Türkiyədə baş verən hadisələr Azərbaycanın da diqqətindən yayınmır. Türkiyəni Azərbaycanın ən yaxın müttəfiqi olduğundan bu ölkədəki cərəyan edən proseslər, siyasi çəkişmələr daim müzakirə mövzusu olur. Bu mənada Türkiyədə fəaliyyət göstərən aparıcı siyasi partiyaların Azərbaycanla bağlı mövqeləri də maraq doğurmaya bilməz. Türkiyənin hakim AKP və müxalifət partiyaları olan MHP, CHP zaman-zaman Azərbaycanla bağlı məsələlərdən yan keçməməklə təxminən eyni istiqamətdə çıxışlara yer verirlər. Ancaq Azərbaycana ən yaxın MHP-nin olduğunu da vurğulamağa əsas verən amillər də az deyil.
Politoloq Qabil Hüseynli Modern.az saytına Türkiyə partiyalarının Azərbaycanla bağlı mövqeyini şərh edib. Siyasi ekspert hesab edir ki, Azərbaycanla bağlı ən obyektiv yanaşma qoyan MHP-dir.
“Azərbaycanın Qarabağla bağlı problemini ən çox qabardan, Türkiyə parlamentində Xocalı soyqırımı məsələsini qaldıran məhz MHP-dir. Azərbaycanla bağlı məsələlərdə türkçü, milliyyətçi mövqeyə MHP malikdir”-deyə Q. Hüseynli bildirib. Politoloq deyilənlərlə yanaşı MHP-nin Türkiyə siyasi səhnəsində rəsmi Ankara ilə bağlı sərgilədiyi mövqeyi də tənqid edib.
“Türkiyədəki məlum rüşvət və korrupsiya əməliyyatlarından sonra CHP sərt açıqlamalar versə də, MHP prinsipial mövqeyi ilə seçilmir. MHP CHP ilə birləşərək AKP-nin rüşvət olaylarına, hakim partiyanın polis rəisləri, prokurorları dəyişməsi ilə əlaqədar siyasətinə güclü etiraz etmək əvəzinə ya susur, ya da sadəcə yazılı bəyanatlar verir. MHP-nin AKP-yə qarşı müxalif mövqeyinin kifayət qədər kəskin olmadığının qənatindəyəm. Ancaq yenə deyirəm, MHP-nin AKP siyasəti onun Azərbaycanla bağlı mövqeyinə heç bir təsir etməyəcək. MHP Azərbaycanla bağlı məsələlərdə ən sədaqətli və prinsipial mövqeyə malikdir”.
Analitik CHP-nin Azərbaycan siyasətini də şərh edib.
“CHP millətçi-solçu partiyadır. Bu partiyada Azərbaycan işində prinsipial mövqe tutur. AKP türk sözünü belə dilinə almır elə bil dilləri quruyar. AKP islam ümmət, müsəlman anlayışlarını dövriyyəyə buraxır. Ancaq CHP-də belə bir hal yoxdur”-deyə Q. Hüseynli qeyd edib.
Aqşin Kərimov