Modern.az

“Həmməruzəçilərlə həmin görüşü boykot etmək lazımdır” - Ərəstun Oruclu

“Həmməruzəçilərlə həmin görüşü boykot etmək lazımdır” - Ərəstun Oruclu

21 Dekabr 2013, 14:15


“Prinsip etibarilə, bu, arxadan atılmış daş deməkdir. Çünki AŞPA rəsmilərinin, nümayəndələri seçkilərə münasibətlərini bildiriblər. Bundan sonra onların nə deyəcəyi, nə soruşacağı əhəmiyyətsizdir”.

Bunu Modern.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı danışarkən deyib. Ə.Oruclu qeyd edib ki, həmməruzəçilərlə görüşü boykot etmək lazımdır: “Burada sualı belə qoymaq lazımdır, müxalifət və QHT-lər onlarla görüşə ehtiyac duyurmu? AŞPA-nın nümayəndələrini Azərbaycanda insan haqlarının durumuna, seçkilərə, fundamental hüquq və azadlıqlara olan münasibətinə görə görüşü, sadəcə, boykot etmək lazımdır. Bu qurumun Azərbaycanda demokratiyanın inkişafına ziyanından başqa, zərrə qədər də faydası yoxdur. Bu, mənim mövqeyimdir”.

Politoloq vurğulayıb ki, bu məsələlərdə söhbət müxalifətin və ya iqtidarın xeyirindən getmir: “Söhbət hüquq və azadlıqların, dəyərlərin durumundan gedir. Bu məsələlərdə onların fəaliyyəti yalnız və yalnız ziyan verir. Ona görə də onlarla görüşməyə dəyməz. Onların olması Azərbaycan üçün olmamasından daha baha başa gəlir”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrexin və Pedro Aqramuntun gələn ilin əvvəlində Azərbaycana səfəri planlaşdırılır. Səfər zamanı həmməruzəçilər Azərbaycanda rəsmi şəxslər, siyasi partiyalar və QHT nümayəndələri ilə görüşlər keçirəcəklər. Səfərin əsas məqsədi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı vəziyyəti müşahidə etməkdir.

İlkin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı