Türkiyədə yaşanan son hadisələr dövlət sirlərinin üçüncü şəxslərin əlinə keçmə təhlükəsini gündəmə gətirib. Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. İddiaya görə, dekabrın 17-də üç nazir oğlunu və məşhur iş adamlarının həbs olunması ilə nəticələnən rüşvət və korrupsiya əməliyyatının arxasında rəsmi Ankaranın iqtisadiyyat sahəsindəki məxfi sənədlərini ələ keçirmək durur. Türkiyə iqtisadiyyatının beynəlxalq siyasətində əhəmiyyətli rol oynayan “Xalq Bank” vasitəsilə dövlət əhəmiyyətli sirlərin ələ keçirilməsi planının olduğu istisna edilmir. 11 milyondan çox müştərisi olan və 1 milyon 250 min şirkətin ticarət sirlərinin, Türkiyə təhlükəsizliyini sarsıdacaq gizli maliyyə hesabatlarının olduğu kompüterlərin müsadirə olunması “Bu informasiyalar kimin əlinə keçəcək” sualını gündəmə gətirib.
Sənədlər kimin əlindədir?
Bu barədə sözügedən qəzetə danışan, adının çəkilməsini istəməyən vəkil bildirib ki, əməliyyatı həyata keçirən polislərin sənədləri kimə verəcəyi bəlli deyil. “Əgər yaxın günlərdə internet səhifələrində, şəxslərə və qurumlara aid özəl bilgilər yerləşdirələrsə, heç kəs təəccüblənməsin. Bu qədər strateji sahələrə, bölgələrə polisin bu şəkildə müdaxiləsi kompensasiyası olmayan nəticələr doğura bilər”, -deyə həbs olunanlardan birinin vəkili qeyd edib.
Həqiqətən də məxfi sənədlər mövcuddur
Məsələ ilə bağlı “Sabah” qəzetinə danışan yüksək səviyyəli bürokratlardan biri də bunu istisna etməyib. O, bankda bir neçə kompüterə əl qoyulmasında İsrailin də barmağı olduğunu güman edib: “Əgər İsraillə bağlı bir təşkilat varsa, o zaman həmin konfidensial məlumatlar başqa ölkələrin əlinə keçə bilər”.
Hüquqşünasların rəyi
Türkiyə hüquqşünasları Türk Cəza Qanunun maddəlrini əsas gətirərək hesab edirlər ki, qrifli informasiyalar başqa dövlətlərin əlinə keçərsə, o zaman əməliyyatı həyata keçirən polislər qanun qarşısında cavab verəcəklər. Onların rəyinə görə, iddialar doğrudursa, polislər beynəlxalq cinayətkar casusluq şəbəkəsinə yardım ediblər.
Aqşin Kərimov