Əsrlər boyu yaşayan Bakının qədimliyi onun İçərişəhəri və Qız Qalası ilə qeyd olunur. Müxtəlif ölkələrdən gələn turistlərə də ilk öncə Bakının bu məkanlarını gəzdirirlər. İçərişəhərdə aparılan restovrasiya işlərindən sonra burada qədimlikdən əsər-əlamət qalmadığı qeyd olunurdu. Elə bu yaxınlarda təmirdən sonra açılışı olan Qız Qalasının da qədimliyi yoxa çıxıb. 2012-ci ilin oktyabrın 8-dən Qız Qalasında restovrasiya işləri aparılıb. Yeni il ərəfəsində isə qala turistlərin və şəhər sakinlərinə açıq elan edildi.
Mən də yeni görkəmli Qız Qalasını görməyə tələsənlərdən idim. Biletimi alıb, taxta qapılardan qalaya daxil oluram. Bura ilk dəfə orta məktəb illərində gəlmişdim. O zaman qalanın hər daşında hiss edilən qədimliyi məni çox həyacanlandırırdı. Amma bu dəfə tamam başqa mənzərə ilə rastlaşdım. İçəri daxil olan kimi yonulmuş daşlar və cilalanmış divarlar həmin qədimlikdən əsər-əlamətin olmadığını göstərirdi. Dəmir pillələrlə yuxarı qalxıram.
Bura gələn qonaqlar hər mərtəbədə yeni quraşdırılmış texniki avadanlıqlar, elektron kitablar, elektron lövhələr, süni ulduzları izləmək üçün lövhə, Qız Qalasının daxili maketi və s. görə bilərlər. Eyni zamanda İçərişəhərin elektron xəritəsi də gələn tursitləri və qonaqları qədim Bakı ilə tanış etməyə yardımçı olur. Işıqlandırılmış qalada yeni texnologiyalar diqqəti cəlb etsə də, hər mərtəbədə olan bələdçilər gələn qonaqları məlumatlandırmağa o qədər də səy göstərmirlər. Yalnız turistlərin müəyyən suallarından sonra onlara nəsə başa salınır. Qalaya ziyarətə gələn uşaqlar isə elə mərtəbələri çıxıb lap zirvədən şəhəri seyr edib heç bir məlumat almadan aşağı düşürlər. Bələdçilərin izahları da elədir ki, bununla onların nəsə bildiyinə də şübhə ilə yanaşırsan.
Son mərtəbəyə qalxıb açıq səmadan ətrafı seyr edirəm. Burada qalanın kənar sahələrindən uzaq tutmaq üçün şüşə sədd çəkilib. Bu da təsadüfi deyil. Əvvəlki illərdə özünü qaladan atanların sayının çoxluğu təmir zamanı bu məqama diqqət yetirməyə rəvac verib.
Qalanın zirvəsindən gözlərimin önündə qədim Bakını canlandırmağa çalışıram. Amma bu dəfə hansısa qədim binadan qədim Bakını canlandıra bilmirəm, çünki gördüklərim məndə elə təəssürat yaradır ki, bu bina şəhərdə ucalan saysız-hesabsız tikililərdən biridir və onun ən yuxarı mərtəbəsindən şəhəri seyr edirəm.
Aytən ƏLİYEVA