“Dağlıq Qarabağ heç vaxt danışıqlarda müstəqil qurum kimi təmsil oluna bilməz”. Bunu Modern.az-a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, atəşkəs haqqında imzalanmış Bişkek protokoluna əsasən yalnız Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları danışıqlarda iştirak edə bilər. Onun sözlərinə zaman-zaman bəzi siyasi dairələr Dağlıq Qarabağdakı separatçı rejimi danışıqlara cəlb etmək istəyir. “Danışıqlar prosesinin tam hüquqlu olması üçün Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları da müzakirələrə cəlb olunmalıdır. Bu zaman danışıqlar prosesi dörd tərəfli formata çevriləcək”.
Siyasi ekspert vurğulayıb ki, bununla da ədalət bərpa edilmiş olar. Onun fikrincə, təcavüz edən tərəf Ermənistan və işğal olunan ərazilər Azərbaycanın olduğundan danışıqlar da bu iki ölkə arasında gedir: “Əgər danışıqlar formatını dəyişmək istəyirlərsə, burda da müstəqil statusa malik olan tərəfdən söhbət gedə bilməz”.
Xatırladaq ki, bu günlərdə ATƏT-in Minsk Qrupunun ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) regiona növbəti səfərlərini ediblər. Rusiyadan olan həmsədr Xankəndidə keçirilən brifinqdə Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb oluna biləcəyini istisna etməyib: “Güman edirik ki, əsa prinsiplər üzərində iş başa çatandan sonra, yəni sonrakı mərhələdə necə hərəkət etmək aydınlaşanda, Dağlıq Qarabağın danışıqlarda iştirakını müzakirə etmək olar”.
Aqşin Kərimov