Tarixin sınaqlarından qalibiyyətlə çıxmış torpaqlarda – Xankəndidə beynəlmiləl təhsil ocağı qurulur. Bir neçə onillik əvvəl Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərən və ərazilərimizin işğalı zamanı fəaliyyətini dayandıran bu ali təhsil ocağına yeni nəfəs qayıdır. Qarabağ Universiteti regionda təhsilin keyfiyyətini artırmaq, beynəlxalq akademik standartlara uyğun mütəxəssislər yetişdirmək və elmi tədqiqatların təşviqinə xidmət edəcək. Universitet, həmçinin, akademik və elmi mühitdə müasir tələblərə cavab verən innovativ metodları və resursları ilə bölgənin təhsil mənzərəsində əhəmiyyətli bir dönüşümə səbəb olacaq.
Şanlı Zəfər tariximizdən sonra Qarabağ Universitetinin ilk universitet olaraq yenidən qurulması mühüm sosial-siyasi əhəmiyyət daşımaqla yanaşı həm də mənəvi dəyər kəsb edir.
Qarabağ Universiteti XXI əsrin universiteti olaraq fərdi təhsil modeli əsasında təhsil verən, öyrənməyi əsas tutan, XXI əsrin vərdiş, bacarıq və kompetensiyalarının formalaşmasına zəmanət verən bir ali təhsil ocağı olacaq. Universitet, tələbələrə innovativ tədris metodları və beynəlxalq əməkdaşlıq vasitəsilə müasir təhsil standartlarına uyğun təhsil imkanları təqdim edəcək, onların akademik və peşəkar inkişafını dəstəkləyərək, qlobal əmək bazarında müvəffəqiyyət əldə etmələrini təmin edəcək
Modern.az Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədovla müsahibəni təqdim edir:
- Fariz müəllim, abituriyentlər niyə Qarabağ Universitetini seçməlidir?
- Düşünürəm ki, Qarabağ universiteti müasir təhsil və elm mühiti və zəngin sosial imkanları ilə abituriyentlərin uğur yolunda əvəzsiz bir tərəfdaş olacaq. Gələcəkdə təhsilin və elmin mərkəzində olmaq istəyən abituriyentlər üçün Qarabağ Universiteti akademik və peşəkar inkişafı maksimum dərəcədə dəstəkləyəcək ideal bir seçimdi.
- Tələbələrin beynəlxalq təhsil proqramlarında iştirakı üçün hansı layihələr həyata keçiriləcək?
- Təhsil və beynəlxalq proqramlar sahəsində Qarabağ Universiteti müasir standartlara uyğun təhsil proqramları təqdim edir. Qarabağ Universitetində təklif olunan İkili diplom proqramları vasitəsilə tələbələr, həm yerli, həm də beynəlxalq səviyyədə tanınan diplomlara sahib ola biləcəklər. Bu proqramlar, tələbələrin həm akademik biliklərini genişləndirməyə, həm də beynəlxalq təhsil mühitində təcrübə qazanmağa imkan tanıyır.
- Ali təhsildə nailiyyətlərin yüksəldilməsində əsas amillərdən biri də təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksək olmasıdır. Bu baxımdan Qarabağ Universitetinin professor – müəllim heyəti kimlərdən ibarətdir?
- Qarabağ Universitetində tələbələr yüksək keyfiyyətli təhsil təmin edən peşəkar, yerli və xarici professor heyəti ilə tanış olacaq. Professorlarımız, müxtəlif sahələrdə geniş və dərin biliklərə malik olmaqla yanaşı, həm də uzun müddətli təcrübəyə sahibdirlər. Bu akademik komanda, tələbələrə qabaqcıl elmi yanaşmalar, tədqiqat metodologiyaları və sahə mütəxəssislərinin praktiki təcrübələrini təqdim etməklə, təhsil prosesində mükəmməl bir tədris mühiti yaradacaq. Universitet, həmçinin, müasir texnologiyalar və interaktiv öyrənmə vasitələri ilə zənginləşdirilmiş tədris proqramları təqdim edəcək. Tələbələr, real dünya problemləri üzərində işləmək, startap layihələri hazırlamaq və beynəlxalq layihələrdə iştirak etmək imkanı əldə edərək, peşəkar dünyaya daha hazırlıqlı və yenilikçi bir şəkildə daxil olacaqlar. Eyni zamanda, universitet, müxtəlif sahələrdə təcrübə proqramları və mütəxəssis mentorluqları vasitəsilə tələbələrin nəzəri biliklərini praktik tətbiqlərlə möhkəmləndirəcək, beləliklə, tələbələr gələcəyin liderləri və mütəxəssisləri olmaq üçün bütün vasitələrə sahib olacaqlar.
- Qarabağ Universitetində magistratura və doktoranturaya qəbul aparılması üçün hansı işlər görülür?
- Bizim gözləntimiz ondan ibarətdir ki, Qarabağımızın adını daşıyacaq bu universitet müasir bir təhsil ocağı olaraq Azərbaycan ali təhsilini dünyada ən yaxşı səviyyədə təmsil etsin. Bunun üçün ilk növbədə bakalavr təhsili üçün keyfiyyətli təhsil proqramı hazırlamağı hədəfləmişik. Növbəti tədris illərində Qarabağ Universitetində həm magistratura, həm də doktorantura təhsili üçün imkanlar yaradılacaq.
- Tələbələrin sosial həyatı necə təmin ediləcək?
- Universitetimizdə tələbələr üçün sosial aktiv həyatın təmin olunması xüsusi diqqət mərkəzindədir. Dinamik tələbə həyatı çərçivəsində müxtəlif beynəlxalq tədbirlər, seminarlar və konfranslar təşkil olunacaq, bu da tələbələrə qlobal trendlərlə tanış olmaq və peşəkar əlaqələr qurmaq imkanı verir.
Bundan əlavə, tələbələr müasir idman zalları və geniş kitabxana imkanlarından faydalana biləcəklər. Universitetin müəllim heyəti, tələbələri tədqiqat layihələrinə, elmi müzakirələrə və digər akademik fəaliyyətlərə cəlb etməklə, onların təhsil və şəxsi inkişafını dəstəkləyəcək. Universitet, tələbələrin sosial məsuliyyətlərini artırmaq məqsədilə könüllü proqramlar və ictimai xidmət layihələri də təşkil edəcək, beləliklə, tələbələr cəmiyyətə töhfə vermək və liderlik bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Belə ki, Qarabağ Universiteti tələbələrə həm akademik, həm də şəxsi səviyyədə mükəmməl bir inkişaf mühiti təqdim edərək, onların gələcəkdə uğur qazanma potensialını maksimuma çatdıracaq.
- Yüksək adademik nailiyyətlər əldə edən tələbələrə hansı imtiyazlar gözləyir?
- İlk tədris ilində tələbələrimiz bir çox üstünlüklərdən faydalana biləcəklər. Qarabağ Universitetinə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparıldığından hər bir tələbə təqaüd alacaq. Qarabağ Universiteti, hər bir tələbəyə təqaüd təqdim etməklə yanaşı, yüksək akademik nailiyyətlər əldə edən tələbələrə əlavə təqaüd imkanı da təqdim edir.
- Universitet kampusunda tələbə yataqxanası barədə məlumat verərdiniz.
- Tələbələr üçün ödənişsiz və yüksək standartlara uyğun tikilmiş mənzil tipli yataqxanalarla təmin olunacaq. Bu müasir yataqxanalar, tələbələrə rahat və funksional yaşam təqdim edir. Hər bir tələbənin müasir kompüterlərlə təmin olunması, təhsil prosesini daha da asanlaşdıracaq və tələbələrə texnoloji dəstəyi təmin edəcək.
- Qarabağ Universitetini seçəcək abituriyentlərə mesajınız nədir?
- Qarabağ Universitetinin ilk tələbəsi olmaq, gələcəkdə həm şəxsi, həm də peşəkar sahədə qürurverici bir təcrübə olacağını hesab edirik. Gələcəkdə bu universitetdə təhsil alanlar, ölkəmizin müxtəlif sahələr üzrə inkişafına öz yüksək töhfələrini verə biləcəklər. Onlar müasir Azərbaycan tarixində zəfər qayıdışının iştirakçısı, Xankəndinin ilk sakinləri, Qarabağ Universitetinin ilk tələbələri, həmçinin 4 il sonra ilk məzunları olacaqlar.