Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Məcburi köçkün gənclərin ictimai davranış qaydalarının formalaşdırılması” layihəsinə yekun vurub.
Layihə çərçivəsində Bakı, Xırdalan və Sumqayıt şəhərlərində fəaliyyət göstərən işğal olunmuş rayonların 10 tam orta ümumtəhsil məktəbini və həmin ərazidə məskunlaşmış məcburi köçkün gəncləri də əhatə edən marifləndirici seminarlar keçirilib.
Seminarlarda 900 nəfərdən artıq yeniyetmə və gəncin birbaşa, 2000 nəfərdən artıq yeniyetmə və gəncin isə dolayısı ilə layihənin işinə cəlb olunmaqla bəhrələnməsi təmin edilib.
Seminarlarda ekspertlər tərəfindən ictimai davranış qaydaları mövzusunda məruzələr dinlənilib.
Seminarlar zamanı “davranışın daxili hisslərin xaricdəki təzahürü olduğu”nu əsas gətirən ekspertlər uşaq yaşlarından ailədə və məktəbdə verilən düzgün tərbiyənin böyüməkdə olan gənc nəslin ictimai davranışlarında xüsusi rola malik olduğunu bildiriblər.
Ekspertlər ictimai davranışın birbaşa insanın sosial varlıq kimi digərlərinə ünsiyyət, münasibət əsasında yarandığını, şüurlu və ya şüursuz şəkildə digərlərinə təsir etdiyini göstərən əsas amillərdən olduğunu qeyd ediblər.
“Fərd kimi azadlığımız ictimai çərçivəyə mütləq sığmalıdır, çünki fərdin azadlığı digərinin azadlıq və rahatlığını pozmamalıdır”- fikrini əsas gətirən ekspertlər müasir cəmiyyətimizdə baş verən texnoloji yeniliklər, müasir İKT imkanları və s. ictimai davranışa təsiri mövzusunda düşüncələrini bölüşüblər.
Milli adət-ənənələrin böyüməkdə olan gənc nəslin ictimai davranışında xüsusi rola malik olduğu əsas amillərdən biri kimi qeyd edilib.
Keçirilən seminarlarda layihə iştirakçılarına papkalar, blaknotlar, marifləndirici materiallar, bukletlər və s. paylanılıb.