnız 1 imtahan verməklə ali məktəbə qəbul oluna bilsinlər. Bu üsulla həm şagirdi stressdən qurtarmaq olur, həm də onlar bütün fənləri oxuyarlar. Hesab edirəm ki, bir qərarla bunu həll etmək olar. Siz soruşacaqsınız ki, qeyd etdiyim məsələni niyə hökümət etmir?  Çünki onlar bilir ki, müəllimlərə maaş az verilir və onlar camaatın hesabına dolanır.

 

- Son vaxtlar testlərin ləğvi ilə bağlı fikirlər səsləndirilir. Sizcə test üsulunun ləğvi faydalı ola bilərmi?

 

- Ümumiyyətlə, hesab edirəm ki, test üsulu çox faydalıdır. Mən də müəllim qarşısında əyləşib ali məktəbə qəbul olmaq üçün imtahan vermişəm. Bu prosesin şagirdlər üçün nə qədər stressli olduğunun şahidi olmuşam. Test üsulu ilə görün nə qədər kasıb uşaqlar ali məktəblərə qəbul ola bilib? İmtahan bir dəfə olmalıdır və şəxs onun nəticəsində universitetə qəbul olmalıdır.

 

-  Bu ildən etibarən ali məktəblərdə dövlət imtahanı ləğv edilib. Artıq tələbələr imtahan vermədən, yalnız istehsalat təcrübəsindən keçməklə, diplom ala biləcəklər. Bu məsələyə münasibətiniz necədir?

 

- Düşünürəm ki, universiteti bitirən tələbələr üçün test imtahanı həyata keçirilməlidir. O zaman həmin universitetlərin və rektorların faəliyyətinə də qiymət verilər. Elə universitetlər var ki, öncəliyi təkcə pul qazanmaqdır, təhsil vermək ikinci plandadır. Dünyada çox insanlar var ki, ali məktəbi oxuyub bitirə bilmirlər, sadəcə onlara sertifikat verirlər ki, filan universitetdə 4 il dinləyici olub. Lakin diplom ala bilmirlər. Bizdə də elə bir qaydanın tətbiqi yaxşı olardı. Diplom alan bəzi şəxslər yenidən gəlib dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı verirlər. Dövlət qulluğu üçün nəzərdə tutulan imtahan isə qəbul olmaq istəyənlərin ixtisasına uyğun deyil. Dövlət qulluğunda heç bir ixtisasa uyğun fənn olmur. Belə çıxır ki, ixtisasın heç bir rolu yoxdur. Bu da yanlışdır.

 

- Qeyd etdiyiniz məsələnin həlli üçün hansı addımlar atılmalıdır?

 

- Bu məsələnin həlli üçün bütün universitetlərdə ixtisasa uyğun test imtahanı həyata keçirilməlidir ki, həmin şəxsin sırf bacarıqlarına uyğun bilik səviyyəsi müəyyən edilsin. Məsələn, tarixi bitiribsə, tarixi, hüququ bitiribsə hüququ bilməlidir. Bəzən insanlar təhsillə bağlı yeni fikirlər eşitmək istəyirlər. Əslində yeni bir ideyaya ehtiyac yoxdur. Birinci təhsili inkişaf etdirmək üçün ilkin addımı atmaq lazımdır. Dünyanın keçdiyi inkişaf yolu var və biz də həmin yolla getməliyik.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir