Əcnəbi tələbə sayında artım müşahidə olunur.
Modern.az xəbər verir ki, 2024-2025-ci tədris ili üzrə 47 xarici tələbə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 36 nəfər Çin Xalq Respublikası vətəndaşı, 5 nəfər Qazaxıstan Respublikası vətəndaşı, 4 nəfər Tacikistan Respublikası vətəndaşı, 1 nəfər Serbiya Respublikası vətəndaşı və 1 nəfər Rumıniya vətəndaşı Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə təhsil almaq imkanı əldə edib. Bu da ötən ilə nisbətdə 62% (29 nəfər) artım deməkdir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində humanitar və sosial, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alacaqlar.
Hazırda yerli ali təhsil müəssisələrində 130-a yaxın beynəlxalq tələbə HTP çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universitetində təhsil alırlar.
Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə humanitar və sosial elmlər, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisas istiqamətləri üzrə təhsil alırlar. Qeyd olunan ixtisaslar üzrə tibb, humanitar və sosial elmlər, iqtisadiyyat və idarəetmə, təhsil ixtisası istiqamətləri üstünlük təşkil edir.
Son 5 ildə Azərbaycanda beynəlxalq tələbələrin təhsilalma dinamikası yüksələn istiqamətdə inkişaf etmişdir və bu artım 2024-cü ildə rekord səviyyəyə çatıb.
Hər il əcnəbi tələbə qəbulunda nəzərəçarpacaq yüksəliş müşahidə olunub.
- 2018/2019 tədris ili: 6,427 beynəlxalq tələbə
- 2019/2020 tədris ili: 6,615 beynəlxalq tələbə (artım: 2.9%)
- 2020/2021 tədris ili: 6,449 beynəlxalq tələbə (artım: -2.5%)
- 2021/2022 tədris ili: 7,332 beynəlxalq tələbə (artım: 13.7%)
- 2022/2023 tədris ili: 8,819 beynəlxalq tələbə (artım: 20.3%)
- 2023/2024 tədris ili: 9,912beynəlxalq tələbə (artım: 12,41%)
Qeyd edək ki, xüsusən də pandemiya dövründə belə, beynəlxalq tələbələrin artım tempində dayanıqlıq müşahidə olunub. Əlavə olaraq, 2024-2025-ci tədris ili üçün beynəlxalq tələbələrin sayında artım müşahidə olunur. Sözügedən rəqəm ilin sonunda açıqlanacaq.