Modern.az

200-dən çox bal toplayanlar tələbə adını qazana biləcək - EKSPERTLƏR

200-dən çox bal toplayanlar tələbə adını qazana biləcək - EKSPERTLƏR

Təhsil

16 İyun 2024, 21:07

İyunun 14-də I və IV qrup üzrə qəbul imtahanlarının birinci cəhdinin nəticələri açıqlanıb. Bununla da İ cəhddə iştirak edən bütün abituriyentlərin imtahan nəticələri məlum olub.

 

İllər sonra imtahan verənlər arasında maksimum nəticə göstərən - 700 bal toplayan olub.

 

Belə ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı. 

 

Modern.az imtahanların ümumi nəticələri ilə bağlı təhsil ekspertləri arasında sorğu keçirib.

 

Elçin Əfəndi bildirib ki, artıq bütün qruplar üzrə nəticələr bəllidir:

 

“Apardığımız sorğu üzərindən demək olar ki, 600-dən yuxarı bal toplayan şagirdlərin sayı ötən illə  müqayisədə daha çoxluq təşkil edir. Amma ümumi olaraq zəif nəticə göstərən abituriyentlərin də sayı çoxdur. Xüsusilə II və III ixtisas qruplarında bunu müşahidə edirik. I və IV qruplarda isə daha yaxşı göstəricilər I ixtisas qrupu üzrə imtahan verən abituriyentlərdədir. İkinci cəhd imtahanında qyediyyatdan keçənlərin sayında da demək olar ki, hər dəqiqə artım var. I ixtisas qrupu üzrə faktiki olaraq qeydiyyatdan keçən abituriyentlərin sayı 16 min nəfər, II ixtisas qrupu üzrə 13 min, III ixtisas qrupu üzrə 16 mindən çox, IV ixtisas qrupu üzrə isə 4100 nəfərdən çoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, abituyentlərin böyük əksəriyyəti imtahan nəticələrindən razı deyil, buna görə də ikinci imtahanda iştirak etməkdə maraqlıdırlar. Bu il ümumi 60 min plan yeri ayrılıb. Müsabiqədə isə 85 minə yaxın abituriyent iştirak edir. Ümumi müsabiqədə iştirak edənlərlə plan yerlərinin sayını müqayisə etsək, təxminən 25 min nəfərə yaxın abituriyentin kənarda qalma ehtimalı var. Ona görə də abituriyentlər hər biri ixtisas qrupları üzrə keçid balını toplamalıdırlar. Yəni bəzi ixtisaslar üçün 150, digərləri üçün isə 200 bal toplanmalıdır ki, onlar müsabiqədə iştirak etsinlər. Gözləntimiz ikinci cəhd imtahanının bir qədər asan olmasıdır. Bunun səbəbi ondan ibarətdir ki, abituriyentlər birinci cəhddə buraxdıqları boşluqları ikinci imtahana qədər aradan qaldırmaqla uğurlu nəticələr qazana bilərlər”.

 

Kamran Əsədovun sözlərinə görə, martın 3-də və 10-da keçirilən imtahanlardan sonra elə bir təsəvvür yaranmışdı ki, abituyentlərin balları kifayət qədər yüksələcək:

 

“54 nəfərin buraxılış imtahanından maksimum bal toplamasından sonra ölkədə təhsillə bağlı o qədər də təcrübəsi olmayan şəxslər tərəfindən ən az 20 nəfərin 700 bal toplayacağı ilə bağlı cəmiyyətdə proqnozlar verilmişdi. Halbuki yalnız 1 nəfər 700 bal topladı, baxmayaraq ki, bu qrup üzrə 10 nəfər buraxılış imtahanında maksimum nəticə əldə etmişdi. Bilirik ki, ikinci cəhd imtahanı üçün qeydiyyat iyunun 19-a qədər uzadılıb. Amma bu günə qədər bu imtahanda iştirak etmək üçün çox az sayda abituriyent qeydiyyatdan keçib. Bu onu göstərir ki, birinci mərhələnin nəticələri abituriyentləri qane edir. Bu il ali təhsil müəssisələrinin qəbul plan yeri 60 min nəfər olacaq, Azərbaycanda 2 yeni universitet açılacaq. Ona görə də abituriyentlər həm plan yerlərinə, həm də əvvəlki illərdə formalaşmış ballara görə hesab edirlər ki, onlar tələbə adını qazana biləcəklər. Apardığımız tədqiqatlar göstərir ki, bütün ixtisas qrupları üzrə 200-dən çox bal toplayanlar tələbə adını qazana bilərlər. Amma prestijli və perspektivli ixtisaslarda yüksək bal formalaşacaq. Çünki birinci mərhələnin nəticələri kifayət qədər yüksək olub. Ona görə də ikinci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayının azlığı onu göstərir ki, nəticə onları qane edir. Amma hesab edirəm ki, bu yanlışdır. Digər tərəfdən havaların isti keçməsi, imtahanların çətin olması abituriyentləri yorur və onlar hesab edirlər ki, əldə etdikləri nəticələrlə minimum tələbə adını qazanacaqlar. Ona görə də prosesi dayandırıb istirahətləri ilə məşğuldurlar”.

 

Rizvan Fikrətoğlu qeyd edib ki, buraxılış mərhələsi ilə müqayisədə imtahanın blok mərhələsi daha çətin olub:

 

"Biz bunu ilin əvvəlindən verdiymiz bütün açıqlamalarımızda vurğulamışdıq. Yəni blok mərhələsinin buraxılış mərhələsi ilə müqayisədə çətin olacağı gözlənilən idi. Çünki buraxılış imtahanlarının nəticəsi 3 fənnin attestat qiymətlərinə və kollecə qəbula əsas yaradır. Bu baxımdan buraxılış imtahanlarının asan olması gözləniləndir. Lakin universitetə qəbuldan danışırıqsa, burada ölçmə meyarı bir qədər çətin ola bilər. Və bu çətinliyi nəticələrdən aydın görə bilirik. Bütün abituriyentlərə tövsiyəm odur ki, blok imtahanının II cəhdində iştirak etsinlər. İkinci cəhd imtahanına kimi hazırlaşmağa həm vaxt var, həm də növbəti cəhdin I cəhddən çətin olacağını düşünmürəm. Keçid ballarının, eləcə də ixtisaslar üzrə balların necə formalaşacağı barəsində dəqiq danışmaq hələ tezdir. İmtahanın II cəhdi hələ olmayıb, ümumi statistika hələ yoxdur. Lakin plan yerlərinin artdığını, yeni universitetlərin yarandığını nəzərə alsaq, abituriyentləri və onların valideynlərini təşvişə düşməməyə çağırıram. Ümumilikdə, qruplar üzrə danışsaq, II qrupla müqayisədə III ixtisas qrupunda rəqabət daha çoxdur”.

 

Rəşid Qarayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əhmədin məhkəməsində qalmaqal