Modern.az

Leyla Əliyeva dünya şöhrətli memara hədiyyə verdi - FOTOLAR

Leyla Əliyeva dünya şöhrətli memara hədiyyə verdi - FOTOLAR

Təhsil

5 Noyabr 2013, 23:21

Noyabrın 5-də Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatı olub.

Mərasimdə Azərbaycanın rəsmi şəxsləri, müxtəlif ölkələrdən nümayəndələr, tanınmış arxitektorlar və müasir memarlığın şah əsərlərindən olan Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli Zaha Hadid iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bu münasibətlə təşkil edilən konsertdə olublar.

Modern.az xəbər verir ki, nəzərlər yenidən müasir Bakının memarlıq rəmzi olan, qeyri-adi görünüşü ilə paytaxtımıza xüsusi yaraşıq verən Heydər Əliyev Mərkəzinin binasına yönəlmişdi. Mərkəzin binasının arxitektura təqdimatına həsr olunan mərasim Heydər Əliyev Mərkəzi ilə yaxından tanışlıq imkanı yaratmış, layihənin memarlıq özəlliklərini, Heydər Əliyev Mərkəzinin binasının dünya memarlığındakı rolunun diqqətə çatdırılması baxımından əhəmiyyətli hadisəyə çevrilmişdi.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov mərasimdə çıxış edərək deyib ki, Azərbaycan özünəməxsus memarlığı ilə daim fərqlənmişdir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün ölkəmizin yeni siması formalaşdırılır, paytaxt Bakını daha da gözəlləşdirən müasir memarlıq nümunələri yaradılır. Son illərdə Bakıda tikilən, ideya və arxitektura baxımından diqqəti cəlb edən nadir memarlıq nümunələrindən biri də Heydər Əliyev Mərkəzinin binasıdır.

Anar Ələkbərov bildirib ki, Zaha Hadidin müəllifi olduğu hər bir abidə kimi, Heydər Əliyev Mərkəzinin binası da arxitektura incəlikləri, dizaynı, xarici və daxili görünüşünün bir-birini tamamlaması, ümumiyyətlə, öz aurası ilə hamını heyran edir.

Mərkəzin direktoru öz nadirliyi ilə seçilən bu binanın layihəsini məhz doğma Bakımızda həyata keçirdiyinə görə Zaha Hadidə təşəkkürünü bildirib.

Sonra Heydər Əliyev Mərkəzinin memarı, arxitektura sahəsində nüfuzlu “Pritzker” mükafatının sahibi Zaha Hadid çıxış edib. O, Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dəvətə görə təşəkkürünü bildirib. Əslində, imkansız tapşırıq kimi görünən bu binanın inşasının onlar üçün gözəl təcrübə olduğunu deyən dünya şöhrətli memar Zaha Hadid layihənin uğurlu icrasında iştirak edənlərin hər birinə və komandasının üzvlərinə bir daha təşəkkürünü çatdırıb. 

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, Əməkdar Memar Elbəy Qasımzadə ötən əsrin əvvəlində olduğu kimi, bu gün də Azərbaycanda milli və Avropa memarlığının şah əsərlərinin yaradıldığını deyib. O, Zaha Hadidin Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçildiyini elan edərək “Akademik Mikayıl Hüseynov medalı”nı Zaha Hadidə təqdim edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görkəmli memar Zaha Hadid ilə görüşüblər.

Görüşdə Mərkəzin inşasının Azərbaycan dövlətinin və xalqının həyatında əlamətdar hadisə olduğu vurğulanıb.

Zaha Hadidə üzərində Heydər Əliyev Mərkəzinin binasının təsvir olunduğu xalça hədiyyə edilib.

Sonra Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatına həsr olunan konsert proqramı nümayiş etdirilib. Azərbaycan incəsənət ustaları maraqlı və rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Konsertdən sonra mərasim iştirakçılarının şərəfinə ziyafət verilib.

Heydər Əliyev Mərkəzinin binasının təməli 2007-ci il sentyabrın 10-da qoyulub. Tikinti işləri beş il davam edib və 2012-ci il  mayın 10-da Heydər Əliyev Mərkəzinin binasının rəsmi açılış mərasimi keçirilib. 

Kompleksin ümumi ərazisi 15,93 hektar, tikinti sahəsi 101.801m2, park (landşaft ərazi) 13.58 hektardır. Binanın ən hündür nöqtəsi 74.1 metrdir. Kompleksə əsas bina, yeraltı parkinq və park ərazisi daxildir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı