Modern.az

“Abituriyentlər ixtisas seçimində bunlara diqqət etsinlər!” - Təhsil ekspertindən ÇAĞIRIŞ

“Abituriyentlər ixtisas seçimində bunlara diqqət etsinlər!” - Təhsil ekspertindən ÇAĞIRIŞ

Təhsil

24 İyul 2024, 15:56

Dövlət İmtahan Mərkəzi (DIM) tərəfindən 2024-2025-ci tədris ili üzrə ail məktəblərə keçirilən qəbul imtahanları artıq yekunlaşıb. DİM yaxın günlərdə universitetlər üzrə ixtisasların qəbul planı, təhsil haqqı, dövlət sifarişli və ödənişli yerlər barədə məlumatları açıqlayacaq. Həmçinin ümumi imtahan iştirakçılarının statistikası, bal aralıqları elan olunacaq. Ondan sonra abituriyentlər topladıqları bala uyğun olaraq ixtisas seçimini həyata keçirəcəklər. Abituriyentlərin ixtisas seçimi avqust ayının ortalarında aparılacaq və təxminən 10-12 gün davam edəcək, ardınca ali məktəblərə qəbul olinacaq abituriyentlərin nəticələri açıqlanacaq. Ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlərə orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi etmək üçün şans veriləcək.


Təhsil eksperti Ramin Nurəliyev Modern.az-a açıqlamasında abituriyentlər üçün ən əsas məsələdən ixtisas seçimindən danışıb.

“Əvvəlki illərin müşahidələri onu göstərir ki, aşağı bal toplayan və DiM tərəfindən tətbiq edilən limiti keçməyən bituriyentlər ali təhsil müəssisələrinə ixtisas seçimi edərkən bəzi nüanslara diqqət yetirmirlər. Belə ki, ixtisas qrupuna uyğun 190 bal toplayan abituriyent 200 bal limitini keçmədiyi və imtahanın ikinci mərhələsi üzrə 100 bal toplamadığı üçün ancaq məhdud ixtisaslara müraciət edə bilər. Abituriyent istəmədiyi və oxumağa qərarsız olduğu halda hər hansı bir region universitetini seçib arzulamadığı ixtisasa qəbul olunur. Sonradan abituriyent universitetdə qeydiyyatdan keçməkdən imtina edir və düşünür ki, kolleclərə müraciət edib qəbul olunar. Amma bilmir ki, abituriyent ali təhsil müəssisələrinə qəbul olunduqdan sonra bu ixtisasdan imtina etsə də, orta ixtisas müəssisələrinə (kolleclərə) müraciət edə bilmir.

Bu vəziyyətdə olan abituriyentlərə məsləhət görərdim ki, arzulamadığı və qəbul olunduqdan sonra imtina edəcəyi ixtisasları qətiyyən seçməsinlər”.
 

R.Nurəliyev xatırladıb ki, qəbul şərtlərinə əsasən, abituriyent 1-ci qrup üzrə bütün ixtisaslara müraciət etmək üçün ümumi balı 200-dən az olmamaqla yanaşı, imtahanın ikinci mərhələsində (blok imtahanı) ən azı 100 bal toplamalıdır. Blok imtahanında 50-100 bal arası nəticə göstərən 1-ci qrupun  abituriyenti yalnız meliorasiya mühəndisliyi; tenologiya müəllimliyi; ekologiya mühəndisliyi; aqronomluq; balıqçılıq; meşəçilik; şərabçılıq; torpaqşünaslıq və aqrokimya; yer quruluşu və daşınmaz əmlakın kadastrı; zoomühəndislik kimi ixtisasları seçə bilər. Əgər abituriyent bu ixtisaslardan birinə qəbul olunur, sonra da bəyənməyərək imtina edirsə, kolleclərə ixtisas seçimi yolu da bağlanmış olacaq. Həmçinin həmin ixtisas üzrə universitetdəki yer boş qalacaq. Bu vəziyyət digər abituriyentlərin şansının azalmasına təsir göstərəcək. Buna görə də, abituriyentlər seçim edəcəyi ixtisasları dəqiqləşdirməli, həmin ixtisasların gələcək karyerasına və əmək bazarına uyğunluğunu analiz etməlidir”.


Ekspert deyib ki, DİM tərəfindən tətbiq edilən blok imtahanı limitini keçməyən abituriyentin buraxılış imtahanı nəticəsi yüksəkdirsə, həmin abituriyent orta ixtisas müəssisələrinə müraciət edərək qəbul şansı əldə edə bilər.

“Müvafiq ixtisaslar üzrə 2 il kollecdə oxuduqdan sonra subbakalavr kimi universitetlərə də imtahansız qəbul olunma şansı qazanmaq mümkündür. Abituriyentin buraxılış imtahanındakı balı 150-dən çoxdursa, kolleclərdə tibb bacısı, mamalıq kimi ixtisaslara qəbul şansı da vardır. Bununla yanaşı, kompüter ixtisasları, pedoqoji, iqtisadiyyat sahəsi, turizm və digər ixtisaslar üzrə kolleclərə müraciət etmək də mümkündür.

Buna görə də, abituriyentlər ali təhsil müəssisələrinə ixtisas seçimi etdikdə sonradan peşman olmayacaqları ixtisasları seçməlidirlər. Xüsusilə də bu hal regionlarda kənd təsərrüfatı ixtisaslarını seçim edən qız abituriyentlərində daha çox müşahidə olunur”.


N.Nurəliyev bildirib ki, universitetlərdə boş yerlərin qalmaması, digər abituriyentlərin şansının azalmaması, kollec seçiminin məhdudlaşmaması üçün abituriyentlər diqqətli seçim etməlidir. Abituriyentlər ixtisas seçimindən əvvəl yazacağı ixtisasları analiz etməlidir. Əgər istəmədiyi ixtisası yazacaqsa və qəbul olunacaqsa, imtina etsə də kolleclərə qəbul şansını itirəcək.

“Unutmayın, sizin imtina edəcəyiniz hər hansı bir ixtisas başqa abituriyentin həyatının dəyişməsinə təsir göstərə bilər!”, - təhsil eksperti vurğulayıb.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri