Açıq Cəmiyyət Partiyası (ACP) Suraxanı rayon təşkilatının sədri Rauf Hacıyev və Qaradağ rayon təşkilatının sədri Zeynal Həmidov partiyadan istefa veriblər. Bu barədə Modern.az-a R. Hacıyev məlumat verib. O, partiyadan istefa vermələrini eks-spiker Rəsul Quliyevin ACP sıralarını tərk etməsi ilə əlaqələndirib: “Mən cəbhədən Azərbaycan Demokrat Partiyasına (ADP) Rəsul Quliyevə görə keçmişdim. Rəsul bəy sonradan ACP-ni yaratdı, mən yenə də onun yanında oldum. Rəsul bəyin ACP-dən istefa verməsindən sonra qərara gəldik ki, partiyadan gedək. Hələ bir az gecikmişik. ACP-nin adını dəyişdirməyə çalışırlar, istəyirlər ki, Rəsul bəylə bağlı ACP-də bir şey qalmasın. Biz buna təəssüflənirik”.
R. Hacıyev “İstefa verənlərin yeni yaradılacaq “Yeni Nəfəs” Partiyasına qoşulacağı iddia olunur. Bu doğrudur” sualın belə cavab verib: “Rəsul Quliyev harada olacaqsa, onu dəstəkləyəcəyik. Rəsul bəy “Yeni Nəfəs”ə qoşulsa, biz də o partiyaya üzv olacağıq. Başqa heç bir halda hansısa partiyaya qoşulmayacağıq”
Xatırladaq ki, eks-spiker Rəsul Quliyev ACP-dən istefa verdikdən sonra, partiyanın Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva, Nəsimi rayon təşkilatının sədri Ağa Abdullaoğlu və partiya funksioneri Solmaz Ələsgərova istefa veriblər.
İlkin PİRƏLİ