Modern.az

Mobil operatorlar nazir müavininin tariflərlə bağlı sözünü təsdiqləmir

Mobil operatorlar nazir müavininin tariflərlə bağlı sözünü təsdiqləmir

20 Dekabr 2013, 13:42

 “Azercell-də tariflərin azalacağı ilə bağlı məlumat yoxdur. Bu istiqamətdə hər hansı bir dəyişiklik olsa, əlbəttə, KİV vasitəsilə bütün abonentlərə məlumat veriləcək”. Bunu Modern.az-a açıqlamasında “Azercell” şirkətinin mətbuat xidmətindən bildiriblər.

“Bakcell”in mətbuat xidməti dəyişikliyin bazardan asılı olduğunu bildirilib: “Həm zənglər, həm də mobil internet xidməti üçün tarifləri kifayət qədər endirib və hazırda Azərbaycanda ən münasib mobil rabitə və mobil internet qiymətləri təklif edir. Şirkətimiz daim müştərilərinin mənafelərinə uyğun qiymət siyasəti yürüdür. Bununla yanaşı, mütəmadi olaraq abunəçilərimizə ən sərfəli danışıq və internet xidmətləri təklif edən kampaniyalar keçirir. Məsələn, Yeni il ərəfəsində abunəçilərimiz “İkiqat bonus” kampaniyasından yararlana bilirlər.
Tariflərin daha da aşağı salınması həm yerli, həm xarici bazardakı vəziyyətdən asılıdır. Bu baxımdan tariflərdəki hər hansı dəyişiklik bazarın tələblərinə uyğun olaraq həyata keçirilir”.

Qeyd edək ki, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında Azərbaycanda mövcud mobil rabitə tariflərinin azaldılması istiqamətində yeniliklər gözlənildiyini bildirib: “Bu istiqamətdə mobil operatorlar, eyni zamanda dövlət qurumları tərəfindən iş aparılır. Hazırda bu istiqamətdə müzakirələr aparılır. Müzakirələr başa çatdıqdan sonra konkret, detallı məlumat açıqlanacaq. Bu istiqamətdə addımların atılması gözlənilir və mobil rabitə sahəsində qiymətlərə dəyişikliklər ediləcək”.

“Nar Mobile” şirkətindən isə bunlar bildirildi: ““Nar Mobile” mobil operatoru bu gün özünün məhsul və xidmətlərini müştərilərinə mobil rabitə bazarında mövcud olan ən sərfəli qiymətlərlə təklif edir. Mobil operatorun göstərdiyi xidmətlərlə tətbiq etdiyi qiymət strategiyası arasında mütənasiblik vardır. Digər mobil operatorlarla müqayisədə “Nar Mobile” abunəçiləri qarşısında müstəsna əlverişli tarif paketləri ilə çıxış etdiyi üçün hal-hazırda, mobil rabitə tariflərinin aşağı salınması istiqamətində hər hansı bir ciddi dəyişikliyin edilməsi gözlənilmir.

Yeni il ərəfəsində təqdim olunan kampaniyalara gəldikdə isə, “Nar Mobile” bu yaxınlarda öz abunəçilərinə bol zəng, SMS və İnternet imkanı verən “3-ü 1-də” kimi sərfəli tarif paketləri təqdim edib. Müxtəlif və rəngarəng tarif paketləri ilə ölkə əhalisinin müxtəlif təbəqələrinin ehtiyaclarına cavab  verən “Nar Mobile”, abunəçiləri üçün qısamüddətli kampaniyalar həyata keçirmək əvəzinə, uzunmüddətli tarif planlarını təqdim etməyə üstünlük verərək insanlar üçün daha geniş rabitə imkanları yaradır”.     

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı