Avropa Şurası Parlament Assambleyasına (AŞPA) bundan sonra Liberal-demokrat Alyansı fraksiyasının rəhbəri An Brasser sədrlik edəcək. Qeyd edək ki, yeni sədr Azərbaycana qarşı tənqidi münasibəti ilə tanınır. Modern.az saytı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərindən A.Brasserdən gözləntilərini öyrənib.
Milli Məclisin deputatı Aydın Abbasov A.Brasserin Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi mövqeyinin bundan sonra da davam edəcəyini istisna etməyib. Onun sözlərinə görə A.Brasser qərəzli mövqelərini təkrar etsə, lazımı cavabını alacaq.
“Ölkə prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın maraqlarına uyğun siyasət yeridilir. Azərbaycan üçün daha çox bir təşkilatın mövqeyi önəmlidir. Əgər rəsmi Bakıya qarşı hər hansı qərəzli mövqe olarsa, Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi bu məsələlərlə bağlı açıqlama verəcək. Azərbaycana qarşı neqativ hal olarsa, AŞPA-dakı nümayəndə heyətimiz də bunun qarşısını almağa hazırdır”-deyə A.Abbasov bildirib. Deputat onu da qeyd edib ki, bütün ehtimallara baxmayaraq A. Brasserin gələcək fəaliyyəti haqqında proqnozlar səsləndirmək tezdir.
“Azərbaycana qarşı qurumun mövqeyi bəllidir. Bunu hamımız müşahidə edirik. Avropa Şurası Azərbaycanla bağlı müsbət fikirlərini səsləndirməklə öz tövsiyələrini də verir”.
Millət vəkili Rövşən Rzayev vurğulayıb ki, yeni sədrin perspektiv fəaliyyəti haqqında şərh vermək tezdir.
Aqşin Kərimov