“Milli Şura daxilində aydınlaşma tam davam etmir. Qurum daxilində olan partiyalar üçün də mahiyyət aydın deyil. Ona görə də Müsavat Partiyasının təşəbbüsü ilə ikitərəfli danışıqlar başlayıb. Danışıqlar nəticəsində məlum oldu ki, tərəflər bir-birlərini anlamırlar”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, Milli Şura fəaliyyətinin aydınlaşması məsələsi asan deyil: “Əvvəllər Rusiya ilə bağlılığı var idi, indi milliləşib. İkinci qaranlıq məsələ odur ki, Milli Şura kimlərin təsiri altındadır, onlar nə işlə məşğul olurlar. Milli Şura hansı məqsədləri qarşısına qoyub, o məsələləri yerinə yetirən hansı institutları var. Bütün bunları nəzərə alsaq, deyə bilərəm ki, Milli Şurada şəffaflıq yoxdur”.
ADP sədri qeyd edib ki, təşkilat antidemokratik formalaşdırıldığından məntiqini tutmaq çətindir: “Milli Şuradakı narazılıqlara baxanda sual yaranır ki, bu adamlar səmimi şəkildə birləşmişdilərsə, bir neçə ay içində necə oldu ki, müxtəlif istiqamətlərə parçalandılar”.
İlkin PİRƏLİ